Ukrayna böhranı ətrafında yaranmış vəziyyət Ermənistan cəmiyyətində gələcəyə yönəlik müəyyən ümidlər yaranıb. İndi erməni toplumu Ukraynanın separatçı Donbas və Luqansk əyalətlərini Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə müqayisə etməyə xüsusi həvəs göstərirlər. Yəni, Rusiyanın Ukraynadakı rus separatçılarla Azərbaycandakı erməni separatçılara münasibətinin tədricən paralellik təşkil edə biləcəyini düşünürlər.
Məsələ ondadır ki, Rusiya Dövlət Duması Ukraynaya məxsus separatçı Donbas və Luqansk bölgələrinin müstəqilliyinin tanınması barədə sənəd qəbul edib. Həmin sənəd imzalanması üçün Rusiya prezidenti Vladimir Putinə göndərilib. Böyük ehtimalla bu addım Kremlin bu addımı həm ABŞ və Qərbə, həm də Ukraynaya qarşı gələcək təzyiq faktoru rolunu oynayır.
Ancaq Ermənistan cəmiyyətində Rusiyanın bu davranışlarından ermənilər separatçılarının gələcək taleyi ilə bağlı uzaqgedən nəticələr çıxartmağa çalışırlar. Son vaxtlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə erməni separatçıların özlərini daha sərbəst aparmağa çalışması da məhz bu yanlış təsəvvürlərdən qaynaqlanır. Və bu, yaxın gələcəkdə həm Ermənistan, həm də erməni separatçılar üçün olduqca baha başa gələ bilər.
Buna baxmayaraq, rəsmi İrəvan “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzusuna yenidən qayıtmağa can atır. Ermənistan Xarici İşlər Nazirliyinin son açıqlamalarında bu mövzuların yenidən qabardılması cəhdlərinə daha tez-tez rast gəlinməyə başlanıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə, bu mövzulara müraciət etməyə cəsarət göstərir.
Məsələ ondadır ki, rəsmi İrəvan son vaxtlara qədər bu mövzulara daha ehtiyatlı yanaşırdı. Paşinyan hakimiyyəti rəsmi Bakını qıcıqlandıracaq mövqedən uzaq durmağa üstünlük verirdi. Ona görə də Ermənistan cəmiyyətində belə rəy yaranmışdı ki, Paşinyan hakimiyyəti Xankəndi və ətraf bölgənin Azərbaycan ərazisi olması ilə barışıb. Və Ermənistan keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan baş nazir N.Paşinyanı “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı problemlərdən “yaxasını qurtarmaq” cəhdlərində, rəsmi Bakının təlimatlarına boyun əyməkdə suçlayırdı.
Maraqlıdır ki, indi Donbas və Luqansk separatçıları ətrafında cərəyan edən proseslər Ermənistan baş naziri Nikol Paşinyanı da populist açıqlamalara həvəsləndirib. Erməni baş nazir Ermənistanın sülh şəraitində inkişaf etmək perspektivlərindən danışıb. Və bildirib ki, Ermənistanın sülh şəraitində inkişafı “artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına cəhd göztərmək imkanları verəcək.
Ancaq erməni baş nazirin unutduğu və ya etirf etməyə həvəs göstərmədiyi önəmli bir məqam da var. Ermənistanın sülh şəraitində inkişafı məhz Azərbaycan və Türkiyədən birbaşa asılıdır. Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qura bilməzsə, Ermənistan nəinki sülh şəraitində inkişaf edə bilməz, hətta dövlət kimi mövcudluğu belə, ciddi təhlükə altında qala bilər.
Digər tərəfdən, rəsmi Bakı Ermənistanın “müstəqilliyini” tanıtmağa ümid bəslədiyi “artsax” separatizminin bitirilməsi istiqamətində konkret addımlar atmağa da hazırlaşır. Azərbaycanın Baş Prokurorluğunun separatçıların rəhbəri Araik Arutyunyana qarşı cinayət işi açması və onun həbs edilməsi barədə qərar verməsi rəsmi İrəvana ciddi mesajdır. Yəni, Paşinyan hakimiyyəti Ukrayna böhranı ətrafında cərəyan edən proseslərdən yanlış nəticələr çıxarıb, “qırmızı cizgiləri” aşmağa çalışmamalıdır. Bu, Ermənistan üçün növbəti savaş və daha ağır məğlubiyyət vəd edir.
Belə bir təhlükənin tamamilə real olduğunu Ermənistanın siyasi elitasına daxil olan bəzi şəxslərdə anlayırlar. Bir müddət öncə Paşinyan hakimiyyətini Azərbaycana qarşı daha sərt addımlar atmağa və “artsax” ətrafında uzunmüddətli sülh şəraitinin yaradılması üçün Ermənistan ordusunun gücündən istifadə etməyə çağıran R.Köçəryana erməni deputat Qurgen Arsenyanın verdiyi reaksiya da bunu təsdiqləyir. Və onun açıqlaması real vəziyyətin hansı geopolitik şərtlərə uyğun olduğunu göstərir.
Erməni deputat vurğulayıb ki, Xankəndi və ətraf bölgədə Ermənistan deyil, məhz Azərbaycan ordusu sülhün və sabitliyin təminatçısı rolunda çıxış edir: “Robert Köçəryan öz açıqlamaları ilə Ermənistan və Azərbaycan arasında yeni silahlı münaqişəyə səbəb ola biləcəyini deyəsən, anlamır. Mən bir deputat kimi anlayıram ki, Azərbaycanla yeni müharibə Ermənsitan üçün dağıdıcı ola bilər. Hipnoz altında nə qədər yaşamaq olar? Uşaqları nə qədər hipnoz edib, kodlaşdırmaq olar ki, “sizin artıq düşməniniz var...”
Deputat Qurgen Arsenyan Qarabağ klanının rəhbəri R.Köçəryana xatırladıb ki, Xankəndi və ətraf bölgənin yerləşdiyi ərazilərdə Ermənistanın deyil, məhz Azərbaycanın ordusu mövcuddur: “Əgər, biz reallığa uyğun düşünməyi bacaran siyasətçiləriksə, onda anlamalıyıq ki, problemin həllinə yalnız ordusu həmin ərazidə olan dövlət birbaşa təsir göstərə bilər”.
Göründüyü kimi, əslində, baş nazir N.Paşinyan da, onun siyasi rəqibi R.Köçəryan da sadəcə, Ermənistan cəmiyyətinin rəğbətini qazanmaq üçün populizm yarışı ilə məşğuldurlar. Onların populist açıqlamaları ilə yanaşı, reallığı və mövcud geopolitik şərtləri tam ciddiliyi qəbul etməyi bacaran erməni siyasətçiləri də hər halda, olmamış deyil. Hətta belələri olmasaydı da heç nə dəyişməzdi. Çünki Ukrayna böhranı ətrafında yaranmış vəziyyət əslində, rəsmi İrəvan üçün elə bir müsbət nəticə vəd etmir.
Məsələ ondadır ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ölkəsinin Ukraynaya qarşı işğal planlaşdırmadığı barədə Kremlin mövqeyini təkrarlayıb. Rusiya səfiri "Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Donbas və Luqansk bölgələrini Ukraynanın bir hissəsi kimi qəbul edirik” deyib. Bu, onu göstərir ki, Rusiya Dövlət Duması “Donbas və Luqansk bölgələrinin müstəqilliyini tanımaq” barədə sənəd qəbul etsə də, Kreml bu istiqamətdə yekun addımı atmaq niyyətindən hələ çox uzaqdır.
Belə olan təqdirdə, Paşinyan hakimiyyətinin Rusiyanın Ukrayna böhranına yönəlik siyasətindən Ermənistana da “sərfəli pay” düşəcəyinə ümid bəsləməsi tamamilə məntiqsiz görünür. Bu isə o deməkdir ki, rəsmi İrəvan prosesləri proqnozlaşdırmaq qabiliyyətinə malik deyil, daha çox hadisələrin arxası ilə sürünməyə üstünlük verir. Və belə vəziyyətdə geopolitik proseslərdə uğur qazanmaq şansı qətiyyən real görünmür.
Ancaq rəsmi İrəvanın “Donbas ümidləri”nə sarsıdıcı zərbə yalnız bunlarla məhdudlaşmır. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya planlaşdırılan rəsmi səfəri də Ermənistanda məyusluq yarada biləcək nəticələr vəd edir. Kremldən verilən məlumata görə, bu səfər çərçivəsində iki ölkə prezidenti Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vəziyyətini, o cümlədən, Cənubi Qafqazda iqtisadi münasibətlərin və nəqliyyat xətlərinin bərpası ilə bağlı məsələləri müzakirə edəcəklər. Azərbaycan və Rusiya prezidentləri siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafının bütün spektrlərini müzakirə etmək niyyətindədirlər.
Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfəri ilə bağlı daha bir önəmli məqam mövcuddur. Belə ki, bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasında “Qarşılıqlı müttəfiqlik haqqında” bəyannamə imzalayacaqları da bildirilir. Və bu, Azərbaycan-Rusiya münasibətlərinin tezliklə müttəfiqlik səviyyəsinə yüksələ biləcəyindən xəbər verir.
Ona görə də, indi Paşinyan hakimiyyəti “Donbas ümidləri”nə bir də bu “pəncərə”dən baxmaq məcburiyyətindədir. Hər halda, Azərbaycanla müttəfiqlik münasibətləri qurmağa çalışan Rusiyanın Xankəndi və ətraf bölgədə erməni separatizmini dəstəkləyəcəyinə inanmaq yalnız sadəlövhlük olardı. Belə anlaşılır ki, Ermənistan cəmiyyətinin “Donbas ümidlər” artıq öz əhəmiyyətini itirmək üzrədir. Və Paşinyan hakimiyyəti yenidən reallığa qayıtmalı, bütün ümidlərini məhz rəsmi Bakının mərhəmətinə bağlamalıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
© 2020 - Created by İLK XEBER.