Ukrayna böhranı təhlükəli istiqamətlər almağa başlayıb. Çünki son vaxtlara qədər yalnız hərbi-siyasi təhdidlər üzərindən davam edən bu qarşıdurma məkanında artıq atəş səsləri də eşidilməyə başlayıb. Və bu, o deməkdir ki, savaş ehtimalı tədricən inandırıcı görüntülər almaqdadır.
Təbii ki, belə vəziyyətdən ən çox rəsmi Kiyev narahatdır. Çünki Ukraynanın siyasi elitası artıq anlayır ki, rəsmi Kiyevə nə qədər vədlər verilsə də, bu ölkənin NATO-ya qəbul edilməsi mümkün olmayacaq. Prezident Volodimir Zelenski bir müddət öncə bildirmişdi ki, bəzi Qərb ölkələri Ukraynanın NATO-ya üzv qəbul edilməsinə əngəl törədirlər. Və bu, rəsmi Kiyevin Qərb tərəfindən aldadılmaqda olduğunu göstərir.
Digər tərəfdən, prezident V.Zelenski Qərb ölkələrinin Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı intensiv “iddialar istehsal etməsi”ndən də ciddi şəkildə narahatdır. Hələlik bu iddiaların heç birisi özünü doğrultmayıb. Əksinə, Ukrayna hazırda ABŞ və Qərbin savaş proqnozlarından həm maliyyə-iqtisadi, həm də siyasi cəhətdən ziyan çəkməyə başlayıb.
Xüsusilə də, ABŞ və müttəfiqlərinin Ukraynadakı səfirlikləri evakuasuya etməsi, öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırması rəsmi Kiyevdə ciddi narazılıq doğurub. Hətta prezident V.Zelenski bütün bunların qarşılığında ABŞ və digər Qərb ölkələrinə dolayısı ilə “Ukraynaya zərər verirsiniz” mesajı da göndərib. Bu baxımdan, rəsmi Kiyevin Rusiya ilə hərbi qarşıdurmadan çıxmaq yolları axtarması qətiyyən təəccüblü deyil.
Məsələ ondadır ki, son vaxtlar prezident V.Zelenskinin Kreml sahibi Vladimir Putinlə birbaşa görüşə can atması barədə məlumatlar mövcuddur. Hətta prezident V.Zelenskinin Rusiyalı həmkarı ilə istənilən şərtlər daxilində görüşməyə hazır olduğu bildirilir. Və bu, rəsmi Kiyevin heç bir halda, Rusiya ilə savaşa həvəsli olmadığını göstərir.
Nəhayət, prezident V.Zelenskinin Ağ Ev sahibi Co Baydeni təcili Ukraynaya səfər etməyə çağırması da önəmli siyasi manevr sayıla bilər. Belə anlaşılır ki, V.Zelenski prezident Co Baydenə “savaşı proqnozlaşdırmaqla məğşul olmaqdansa, Kiyevə gəlib, birbaşa Ukraynanın yanında olun” mesajını verməyə çalışır. Çünki belə səfər baş tutarsa, ABŞ-ın Ukraynaya yalnız hərbi texnika deyil, həm də canlı qüvvə göndərməsinə ehtiyac yarana bilər.
Maraqlıdır ki, əslindəd Qərbdə də Rusiyanın Ukraynaya hücum edəcəyinə tam əmin deyillər və hətta buna ciddi şübhə edənlər də var. “Qlobal Times” nəşri hesab edir ki, ABŞ Avropa ölkələrinin Rusiya ilə yaxınlaşmasından ciddi şəkildə narahatdır. Ona görə də bu yaxınlaşmanın qarşısını almaq üçün bütün vasitələrlə Ukrayna böhranını böyütməyə çalışır. Və bu prosesdə NATO-nun son dövrlərdə ciddi şəkildə zəifləmiş mövqelərinin yenidən bərpa edilməsinə yönəlik cəhdlər də mövcuddur.
Göründüyü kimi, Qərbdə də artıq bəziləri dilə gəliblər və Ukrayna böhranının süni şəkildə yaradılmış bir problem olduğunu vurğulamağa başlayıblar. Əslində isə bütün baş verənlərin əsas səbəbləri ABŞ və NATO-nun Ukrayna böhranı üzərindən Rusiya ilə hərbi-siyasi savaş içərisində olmasından ibarətdir. Yəni, belə bir hərbi-siyasi qarşıdurma hər iki tərəfin strateji hədəfləri baxımından, həm ABŞ və NATO-ya, həm də Rusiyaya sərfəlidir.
Məsələ ondadır ki, hazırda həm ABŞ, həm də Rusiya dərin böhran yaşayır, hətta böyük sürətlə süquta uğrama mərhələsinə doğru yaxınlaşırlar. Belə nəhəng dövlətlər öz mövcudluqları ilə bağlı ciddi təhlükələrlə üzləşəndə bir qayda olaraq, əsas beynəlxalq düşmənləri üzərində böyük qələbələrə ehtiyac duyurlar. İndi həm ABŞ-a, həm də Rusiyaya belə bir böyük qələbə lazımdır. Hər iki superdövlət daxildə başlamış dağılma proseslərini ləngitmək üçün beynəlxalq düşmənə qarşı birləşməyin vacibliyini öz cəmiyyətlərinə qəbul etdirməyə çalışırlar.
Ona görə də, Ukrayna böhranı böyük ehtimalla ABŞ və ya Rusiyanın qələbəsinə qədər müxtəlif intensivlikdə davam edə bilər. Ağ Ev hazırda Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası daha da gücləndirməyə, ənənəvi müttəfiqlərini dünya üzərində mövqeləri zəifləmiş və imici korlanmış ABŞ-ın ətrafında daha sıx birləşdirməyə çalışır. Rusiya isə ABŞ-ın bu təzyiq kampaniyası qarşısında duruş gətirməkdə çətinlik çəkir.
ABŞ-ın əsas hədəfi ondan ibarətdir ki, Rusiya Ukrayna ilə mütləq qısamüddətli də olsa, müharibəyə başlasın. Bu halda, ABŞ və onun müttəfiqləri Rusiyanı beynəlxalq məkandan təcrid etmək, dağıdıcı sanksiyalara məruz qoymaq üçün real bəhanələr qazanmış olacaq. Bu bəhanələr Rusiyanın beynəlxalq sanksiyalar ilə zəiflədilərək, öz sərhədləri içərisinə qapadılması üçün olduqca vacibdir. ABŞ buna nail olarsa, Rusiyanın dünya nəhəngləri sırasından silinməsi reallığa çevrilə bilər.
Təbii ki, Kreml də bunu bildiyimdən geri çəkilmək istəmir. ABŞ və NATO-ya müqavimət göstərməyə çalışır. Əksinə, Kreml ABŞ və NATO-nun Rusiya ilə birbaşa silahlı toqquşma təhlükəsindən yayınmağa üstünlük verməsindən istifadə edərək, Ukraynaya qarşı hərbi təhdidləri daha da artırır. ABŞ və NATO-nu real hərbi toqquşma təhlükəsi qarşısında buraxaraq, tamamilə geri çəkilməyə məcbur etmək istəyir. Yəni, Kreml ABŞ və Qərbi birmənalı şəkildə siyasi-diplomatik masaya oturtmağa, danışıqlar prosesində isə öz şərtlərini diqtə etmək şansı qazanmağa can atır.
Ancaq anlaşılan odur ki, ABŞ və Qərbin geri çəkilərək, siyasi-diplomatik masaya oturması yaxın perspektivdə baş tutacaq məsələ deyil. Üstəlik, Ukrayna böhranının siyasi-diplomatik yolla həlli də mümkün görünmür. Yəni, proseslərin danışıqlar masası arxasında nizamlanma mərhələsinə keçirilməsinə böyük ehtimalla imkan verilməyəcək.
Məsələ ondadır ki, hətta Rusiya tamamilə geri çəkilmək məcburiyyətində qalsa belə, böyük ehtimalla ABŞ və Qərb müasir hərbi texnika ilə silahlandırdığı Ukraynanı Donbasa hücum etməyə yönəldə bilər. Bundan sonra isə Rusiyanın ilhaq etdiyi Krım yarımadasına hücum ehtimalı aktuallaşacaq. Beləliklə də, Kreml geri çəkildikcə, ABŞ və NATO Rusiyanın üzərinə daha iri addımlarla yeriyəcək.
Yəni, ABŞ və Qərb Rusiyanın Ukrayna böhranı ətrafında yaranmış hərbi-siyasi qarşıdurmadan uzaqlaşmasına imkan vermək niyyətində deyil. Bu qarşıdurma Rusiyanın tam zəiflədilərək, öz sərhədləri içərisinə sıxışdılmasına və Kremlin ABŞ-ın dünya hegemonluğu ilə barışmasına qədər davam edə bilər. Və bu prosesin ilkin əlamətləri artıq müşahidə edilməyə başlayıb.
Bəzi Qərb nəşrləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının xəritələrini çap etməklə, qarşıdurmanın zəifləmə ehtimalını gündəmdən çıxartmağa çalışırlar. Düzdür, Ağ Ev artıq Rusiyanın hərbi müdaxilə tarixi ilə bağlı konkret iddia irəli sürməkdən artıq çəkinməyə başlayıb. Ancaq buna baxmayaraq, prezident Co Bayden öz iddialarını “Rusiya hər an hücum edə bilər” məzmununa uyğunlaşdırmaqla, aktual saxlamağa üstünlük verir.
Bütün bunlarla yanaşı, Donbas bölgəsində lokal hərbi toqquşmaların artıq başlandığını nəzərə aldıqda, Ukrayna böhranının hələ uzun müddət davam edə biləcəyini ehtimal etmək olar. Ukrayna böhranı ətrafında yaranmış hərbi-siyasi qarşıdurmanın yekunlaşmasının ən real variantı ABŞ və ya Rusiyadan birinin bu prosesdə mütləq məğlub tərəfə çevrilməsi vacibdir. Əks halda, Ukrayna hələ uzun müddət bu iki dünya nəhənginin qarşıdurma məkanı olaraq qala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
© 2020 - Created by İLK XEBER.