Türkiyənin NATO-ya üzvlüyünün 70-ci ildönümü ilə bağlı paneldə açılış nitqi ilə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ölkəsinin NATO-dakı əməliyyat və missiyalara ən çox dəstək verən ilk 5 ölkə arasında olduğuna diqqət çəkərək “Bəzi NATO müttəfiqlərimizin Türkiyəyə dəstək vermək bir yana, terror təşkilatları ilə qol qola şəkil çəkdirmələri, bəzi terror təşkilatlarını digər terror təşkilatlarına qarşı istifadə etməyə çalışmaları qəbuledilməz bir vəziyyətdir”, – deyib.
Türkiyənin NATO-nu hər zaman strateji və dəyərli bir təşkilat olaraq gördüyünü bildirən Altun NATO-nun təkcə müttəfiqlərinə deyil, bütün dünya siyasətinə gətirdiyi sülh və sabitlik faktoruna da önəm verdiklərini qeyd edib:
“Bütün ölkələr kimi Türkiyənin də NATO üzvü olmayan ölkələrlə əlaqələri var. Bunlar NATO-ya alternativ olaraq görülməməli olan əlaqələrdir. Əksinə, NATO-nun gözləntilərinə də cavab verən münasibətlərdir”.
Fəxrəddin Altun onu da bildirib ki, NATO daim yeni beynəlxalq şərtlərə uyğun olaraq özünü yeniləmək üçün yollar axtarmalıdır:
“Türkiyə NATO-nun ən fəal, ən etibarlı müttəfiqlərindən biridir və o, yalnız coğrafi xüsusiyyətlərinə görə NATO-ya daxil olmayıb. Türkiyə NATO-ya üzv olmadan əvvəl də bu təşkilata töhfə vermiş nadir ölkələrdən biridir. NATO büdcəsinə ən çox töhfə verən ilk 8 müttəfiqdən biri olan Türkiyə NATO əməliyyatlarına və missiyalarına ən çox töhfə verən ilk 5 müttəfiq arasındadır. Biz NATO-nun özünü bugünkü şəraitə uyğunlaşdırmaq səylərində də fəal rol oynayırıq”.
Türkiyənin 70 il boyunca NATO-nu lazımlı lazımsız tənqidlərə məruz qoymaqdan qaçdığını söyləyən F.Altun bu məqamda qeyri-konstruktiv tənqidləri yersiz və mənasız gördüyünü bildirib.
“Türkiyə üzv ölkələrlə yaşadığı problemləri belə NATO çətiri altında həll etməyə çalışıb və anlaşmazlıqların yaşandığı zamanlarında belə NATO müttəfiqliyinə diqqət çəkərək, beynəlxalq platformalarda xatırladıb. Türkiyə NATO-nun geosiyasi gələcəyinin mərkəzində dayanan bir ölkədir. Türkiyə ikiqütblü və ya çoxqütblü bir dünyanın ehtiyacları üçün deyil, beynəlxalq sistemdə təhlükəsizlik və sabitliyin simvolu olmalı olduğu üçün NATO-nun bir hissəsidir”, – deyə Altun qeyd edib.
Türkiyənin NATO və müttəfiqlərindən gözləntilərinin də olduğunu bildirən Altun çıxışında həmçinin bu sözləri deyib: “Birincisi, NATO Avropada sabitliyə töhfə verməklə yanaşı, Avropa sərhədlərindəki sabitlik axtarışına da daha intensiv dəstək verməlidir. Sadəcə son 10 ildə Suriyada baş verən hadisələr belə göstərdi ki, Avropanın sərhədlərində bütün dünyaya qeyri-sabitlik mənbəyi ola biləcək bölgələr var. Bu bölgədə ortaya çıxan immiqrasiya və terrorizm kimi problemlər yeni dövrün həllini gözləyən ən aktual problemləridir.
Türkiyə Suriyada İŞİD və PKK kimi bir çox terror təşkilatına qarşı eyni vaxtda mübarizə aparmalı olub və uğurlu mübarizə aparıb. Lakin təəssüf ki, terrorla mübarizəsində NATO müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyib. Türkiyənin özünümüdafiə hüququndan istifadə etdiyi bu mübarizə həm də NATO-nun anti-terror və qlobal terror təhlükəsi ilə mübarizə gözləntilərinə də xidmət edib. Lakin NATO-dakı bəzi müttəfiqlərimizin Türkiyəyə dəstək vermək bir yana terror təşkilatları ilə qol-qola görünməsi və bəzi terror təşkilatlarını digər terror təşkilatlarına qarşı istifadə etməyə cəhd etməsi təəssüf doğurur və qəbuledilməzdir.
Bu gün Ukrayna NATO-nun diqqətinə layiq olduğu kimi, Əfqanıstan və Əfqanıstandakı Əl-Qaidə NATO-nun prioritetinə çevrildiyi kimi, Suriyada terrorizmlə mübarizə və Suriya vətəndaş müharibəsində qeyri-sabitliyə səbəb olan terror təşkilatları ilə xarici güclərin balanslaşdırılması da eyni dərəcədə NATO-nun gündəmində olmalı idi və olmalıdır”.
O, qeyd edib ki, NATO üzv ölkələrin sabitliyinə də dəstək verməlidir:
“NATO xüsusilə son 30 ildə sadəcə hərbi təhlükəsizliklə bağlı bir məna kəsb edib. Biz təkcə hərbi alyansdan danışmırıq. Biz həm də mahiyyətcə siyasi qarşılıqları olan beynəlxalq təşkilatdan danışırıq. İstər terrorizmlə mübarizə, istər humanitar təhlükəsizlik məsələləri artıq NATO-nun yeni təhlükəsizlik konseptində özü üçün daha geniş yer tapmalıdır.
Terrorizm, iqlim və qlobal pandemiya məsələləri NATO-nun yeni missiyasının bir hissəsi olmalıdır. NATO təkcə coğrafi baxımdan deyil, həm də məşğul olduğu məsələlər baxımından genişlənməlidir. NATO üzv dövlətlərin sərhədlərini qorumaqla yanaşı, üzv dövlətlərin sabitliyini və ictimai asayişin qorunmasını da dəstəkləməlidir. Çünki NATO üzvü olan ölkələrin hər hansı birinin yaşaya biləcəyi siyasi böhranlar alyansın çəkindiriciliyinə böyük zərbələr vura bilər. Üzv ölkələr siyasi və iqtisadi sabitliyə malik olmalıdırlar ki, NATO da dünya siyasətinə sabitlik verə bilsin.
Türkiyədə yaşanan 15 iyul xain çevriliş cəhdi bu baxımdan olduqca ibrətamiz təcrübədən xəbər verir. Qurumsal olaraq NATO Türkiyənin çevrilişçilərə qarşı təhlükəsizliyini prioritet hesab edən bəyanatlar versə də, təəssüf ki, bəzi üzv dövlətlər eyni diqqəti görmədilər. Hələ də çevriliş cəhdində iştirak edən əsgərləri, terrorçuları Türkiyəyə təslim etməyən NATO üzvü olan ölkə var. Bu cür boşluqlar NATO-nun gələcəyi üçün zərərli nəticələrə səbəb olacaq. Üzv dövlətlər bir-birlərinin demokratik təsisatlarını və hüquqi nizamını qorumaqda tərəddüd edə bilməzlər.”
Türkiyənin 70 il boyunca dost və müttəfiqləri üçün etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut etdiyini bildirən Altun “Ümid edirik ki, NATO həm dünya siyasətinə, həm də üzv ölkələrin təhlükəsizlik gözləntilərinə gələcəkdə hər zamankindən daha çox töhfə verəcək. Strateji alyansın güclü üzvü olan Türkiyə sabitləşdirici güc olaraq NATO-da üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcək. Ancaq bununla yanaşı Türkiyə regional və qlobal arenada sabitləşdirici fəaliyyətləri üçün NATO-dan, NATO-dakı müttəfiqlərindən daha çox dəstək gözləyir. Qlobal və regional miqyasda ortaya çıxan yeni çətinliklər və təhdidlər daha yaxşı və daha güclü bir NATO həmrəyliyini zəruri edir” sözlərini işlədib.
© 2020 - Created by İLK XEBER.