“Dəqiq qiymət vermək meyarı əxlaq kodeksindən irəli gəlməlidir. İnsanın davranışı, bacarığı, ictimaiyyətə, vətənə, dövlətə verdiyi xeyir, özünü düzgün dərk etmə bacarığı, məsuliyyəti, işgüzarlığı, istedadı qiymətləndirilməlidir”.
Dünya səviyyəli görkəmli alim Rafiq Əliyevin Rupor.az saytına verdiyi müsahibəni təqdim edirik:
- Cəmiyyətin sağlam təməllər üzərində formalaşmasına nail olmaq üçün hansı meyarlara üstünlük verilməsinin tərəfdarısınız?
- İki sərhəd üzərində dayanmaq lazımdır. Coğrafi sərhəd və mənəvi sərhəd. Daha pisi mənəvi sərhədin işğalıdır. Biz birinci işğala son qoyduq, cəmiyyətimizi düçar etdiyimiz ikinci işğaldan hələ tam qurtara bilməmişik. Bu qalibiyyət də öz əlimizdədir. Milli-mənəvi dəyərlərimizdən uzaqlaşmağımız və kökümüzdən ayrı düşməyə meyl göstərməyimiz cəmiyyətdə fəsadlar törədir. Güclüyük, vətəni və dövləti sevirik. Belə olan təqdirdə mənəviyyatımızı qoruya bilərik və qorumalıyıq. Mən qloballaşmanın əleyhinə deyiləm, Qərbin də ali dəyərləri var ki, ümumi insanlığa xidmət edir. O dəyərləri seçməliyik. Ancaq xalqa məxsus yaxşı cəhədlərimizi də qurban vermək qəti olmaz. Ümumiyyətlə, yaxşı nə varsa ona doğru meyillənmək ən düzgün variantdır.
- Bir vaxtlar dünya üzrə başladılan qloballaşma prosesi demək olar dayandırıldı. Qloballaşmanın vacibliyindən danışan siyasi liderlər qonşu ölkələrin arasında hündür hasarlar çəkdilər. Deyə bilərikmi qlobalizm özünü doğrultmadı?
- Şirməmməd Hüseynovun, Famil Mehdinin dəvəti ilə Bakı Dövlət Universitetində multimediadan kurs keçirdim. Həmin dövrdə elektron qəzetlər, saytlar yox idi. Tələbələr qloballaşmanın hansı cəhətdən müsbət olduğunu soruşdular. Dedim ki, təsəvvür edin, qonşuluğunuzdakı mənzildə taxtabiti var və o sizin də mənzilinizə ayaq aça bilər. Neyləyəcəksiniz? Bildirdilər ki, qonşudan mənzilini təmizləməsini tələb edəcəklər. Qonşu bu tələbə əhəmiyyət verməsə necə? Cavablar bu oldu ki, Sanepidemstansiya (Respublika Gigiyena və Epidemiologiya Mərkəzi – red.) müraciət edərik, gəlib təmizləyərlər. Buyurun bu da nəticə, həmin qonşunun natəmzliyinə dözə bilmədilər, çünki taxtabitilərin onların da mənzilinə keçmə təhlükəsi var idi. Qlobal yanaşma sakinləri neqativ vəziyyəti aradan qaldırmağa yönəltdi. Hər bir xalq özünəməxsusluğu, üstün dəyərləri ilə vahid dünyanın tərkibinə daxil olmalı və ümumi dəyərlərə – azadlıq, millilik, qarşılıqlı hörmət, özünə məxsus olmayana göz dikməmək, həqiqətlərə çamur atmamaq kimi mədəni davranış tərzini özünün xarakterinə çevirməli, belə bir mədəniyyətə söykənməlidir. Əksi baş verəndə əlbəttə bütün insanlıq ziyan çəkəcək və kimsə sadaladığımız dəyərlərdən xali olan insanla bir arada yaşamaq istəməyəcək.
- Seçmək istədiyimizin yaxşı, yaxud pis olduğunu necə müəyyənləşdirək?
- Bir neçə il öncə mediada “Yenidən kodlaşdırma” adlı yazım dərc olundu. Aldığım rəylərdən belə anlaşılırdı ki, yazı yaxşı qarşılanıb. Orada söhbət insanlarda milli kodların dəyişməsindən gedirdi. Genetik kodlar dəyişəndə dəyərlər də dəyişir. Hər bir xalqın min illərdən süzülüb gələn genetik kodları var, ziyanlı informasiyaların hücumu o kodları zədələyir, davamlı təsirin nəticəsində isə məhv edərək, əvəzinə mutasiya uğramış variantnı yarada bilir. Yaxşını seçmək odur ki, sən milli dəyərlərinə sadiq qalacaqsan, bəşəri dəyərlərdən öz soy kökündən aralı düşmədən faydalanacaqsan. Əlbəttə, texnoloji cəhətdən inkişaf etmiş ölkələrin xüsusən texniki imkanlarından yararlanmaq vacibdir. Fiziki həyatımızı daha asan idarə etməyimizdə yeni texnologiyaların, mütərəqqi ixtiraların əvəssiz rolu var. Sadəcə unutmaq olmaz ki, insan daha çox mənəvi varlıqdır, həm də tək deyil, cəmiyyətin bir parçasıdır. O, mənəviyyatını təmiz saxlamaqla əzəli dəyərlərini qoruyaraq ruhu rahatlığa nail ola bilər. Belə insanın beyin mexanizmi də aydın işləyəcək, cəmiyyətə faydalı xidmət göstərəcək, ölkəsinin inkişafında payı olacaq.
- Milli kodlarımıza zərbə olan informasiyaların qarşısını almaq mümkün deyil?
- Çox çətindir. İcazəsiz evimizə daxil olan televiziyalarda ailə mədəniyyətinə zidd serialların sayı sürətlə artır. İnternet resurslarında ailə-məişət zəminində yaşanan olayların, yaxud digər xarakterli kriminal hadisələrin paylaşılması əndazəni aşıb. Belə vəziyyətin qarşısını ilk növbədə insan özü almalıdır. Bilməlidir ki, göstərdiyi filmlər, videolar gələcəyimzi məhv edir və bu işdən əl çəkməlidir. İkinci, ciddi maarifləndirilmə işi aparılmalıdır. Nəticəyə təsir edə bilən maarifləndirmə. Üçüncüsü, dəyərləndirmə indeksi tamam dəyişməlidir. Gözü valideynin əlində qalan müəllimin bu durumundan şagirdin də xəbəri varsa, bilik vermə və bilik alma mexanizmi necə düzgün işləyə bilər?.. Yaxud, filan işçi bu ay su pulunu çox yığıb, ona “afərin” deyək səviyyədə qiymətləndirmə meyarı seçmək nə dərəcədə düzgündür? Kimin pulu çoxdursa, onu hörmətli adam hesab etmək mərəzi hələ də düşüncəmizə hakim kəsilib. Dəqiq qiymət vermək meyarı əxlaq kodeksindən irəli gəlməlidir. İnsanın davranışı, bacarığı, ictimaiyyətə, vətənə, dövlətə verdiyi xeyir, özünü düzgün dərk etmə bacarığı, məsuliyyəti, işgüzarlığı, istedadı qiymətləndirilməlidir. Qiymətləndirmə bu prizmadan tətbiq olunmalıdır. Məmurlar elit təbəqə hesab olunurlar. O tutulanların mənzilindən qutularla dollarlar çıxanda “elit” təqdimatında yanlış düşüncədə olduğumuz bir daha təsdiqini tapdı. Pandemiya vaxtı idi, aynəbəndə çıxmışdım, gördüm aşağıdan su pulu yığan qışqıraraq deyir ki, su pulunu vaxtında ödəməsəniz, suyunuzu kəsəcəyik. Adamın hadisəyə, insanlara, özünə, suya, ümumi-bəşəri problemə verdiyi qiymətin ölçüsünə baxın. İlk növbədə insanlar düşüncə tərzini dəyşiməlidir.
- Azərbaycanın 20 faiz ərazisinin işğalda olduğu illərdə Sizin belə bir fikriniz vardı: “Qarabağ problemi beyin laboratoriyasnda həll olunmalıdır. Torpaqlarımızı işğaldan azad etdik. Qələbəmizdə beyin laboratoriyasnın rolu nə qədər oldu?
-Torpaqlarımızın işğaldan azad olunması üçün ən optimal vaxt seçildi. ABŞ-da seçkilər, Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, rəsmi İrəvanın terrorçu xislətli siyasəti, regional vəziyyətə uyğun olaraq, Rusiyanın Azərbaycan və Türkiyə ilə isti münasibətinin yaranması, Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyəyə çatması, Qarabağı heç vaxt unutmamağımız, işğalına dözməməyimiz, ölkəmizə qarşı törədilən erməni vəhşiliklərini yaddaşımıza hopdurmağımız, hər yerdə, həmişə Qarabağ mövzusunda danışmağımız, bütün xarici səfərlərdə, ölkəmizə gələn qonaqlarla rəsmi və qeyri-rəsmi görüşlərdə, qəbullarda, söhbətlərdə, dövlət rəhbərliyinin beynəlxalq trubunlardakı çıxışlarında məhz bu mövzunu əsas kimi gündəmdə saxlaması beyin laboratoriyasında həll olunmuşdu. Qarabağ məsələsi əvvəlcə masa arxasında, beyinlər tərəfindən çözüldü, daha sonra PUA-lar işə düşdü. Dəqiq strategiya quruldu. Dövlət, xalq, ordu birləşərək həqiqətən dəmir yumruğa çevrildi, nəticədə 28 il keçməsinə baxmayaraq, haqq qalib gəldi.
- Bir neçə il öncə Sizə qarşı hücumlar olmuşdu. Ziyalı düşüncəniz, açıq mövqeyiniz təpki ilə qarşılandı. Bu savaşda necə, haqq qalib gələ bildimi?
- Haqqın qalib gəlməmək şansı yoxdur. Qələbə gec baş verə bilər, ancaq ilahi ədaləti, riyazi məntiqi əbədi pozmaq və bu pozuntu içərisində rahat yaşamaq mümkün deyil. Mənə qarşı mənfi fikirlər söyləyənlər, qara kampaniya aparanlar bu gün yoxdur. Heç vaxt orden-medal üçün yaşamamışam. Həmişə demişəm ki, müxalifətçi deyiləm, müxalifəm. Mən siyasətlə heç vaxt məşğul olmamışam. Siyasətçilik nə xarakterimə, nə arzuma, nə biliyimə, nə bacarığıma, nə də kimliyimə uyğundur. Birinci özümə, ikinci sənə, dostum Ramiz Rövşənə müxilfəm. Özümün, sənin, dostumun daha yaxşı olmasını istəyirəm ona görə. 6-7 il əvvəl deyirdik ki, korrupsiya var, deyirdilər yoxdur. Sonra nə oldu? İcra başçılarından pul kassaları çıxmadı? Deyirdik ki, Azərbaycanda birlik lazımdır. Son nöqtəyə çatmaq üçün vəhdət qurmalıyıq. Dediyimiz baş verdi. Vətən müharibəsindən əvvəl, hamı ayağa qalxdı, birləşdi, işğala son qoyduq, həm də 28 illik işğala 44 gün içərisində son qoyduq. Biz istədiyimiz oldu. Dediklərimizi ziyanlı sayanların məkrli məqsədləri daha aydın göründü – onlar bu birliyi istəmirdilər.
- Yəqin ona görə Azərbaycan haqq uğrunda qələbəsinə nail olandan sonra cəmiyyət bu nəticəni arzulamayanları, hər addımda əks siyasət toru hörənləri indi divara qısnayıb.
- Qənaətinizi tam bölüşürəm və bircə əlavəm var: O adamları daha əvvəllər zərərsizləşdirsəydik, cəmiyyətə vurduqları böyük zərərin miqyası da indikindən az olardı. Bax biz bu gerçəkdən çıxış edirdik – təhlükənin qarşısını daha tez almaq. Yenə də sevindiricidir ki, proses başlayıb. Ölkəni uçuruma aparmaq xətti tutanlar ifşa olunurlar, cəzalandırılırlar, struktur və kadr islahatları şaxələnərək sürətlənib.
- Daha yüksək səviyyədə İctimai Platforma yaradılsa, o quruma üzv olmaq istəyərsiniz?
- Mən fərdiliyi daha çox sevirəm. Çoxluğun atəşində yanmaq istəmirəm. Bacardığım dəstəyi kənardan verməyə hazıram. Düşünürəm ki, fərd olaraq ölkəmə daha böyük xeyrim dəyər. İctimai nəzarətin tam təkmil formada qurulmasına əlbəttə ehtiyac var. Bu platformada millətini, xalqını, vətənini həqiqətən sevən, merkantil maraqlara boyun əyməyən, illərin sınağından alnı açıq, üzü ağ çıxan, məsuliyyətli, peşəkar səviyyəli insanlar toplaşsa Azərbaycan dövləti qazanar. Amma “səhv düşəndə yerimiz” mərəzi olmasın.
- Tələbələrə dərs deyirsiniz?
- Universitetdə cəmi bir dərs deyirəm, əsas doktorantlarla işləyirəm. Tələbələrlə həmişə dost oluram. Dərslər ingilis dilində keçir. Əsasən elmi işlərlə məşğul oluram. Tələbələrimizin 38-40 faizi xarici ölkələrdə işləyirlər.
- Ölkənin ali təhsil səviyyəsindən nə dərəcədə razısınız?
- Biz 2006-da Boloniya sisteminə keçmişik. Gəlin baxaq görək, formalaşdıra bilirikmi? Necə olur, Harvard Universiteti komputer mühəndisliyinin proqramını bir cür hazırlasın, biz başqa cür. Beynəlxalq tədris fəzasına daxil olmaq lazımdır. Boloniya sisteminin əsas qayəsi təhsildə mobillik, tələbələrin transfer ola bilməsidir. Bunun üçün gərək kurikulumların, sillabusların uyğunluğu təşkil olunsun, qərbin aparıcı universitetləri təhsilinə inteqrasiya olunsun. 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq ADNSU-da ABŞ-ın Corciya Dövlət Universiteti ilə birlikdə MBA (Biznesin idarə olunması) Proqramını yaratdıq. Bugün 12 ixtisas üzrə kadr hazırlayırıq. Bu proqrama rəhbərlik edirəm. 5 ixtisasımız beynəlxalq akkreditasiyadan keçmişdir, yəni bu ixtisaslar üzrə məzun olanların diplomları dünyanın hər yerində qəbul olunur. Qalan ixtisaslarda da yaxın vaxtlarda belə sertifkatlar olacaq. Düşünürəm ki, ali təhsilimizdə islahat əsasən ixtisasların beynəlxalq akkreditasiyasından keçir.
- Təhsilimiz bu yolla niyə aparmırıq?
- Daha çox xarakter məsələsidir. Mütəxəssislər arasında birlik yoxdur. 5 nəfərin söylədiyi fikrə 25 nəfər etriaz edir. Müzakirələr mübahisələrlə əvəzlənir, elmi müstəvidən məişət müstəvisinə endirilir. Ümimi fikir ətrafında birləşmək ənənəsindn çox uzaq düşmüşük. Ümumi uğura yox, xüsusi uğura aludəçilik şəxsi maraqlardan doğur. Bizdə “qoy qolu mən vurum” fikri dəyişməsə, alınmayacaq.
- Təhsil sahəsində islahatlara başlanılıb. Sürətlənməsi və effektiv nəticə verməsi üçün təklifləriniz varmı?
- Təkliflərimiz həmişə olub. Bir müsahibəyə sığacaq fikirlər deyil. Problemi obrazlı şəkildə belə təqdim edərdim: Çörəyi çörəkçiyə verməliyik, dəmiri dəmirçiyə. Çörəkçi dəmir düzəltsə, xəmir kimi yumşaq olacaq, bu da dəmirin tərkibinə ziddir, əksinə, dəmirçinin də bişirdiyi çörək bərk olacaq, belə qidaya da çörək deyə bilməyəcəyik. Şair Qabil demişkən, müsibət oluruq biz səhv düşəndə yerimiz. Bir də əsas mənfi cəhət mənəmlikdir. O yox olmasa, inkişaf baş verə bilməz.
- İşğaldan azad olunan dogma yurdunuz Ağdama getmisinizmi?
- Yox. O vaxt gedəcəm ki, Novruzlu qəbirstanlığı minalardan təmizlənsin, atamın qəbrini ziyarət edə bilim. Bu ziyarətdən sonra başqa yerlərə gedərəm.
- Ziyalı olub yaşamaq çətindir, asan?
- Şərəfdir. Şərəfli yaşmaqsa həmişə çətin olub: səni qısqanacaqlar, paxıllığını çəkəcəklər, özlərinə oxşatmağa çalışacaqlar, kütlənin içərisində əritmək istəyəcəklər. Sənsə fərdi düşüncənlə, həqiqəti daha aydın görmək bacarığınla, insanlara doğru yol göstərmək arzunla birgə bu əzablara dözəcəksən, qarşını kəsməyə atılan daşa, kəsəyə rəğmən yolundan dönməyəcəksən. Maddi həyatın fövqündə dayanmaq, mənəviyyata tapınaraq yaşamaq imtina mədəniyyətini düşüncənə həkk etdirməkdən keçir. Ziyalılıq imtina etməyi bacarmaqdır.
- Darıxanda görüşmək istədiyiniz, görüşdüyünüz insanlar kimlərdir?
- Son vaxtlar Ramiz Rövşən, Anar, Kamal Abdulla, Ramiz Həsənoğlu, ilə tez-tez görüşürəm. Ən gözəl ünsiyyət sənin anladığın, səni anlayan insanlarla daha çox bir yerdə olmaqdır. Belə insanlar susanda belə, bir-birini eşidir və dərk edirlər.
Ceyhun Musaoğlu
© 2020 - Created by İLK XEBER.