AMEA prezidenti Ramiz Mehdiyev “sindromu” davam edir. O, postundan istefa verdikdən sonra yenə də akademiyada iş başındadır. Baku TV-yə açıqlamasında deyib ki, ərizəsini prezidentə təqdim edəcək, ondan sonra AMEA ilə vidalaşacaq.
Göründüyü kimi, o istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın.
Qeyd edək ki, Mehdiyevin istefasını tələb edənlərin sayı durmadan artır. Hətta vaxtilə ona yaxın olan, komandasının üzvü olduğu deyilən şəxslər də dilə gəliblər. Onlar da israrla “Boz kardinal”dan getməyi tələb edirlər.
İndi necə, Mehdiyevin istefasından sonra yenidən iş başında görünməsi barədə onun gedişini arzulayanlar nə düşünürlər? Bunun izahı nədir? Adam dedi istefa vermişəm, evdə oturacam, kitab yazacam, amma dediyindən geri çəkilmiş görünür...
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, rəsmi prosedur belədir ki, AMEA prezidenti ölkə başçısının rəsmi sərəncamı ilə təyin olunur: “Elmlər Akademiyasında seçilsə də, təyinat olur. Sərəncam verilməlidir ki, işdən azad olunsun. Akademiya dövlət orqanıdır. Dövlət orqanında da bir şəxs ərizə yazanda onun ərizəsi qəbul olunana, hər hansı bir şəkildə sərəncam çıxmayana qədər konkret həmin sahədə məsuliyyət daşıyan şəxs kimi fəaliyyət göstərir. Çünki oranın idarə edilməsində məsuliyyətin kimin üzərində olması artıq müəyyən olunub. Mütləq şəkildə istefa ərizəsi prezidentə təqdim olunur, ölkə başçısı da müvafiq sərəncam verir və məsələ də bununla həllini tapır. Həmin ərizə olmayana qədər həmin şəxs orada məsuliyyət daşıyır. İstefa ərizəsinin qəbul olunub-olunmayacağı prezidentin səlahiyyətinə aid bir məsələdir. Burada söhbət hüquqi prosedurdan gedirsə, mən onun hüquqi izahını verə bilərəm. İndi burada hansı niyyət güddüyü, hansı məqsədlə etdiyi bir qədər məlumat tələb edir. Ortada olan odur ki, istefa verilib. Burada hər hansı bir şəkildə istefadan geri çəkilməyin özü mənəvi problem yaradır. Rəyasət Heyətində həmin şəxs öz iradəsini ortaya qoyub. Milli Məclisdə bir millət vəkili istefa verirsə, bu protokola düşürsə, onun istefası qəbul olunmuş sayılır. Amma burada belədir ki, prezident sərəncamı ilə təyin olunduğuna görə istefa ilə bağlı mütləq şəkildə sərəncamı verən instansiyaya müraciət etməlidir. Ondan sonra qeyd etdiyimiz prosedur başladılır. Akademiya prezidenti seçilənə qədər həmin vəzifəni I vitse-prezident icra edir. Bir sözlə, hüquqi prosedurda istefa səsləndirmək yetərli deyil”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli AMEA rəhbərini çıxarmaq səlahiyyətinin yalnız dövlət başçısına aid olduğunu bildirdi: “AMEA prezidentini vəzifəyə ölkə prezidenti təyin edir, eyni zamanda azad etmə səlahiyyəti də yalnız ona məxsusdur. Rəyasət Heyəti ilə də müəyyən məsləhətləşmələr aparılır. AMEA prezidenti istənilən zaman istefa verə bilər. Amma istefa verməyin özü onun vəzifədən kənarlaşması anlamına gəlmir. Mütləq şəkildə ərizə prezident tərəfindən qəbul olunmalıdır və qeyd edilməlidir ki, filankəs istefa ərizəsi verdiyinə görə Milli Elmlər Akademiyasının rəhbəri vəzifəsindən azad olunur. Nə qədər ki, belə sərəncam yoxdur, istefa verən şəxs işini davam etdirməlidir. Burada təbii ki, hakim komandaya qarşı meydan oxuma elementləri olmamış deyil. Amma məhz iş başına gəlməsi hesab edirəm ki, meydan oxuma deyil. Dediyim kimi, istefa qəbul olunandan sonra hüquqi qüvvəyə malik olur”.
© 2020 - Created by İLK XEBER.