Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Ermənistan Avropa İttifaqı qarşısında belə götürdüyü öhdəliyi danır, bundan imtina edir. Gedişatı necə dəyərləndirirsiniz?
- Dəfələrlə şahidi olmuşuq ki, erməni tərəfi hansısa sözləri verib və sonra da ondan imtina edib. Bu, bir addım önə, iki addım geriyə olan siyasətdir. İlk dəfə deyil Ermənistan bu cür davranış sərgiləyir. Onlar həmişə belə ediblər. 30 ilə yaxın aparılan danışıqlarda da bu cür hərəkətləri hamı görüb. Ermənilər dünya siyasətində də belə davranırlar. Gah Qərbə, gah da Rusiyaya meyl edirlər. Pul lazım olanda Qərbə, hərbi güc lazım olanda isə Rusiyaya qaçırlar. Bu onların mahiyyətidir. İndi də onların mahiyyəti dəyişməyib.
- Azərbaycanın yaratdğı yeni reallıq Ermənistan üçün hansı imkanlar formalaşdıracaq?
- Onların mahiyyəti ancaq Azərbaycanın yaratdığı yeni reallıqla barışmaqla dəyişəcək. Həmin “siyasət”ləri davam etsə də, o “siyasətə” çox ciddi təsir edəcək reallıq yaranıb. Bu reallıq Azərbaycan torpaqlarının azad olunması, Qarabağın geri qaytarılmasıdır. Azərbaycanın yeni reallıqla bağlı dünyaya verdiyi mühüm mesajlar da bundan ibarətdir. Çünki bundan imtina etmək mümkün deyil.
- Qərbdə Azərbaycanın yaratdığı reallığa münasibət necədir?
- Avropa Birliyinin Azərbaycana münasibəti Vətən müharibəsindən öncə olan yanaşması ilə kəskin fərqlənir. Bu gün Azərbaycan fərqli bir situasiyadadır. Azərbaycan öz torpaqlarını azad etmiş, qalib ölkədir. Biz qalib kimi də sözümüzü deyirik. Ona görə də köhnə siyasət və yeni reallıq arasında ciddi bir ziddiyət yaranıb. Qərbdə də artıq bunu dərk etməyə başlayıblar. Asta-asta bu istiqamətdə addımlar atılır. Halbuki, əvvəllər bundan tamamilə imtina edirdilər. İndi isə buna yaxınlaşırlar. Artıq onlar üçün də Ermənistanın ikiüzlü siyasəti keçmir. Hansısa formada bu “metodologiya” işlək deyil. Hətta bu yanaşma onların özlərinə belə problemlər yaradır. Çünki bu gün Cənubi Qafqazda aparıcı qüvvə Azərbaycandır. Bu bölgənin taleyini ancaq Azərbaycanın vasitəsi ilə həll etmək mümkündür.
- Regionun siyasi arxitekturasının genişlənməsi hansı amillərlə bağlıdır?
- Bu region siyasi cəhətdən genişlənir. Bura təkcə Azərbaycan, Gürcüstan, Ermənistan daxil deyil. Türkiyə, İran, Rusiya və artıq Orta Asiya, Avropa bu regiondadır. Bu məkanı isə siyasi cəhətdən daha geniş əhatəyə çevirən məhz Azərbaycandır. Vacib məqam odur ki, siyasətçi uğurlu olsun deyə o rəhbərlik etdiyi siyasi proseslərdən miqyas nöqteyi nəzərdən daha böyük olmalıdır. Bu gün Prezident İlham Əliyev rəhbərlik etdiyi siyasi proseslərin miqyasından daha böyükdür. O, bir siyasətçi, şəxsiyyət kimi daha böyük imkanlara malikdir. Dövlət başçısı Azərbaycanın nüfuzunu öz miqyasına görə genişləndirib. Cənab İlham Əliyevin nüfuzu Zəngəzurda, regionun 6-ı ölkəsində, Avropa ilə münasibətlərdədir. Bu həmçinin Azərbaycanın miqyasını genişləndirir. Siyasi miqyasın böyüklüyü mühüm əhəmiyyət kəsb edir. Böyük Britaniyta ABŞ-la, Rusiya, Çinlə nisbətdə coğrafi nöqteyi-nəzərdən kiçik bir dövlətdir. Amma onun siyasi gücü daha genişdir. Çünki ölkənin siyasi çəkisi, miqyası var. Bu baxımdan indi Azərbaycan tamam fərqli bir siyasi miqyasa malikdir.
- Sizcə, Ermənistan köhnə yanaşmaları ilə bu prosesdə nə dərəcədə davamlı yer ala biləcək?
- Ermənistanın köhnə siyasəti sözsüz ki, işlək olmayacaq. Eyni zamanda Avropa Birliyinin də Azərbaycana qarşı köhnə yanaşması və siyasəti işlək deyil. Ona görə də onlar yeni bir siyasi yanaşmanı gündəmə gətirirlər. Azərbaycana ayrılan 2 milyard dollar həcmində maliyyə və s. məhz bunlar yeni siyasi yanaşmaların təzahürüdür. Artıq onlar Prezident İlham Əliyevin irəli sürdüyü bütün məsələləri nəzərə alır. İqtisadi, enerji təhlükəsizliyi məsələsi artıq gündəmdədir. İllər boyu Azərbaycana qarşı istifadə edilən erməni faktorunu yavaş-yavaş kənara qoyublar. Hətta ermənilərin etirazlarına baxmayaraq Fransa belə Azərbaycanla əlaqələri genişləndirmək haqqında düşünür. Çünki bu istiqamətdə hərəkət etməyə məhkum və məcburdurlar. Yeni reallıq məhz bunu tələb edir.
© 2020 - Created by İLK XEBER.