Ərdoğan Makrona "siyasi zülm" edir: Fransa niyə Türkiyənin "beynəlxalq kölgə"sinə çevrildi

Prezident Vladimir Putinin Fransa lideri Emmanuel Makrona qarşı etdiyi sayğısız davranışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətdə təkrarlaya biləcəyini təsəvvürə gətirmək belə, mümkün deyil; Prezident Makron həm özünü, həm də Fransanı hörmətdən salmaqda davam edir...

Ukrayna böhranı ətrafında yaranmış gərginlik təhlükəli mərhələyə yaxınlaşır. Rusiyanın hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı narahatlıq da artmaqdadır. Və belə vəziyyətdə bəzi dünya dövlətləri də böhranın siyasi-diplomatik yolla nizamlanması istiqamətində cəhdlər göstərirlər.

Rusiya və Ukrayna arasındakı hərbi-siyasi qarşıdurmanın həlli prosesində vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışan ölkələrin sırasına Fransa da əlavə olundu. Bu ölkənin prezidenti Emmanuel Makron əvvəlcə Rusiyaya, ardınca da Ukraynaya rəsmi səfər etdi. Və qarşıdurma tərəflərini barışdırmağa çalışdığını göstərdi.

2160093dd4d6565.jpg (25 KB)

Halbuki son vaxtlara qədər rəsmi Parisin bu böhrana münasibətdə mövqeyi kəskin ziddiyyətlərlə diqqəti çəkirdi. Belə ki, Fransa bir tərəfdən ABŞ və NATO-nun Ukraynaya qarşı hərbi-siyasi təzyiq kampaniyasından məsafə saxlamağa çalışırdı. Digər tərəfdən, Rusiyanı Ukraynaya münasibətdə radikal hərbi addımlardan çəkinməyə çağırırdı. Eyni zamanda, Ukraynanın ABŞ və Qərb tərəfindən müasir hərbi texnika ilə silahlandırılmamasına qarşı çıxırdı.

Təbii ki, belə anlaşılmaz mövqe tutmaqla diqqəti çəkən bir dövlətin birdən-birə münaqişə tərəfləri arasında vasitəçilik missiyası iddiaları ilə peyda olması istər-istəməz təəccüb doğurur. Rəsmi Parisin gözlənilmədən fəallaşmağa çalışmasını daha çox üç önəmli səbəblə izah etmək olar. Bu səbəblərin heç birisinin səmimi sülhməramlı missiya ilə birbaşa əlaqəsi yoxdur. Və birmənalı şəkildə Fransanın özəl maraqlarını ifadə edir.

Birinci səbəb olaraq, digər Avropa məkanı dövlətləri kimi, Fransanın da Rusiya enerji resurslarından asılılığını göstərmək mümkündür. Rəsmi Paris Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, Kremlin Avropaya enerji resursları nəqlini dayandıra biləcəyindən narahatdır. Çünki, Ukraynaya hərbi müdaxiləyə cavab olaraq, Rusiyaya qarşı dağıdıcı beynəlxalq sanksiyalar tətbiq olunarsa, Kremlin enerji resurslarından alternativ müqavimət faktoru kimi istifadə edəcəyi qətiyyən istisna deyil. Və rəsmi Paris Fransada daxili sosial gərginlik yarada biləcək belə bir problemlə qarşılaşmaq istəmir.

İkinci səbəb sırf Fransa prezidenti Emmanuel Makronun özəl siyasi maraqları ilə birbaşa bağlıdır. Belə ki, bu ilin aprel ayında Fransada növbəti prezident seçkiləri keçiriləcək. Prezident E.Makron da mümkün olacağı təqdirdə, həmin seçkilərə Ukrayna böhranının siyasi-diplomatik yolla həllində vasitəçilik etmiş iddiaçı kimi qatılmaq niyyətindədir. Və böhranın nizamlanmasında rolu olarsa, bu, ona əlavə seçici səsləri də vəd edə bilər.

51605837_303.jpg (36 KB)

Nəhayət, üçüncü önəmli səbəb həm Fransanın beynəlxalq nüfuzu, həm də prezident E.Makronun özəl maraqlarından qaynaqlanır. Belə ki, son vaxtlara qədər Ukrayna böhranının siyasi-diplomatik yolla nizamlanması prosesində əsas vasitəçilik missiyası Türkiyənin inhisarında idi. Rəsmi Ankara Türkiyənin də aid olduğu Qara dəniz regionunda hərbi toqquşmaların baş verməsində qətiyyən maraqlı deyil. Üstəlik, rəsmi Ankara Türkiyə ilə yaxın münasibətləri olan iki dəniz qonşusunun arasında müharibə təhlükəsindən narahatlıq keçirir. Və bu problemi dinc yollarla nizamlamağa çalışır.

Təbii ki, rəsmi Paris Fransanın əsas beynəlxalq rəqibi olan Türkiyənin Ukrayna böhranını təkbaşına vasitəçilik etməklə, nizamlamaq cəhdlərindən qətiyyən məmnun deyil. Üstəlik, bunu Fransanın beynəlxalq nüfuzuna növbəti zərbə və Türkiyə qarşısında daha bir məğlubiyyət kimi dəyərləndirir. Ona görə də, Türkiyənin vasitəçilik missiyasına şərik çıxmağa çalışır.

Eyni zamanda, prezident E.Makron üçün Ukrayna böhranı ətrafında vasitəçilik yarışı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla növbəti rəqabət cəhdidir. Prezident E.Makron hakimiyyətə gəldiyi ilk gündən Türkiyə lideri R.T.Ərdoğanla rəqabəti özü üçün siyasi prioritetə çevirib. İndiyə qədər bu iki beynəlxalq siyasi lider və onların ölkələri dünyanın bir çox regionlarında qarşı-qarşıya gəliblər. Və nəticələr qətiyyən Fransa prezidentinin maraqlarına uyğun deyil.

Məsələ ondadır ki, Fransa Liviyaya nəzarət uğrunda mübarizədə Türkiyəyə uduzub. Şərqi Ağdəniz bölgəsində yaşanan qarşıdurma da Türkiyənin üstünlüyünü təmin edib. Fransa Yunanıstanı önə çıxartmaqla, Türkiyəyə qarşı regional koalisiya qurmağa çalışsa da, rəsmi Ankara geri çəkilmədi, prezident E.Makronu növbəti dəfə məğlubiyyətə uğratdı. Son vaxtlar isə Afrika qitəsində vaxtilə Fransanın müstəmləkəsi olmuş ölkələr də rəsmi Parisə müqavimət göstərməyə başlayıblar. Həmin ölkələr Fransanın təsir dairəsindən tamamilə çıxmağa çalışırlar. Və əvəzində Türkiyə ilə daha yaxın münasibətlər qurmağa can atırlar.

erdo-putin-zelenskiii.jpg (7 KB)

Bütün bunlar onu göstərir ki, Türkiyə Fransanı, prezident R.T.Ərdoğan isə E.Makronu beynəlxalq məkanda məğlubiyyətə uğratmaqda davam edir. Hətta belə düşünmək olar ki, əslində, prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq məkanda E.Makronu siyasi cəhətdən "zülmə" məruz qoymaqdadır. Və bu baxımdan, belə hesab etmək olar ki, prezident E.Makron öz hakimiyyət dönəmini bütövlükdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məğlubiyyət şəraitində keçirib.

Maraqlıdır ki, prezident E.Makronun Ukrayna böhranının siyasi-diplomatik yolla nizamlanması prosesində vasitəçilik məsələsində də eyni nəticənin olacağı elə indidən müşahidə edilir. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderlərini danışıqlar üçün Ankaraya dəvət edib. Ukrayna prezidenti Volodemir Zelenski Türkiyə liderinə "Siz nə vaxt çağırsanız, Ankaraya gəlməyə hazıram" cavabını verib. Rusiya prezidenti Vladimir Putin də dəvəti qəbul edib və hazırda onun səfərinin vaxtı müəyyən olunmaqdadır. Və bu, prezident Rəcəb Tayyib Ərdoğanın daha ciddi vasitəçilik fəaliyyəti ilə məşğul olduğunu göstərir.

Fransa prezidenti Emmanuel Makron isə "gəldim, gördüm və getdim" prinsipi üzrə hərəkət edir. Onun Moskvada əldə etdiyi yeganə nəticə, özünün dediyinə görə, prezident Vladimir Putinin verdiyi mücərrəd bir vəddən ibarədir. Prezident Vladimir Putinlə keçirdiyi görüşdə hədəfinə çatdığını vurğulayan E.Makron "O, mənə söz verdi" deməklə, kifayətlənib. Çünki, məlum olub ki, V.Putin E.Makrona Ukraynada vəziyyəti gərginləşdirməyəcəyinə söz verib.

regnum_picture_163298460799465_normal.jpg (97 KB)

Halbuki, Kreml sahibindən yalnız bu vədin qoparılması üçün Moskvaya səfər etməyə ehtiyac yox idi. Buna elə telefon ünsiyyəti ilə də nail olmaq çətinlik törətmızdi. Çünki prezident V.Putun Ukraynada deyil, məhz Ukrayna ətrafında vəziyyəti gərginləşdirir. Yəni, Kreml sahibi Fransa prezidentinə onsuz da atmadığı addımla bağlı vəd verib.

Ümumiyyətlə, prezident E.Makronun Rusiya səfərinin nəticəsi elə iki ölkə liderinin ortaq mətbuat konfransında qabarıq şəkildə müşahidə olundu. Belə ki, mətbuat konfransı sona çatdıqda, prezident Vladimir Putin saymazyana şəkildə E.Makrona yönəlik əl hərəkəti etdikdən sonra qapıya yönəlir. Kreml sahibinin qonağa yönəlik hörmət prinsiplərinə zidd olan bu davranışından sonra Fransa lideri prezident Vladimir Putinin arxasınca getmək məcburiyyətində qalır. Prezident Vladimir Putin isə heç olmasa, etika xatirinə E.Makronu nəinki gözləmir, hətta arxasına belə, baxmadan iti addımlarla salonu tərk edir. Və bu, Kreml sahibinin prezident E.Makrona münasibətini göstərən önəmli məqamdır.

Prezident Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana münasibətdə analoji şəkildə davrana biləcəyini təsəvvür etmək belə, mümkün deyil. Bu baxımdan, prezident E.Makronun həm özünü, həm də Fransanı hörmətdən salmaqda davam etdiyi inkaredilməz reallıqdır. Onun R.T.Ərdoğanla rəqabəti isə Fransanı beynəlxalq məkanda Türkiyənin kölgəsinə çevirməkdən başqa heç nəyə yaramayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu