Türk Dövlətləri Təşkilatının Qazaxıstana görə fövqəladə toplantısı keçirilir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qazaxıstandakı situasiyaya dair fövqəladə iclasında çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun çıxışından sitat:

- Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir".

- Biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk".

- Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və müvafiq institutları çərçivəsində yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Birgə maraqlar və qarşılıqlı mənfəət əsasında qurulan bu münasibətlər, hər iki ölkənin qətiyyəti və bölüşülən baxışları sayəsində bir sıra mühüm regional və trans-regional layihələrin həyata keçirilməsi üçün leytmotiv olub. Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir".

***

12:18

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qazaxıstandakı situasiyaya dair fövqəladə iclasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışından sitat:

-Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq. Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər.

Bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq. Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır.

***

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb. İclas videokonfrans formatında keçirilir. Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.