Nazarbayevin qaranlıq taleyi və sultan kimi mülkləri...

“Qazax əsiri” haradadır?

Nursultan Nazarbayevin Qazaxıstanı tərk etməsi barədə iddiaları mətbuat katibi israrla təkzib etsə də, Elbaşının ölkədə olması barədə hələ də tutarlı sübut yoxdur. Bəzi rusiyalı politoloqlar hətta Nazarbayevin sağ olmasına belə şübhə edirlər, bunu onun adından kifayət qədər aşağı rütbəli (məsələn, mətbuat katibinin) şəxslərin danışması ilə izah edirlər. Nazarbayev də 164 nəfərin həyatına son qoymuş iğtişaşlara görə məsuliyyət daşıyır. Onun ən yaxın adamının-DTK sədrinin həbsi əslində Nazarbayevə də yönəlik ittihamdır. Bəlkə bu səbəbdən qoca Nazarbayev xalqın üzünə və önünə çıxmağa cəsarət etmir...

Nazarbayevə ilk zəng edən Belarus prezidenti Lukaşenko olub, amma onun yeri haqda məlumat verilməyib. Nazarbayevlə zəngləşənlər sırasında Rusiya prezidenti Vladimir Putinin olmaması diqqət çəkir. Hər halda, indiyədək belə bir rəsmi məlumat yoxdur. Sirr deyil ki, Rusiya prezidenti ilə Nazarbayev arasında münasibətlər hadisələrə qədər ən yüksək səviyyədə olub. Və yəqin ki, Nazarbayevin taleyi Putinin Tokayevlə apardığı pərdəarxası danışıqların bir hissəsidir. Putin əlbəttə istəməz ki, Nazarbayevi “dar ağacı dirəyinə” vursunlar. Nazarbayevi harasa Qazaxıstan təmsilçisi kimi məsələn, “fəxri sürgünə” göndərmək olar. Amma hələ ki, onun kölgədə qalması Qazaxıstanda yeganə söz sahibi olmağa çalışan Tokayevə daha çox lazımdır. Rusiya da hazırda Tokayevin möhkəmlənməsinə çalışır ki, Nazrbayevin yenidən üzə çıxması indilikdə heç kimin maraqlarına uyğun deyil.   

Nazarbayevin hakimiyyəti Təhlükəsizlik Şurasının sədri kimi əlində saxlamaq planın fiaskoya uğraması Putinin Dövlət Şurası timsalında özünə hazırladığı ssenarinin necə təhlükəli olduğunu sübut etdi. Nazarbayev hər şeyi özü üçün yazmışdı və arxayın idi. Nursultan Təhlükəsizlik Şurasını real səlahiyyətlərə malik konstitusion orqana çevirərək Elbaşı statusu ilə ömürlük onun rəhbəri vəzifəsinə oturmuşdu. Qazaxıstan Təhlükəsizlik Şurası konstitusion quruluşun, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda Qazaxıstanın milli maraqlarının müdafiəsi, daxili siyasi stabilliyin, milli təhlükəsizliyin və ölkənin müdafiə qabiliyyətinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini koordinasiya edən orqan idi. Amma bu “quruluş” cəmi bir neçə saata kağız parçası oldu. Putin anladı ki, heç bir halda hakimiyyətdən hansısa şura adı altında çəkilmək olmaz. Gözlənilir ki, 2024-cü illə bağlı hələ də qərarını elan etməyən Putin ilk fürsətdə  prezidentliyinin davam etdirəcəyini bəyan etsin. Rusiyanın Qazaxıstan hadisələrindən çıxardığı ən ciddi nəticə hələ ki, budur: Putin hakimiyyətdə prezident kimi qalmalı...Bu elə xalq müzakirəsinə çıxırlan yeni konstitusiyada özünə “yer etmiş” Belarus prezidentinə də xəbərdarlıq sayıla bilər. Qazaxıstan hadisələri şübhəsiz ki, yaxın çevrədəki avtoritar rejimləri daha da möhkəmləndirəcək.          

Maraqlıdır ki, xalqın ağır sosial vəziyyəti konteksində son günlər Nazarbayevin xaricdəki mülkləri haqda yazılar artıb. Məlum olub ki, 2019-cu ilin yazında Britaniya hakimiyyəti Londonda yeraltı hovuzu və kinoteatrı olan malikanəyə həbs qoyub. İngiltərə məhkəməsində ev sahiblərinin adlarını açıqlayıb: Qazaxıstan Senatının sabiq spikeri və Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aidad. Əmlakın ümumi dəyəri 100 milyon dollardan artıq olub. Əlbəttə ki, Nazarbayevlər bu pulların mənşəyinin qanuniliyini sübut edə bilməyiblər.

Daha sonra məhkəmə nədənsə, Britaniya hüquq-mühafizə orqanlarının iddialarını əsassız sayıb, lakin bu fakt “qazax xalqının atası”nın reputasiyasına ciddi zərbə vurub. “Times”in yazdığına görə, Nazarbayevlərin məşhur Beyker küçəsi 221b ünvanında da mülkləri var. Amma Nazarbayevlərin maraqları təkcə İngiltərə ilə məhdudlaşmayıb.

Çexiyada iş adamı Kayrat Boranbayevə məxsus daha üç ev var. İş adamının qızı Elbaşının nəvəsi ilə evlidir. Nazarbayevin kiçik qardaşı Bolat Fransada və ABŞ-da dəbdəbəli mənzillərə sahibidir. Keçmiş prezidentin ortancıl qızı Dinara isə İsveçrəyə milyonlarla sərmayə qoyub. O da  təxminən 100 milyon və 70 milyon dollar dəyərində iki mülkə sahibidir.

Karlovı Varıda (Çexiya) qorunan meşədə dəbdəbəli beş mərtəbəli malikanə var. Vasitəçilər zənciri vasitəsilə izlər Nazarbayevin kürəkəni Timur Kulibayevə aparır. İspan mətbuatının məlumatına görə, o, Nazarbayevlər İspaniyanın Kosta Bravada dəbdəbəli mülklərə sahibdirlər...

Tokayevin yanvarın 11-də iqtisai və sosial planda dəyişiklər paketi təqdim edəcəyi deyilir. Ölkədə qiymətlərlə bağlı sərt qərarlar verilib, hətta yaxın bir ildə kommunal xərclərlə bağlı qiymət artımına qadağa qoyulub. Amma  ölkədəki sosial problemlər bilindiyindən dərindi, yoxsa, bu cür ağır hadisələr törədilə bilməzdi. O səbəbdən Tokayevin işi göründüyündən də ağır olacaq.

Nazim SABİROĞLU,
Musavat.com