ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır” başlıqlı məqalə dərc olunub. Məqalənin üç müəllifi var: ABŞ-dakı Con Hopkins Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Yevgeni Finkel, Qüdsdəki Yəhudi Universitetinin elmi işçisi Canetta Azaryeva və həmin universitetin rusşünaslıq kafedrasının müdiri İshaq Brudnı. Novator.az saytı məqaləni ingilscədən çevirərək təqdim edir.
Rusiya yanacağın qəfil bahalaşmasına, ərzağın və digər zəruri malların qiymətlərinin artmasına kütləvi şəkildə etiraz edən Qazaxıstana qoşun yeritdi. Qazaxıstanda baş qaldıran iğtişaşlar indiyədək onlarca insanın ölümünə səbəb olub, hökumət binaları yandırılıb, sabiq prezident Nursultan Nazarbayevin heykəli aşırdılıb, hazırkı dövlət başçısı Qasım-Comərd Tokayevin mövqeyi sarsılıb.
Etirazları təkbaşına yatıra bilməyən Qazaxıstan rəhbərliyi yardım üçün Rusiyanın başçılıq etdiyi regional təhlükəsizlik alyansına – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutub.
Ancaq Qazaxıstan problemi təkcə sırf Qazaxıstana aid bir problem deyil. Rusiyada da ərzaq məhsulları və digər zəruri mallar durmadan bahalaşır. Son il yarım ərzində Kreml bu prosesin qarşısını almaq üçün qiymət limiti, ixrac kvotaları və digər məhdudiyyətlər tətbiq etsə də, xeyri olmayıb. Bu baxımdan Rusiyanın indi öz cənub qonşusundan fərqi yalnız ondadır ki, rusiyalılar hələ ayağa qalxmayıblar. Hərçənd daxildə etiraz potensialı çox güclüdür.
KTMT qoşunlarının Qazaxıstana yeridilməsi Sovet İttifaqının 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya hərbi müdaxiləsi ilə müqayisə edilir. Amma bunu 1962-ci ildə sovet Rusiyasının Novoçerkassk şəhərində etirazçılara divan tutulması ilə müqayisə etmək daha doğru olardı. Həmin hadisə bir qədər unudulub. Halbuki dissident yazıçı Aleksandr Soljenitsın Novoçerkassk faciəsini sovet tarixinin dönüş nöqtəsi sayırdı.
1962-ci ilin iyun ayının 1-də sovet hökuməti südün qiymətini 25 faiz, ətin qiymətini 35 faiz qaldırdı. Nəticədə Novoçerkassk şəhərində lokomotiv zavodunun işçiləri “Ət, süd, maaşların artırılması” şüarları ilə tətilə başladılar. İnzibati binalar dağıdıldı, sovet liderlərinin portretləri parça-parça edildi. Yerli milis qüvvələrinin kütləni dağıtmağa gücü çatmırdı.
Kreml şəhərə qoşun yeritdi. İyunun 2-də fəhlələr Novoçerkasskın mərkəzinə doğru yürüşə çıxdılar. Hərbçilər şəhərin baş meydanına toplaşmış dinc kütləyə atəş açdı. Ən azı 26 dinc sakin həlak oldu, xeyli adam yaralandı. Sonrakı məhkəmə proseslərində Novoçerkasskın 7 sakini ölüm cəzasına məhkum edildi, 100-dən artıq insan isə azadlıqdan məhrum olundu.
Novoçerkasskdakı qanlı olaylar sovet rəhbərlərini əməlli-başlı karıxdırmışdı, baxmayaraq ki, güc tətbiq olunması əmrini yəqin elə birbaşa özləri vermişdilər. Nəticə nə oldu? Ərzaq subsidiyaları dövlət büdcəsini nə qədər yükləsə də, Novoçerkassk faciəsindən sonrakı 30 ildə Kreml qiymətləri qaldırmaq məsələsini yaxına belə buraxmadı. Büdcənin subsidiyalarla yüklənməsi isə öz növbəsində sovet iqtisadiyyatının zəifləməsinə, yekunda SSRİ-nin çökməsinə yol açdı.
1980-ci illərin sonlarına qədər sovet hökuməti həm də Novoçerkassk faciəsini unutdurmaq xəttini tutmuşdu. Amma 1989-cu ildə bir neçə demokratik təfəkkürlü siyasətçi qanlı şənbənin xatirəsini əbədiləşdirmək, Novoçerkassk qurbanlarını yad etmək qərarına gəldi. Həmin qrupun əsas üzvü Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçak idi. O, 1991-ci ilin iyununda özünə yenicə təyin etdiyi köməkçisi Vladimir Putinlə birgə Novoçerkasska yollandı…
Novoçerkassk hadisələri və Qazaxıstanda indi baş verən zorakılıqlar bizə nə deyir? Avrasiya avtokratları bu hadisələrdən nə ibrət götürməlidirlər? İbrət götürüləsi əsas məqam budur: postsovet avtokratiyasına ən böyük təhlükə müxalifətdən, demokratiya istəyən fəallardan yox, məhz qiymət artımına qəzəblənmiş kütlədən gəlir. Müxalifətin Rusiya prezidenti Vladimir Putinə, Belarus prezidenti Aleksandr Lukaşenkoya və digər diktatorlara qarşı mübarizəsi böyük fədakarlıqdır, qəhrəmanlıqdır; sözsüz, onlar bizim qeyd-şərtsiz dəstəyimizə layiqdirlər. Bununla belə, biz Putini həqiqətən nəyin devirəcəyini anlamaq istəyiriksə, diqqətimizi vətəndaşların cibinə yönəltməliyik.
Putin Novoçerkassk hadisəsini yaxşı bilir, onun ibrətlərini də yaxşı dərk edir, buna görə də o, açıq-aşkar narahatdır. Rusiya liderinin narahat olması üçün əsaslı səbəblər var. Müstəqil “Levada” mərkəzinin 2021-ci ilin martında keçirdiyi sorğuya görə, rusiyalıların 58 faizi qiymət artımını ən ciddi sosial problem hesab edir.
Tərslikdən, ərzağın bahalaşmasına görə məsuliyyət bir xeyli dərəcədə Putinin üstünə düşür. 2014-cü ildə ABŞ və Avropa İttifaqı Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq edəndə Kreml buna cavab olaraq Qərbdən ərzaq idxalını yasaqladı. Bu addım Rusiyada aqrar biznesi rəqabətdən qorudu və Putinin yürütdüyü xəttə – Rusiyanın özünü ərzaqla tam təmin etməsi siyasətinə xidmət etmiş oldu. Ardınca Rusiya digər sahələrdə də idxala qadağalar qoydu və idxal prosesinin yerli istehsalla əvəzlənməsi prosesi Kreml siyasətinin təməl daşına çevrildi.
Amma o biri yandan idxal qadağaları sadə rusiyalıları nəhəng yerli biznes qurumlarının girovuna çevirib. Rəqabətdən sığortalanan bu biznesin indi nə səmərəliliyi artırmağa, nə də qiymətləri endirməyə həvəsi var.
Geosiyasi yanaşmaları Putinə imkan vermir ki, Qərbdən ərzaq idxalına qoyduğu qadağaları ləğv etsin. Ona görə Kreml bahalaşmanı nə qədər cilovlamağa çalışsa da, qiymətlər qalxmaqda davam edəcək, bu prosesi dayandırmaq mümkün olmayacaq.
Yeni Novoçerkassk hadisələri hər an baş verə bilər. Əlbəttə, Putin etirazçıların postsovet məkanındakı digər diktaturaları qiymət artımına görə devirməsinin qarşısını almaq üçün hər şeyə getməyə hazırdır. Bu gün təkcə Qazaxıstan rejiminin yox, Putinin öz rejiminin də taleyi təhlükə altındadır. Rusiya rəhbərliyi Qazaxıstana baxıb Novoçerkasskı yada salmalı və üşənməlidir.
Uzunmüddətli perspektivdə Kremlin strategiyası uğursuzluğa məhkumdur. Nə qədər ki, Moskva Qərblə münaqişə aparır, idxalı məhdudlaşdırır, Rusiyada qiymətlər aşağı düşən deyil. Bahalaşmanın qarşısını almağa yönəlmiş irimiqyaslı subsidiyalar, çox güman, Rusiyanın dövlət büdcəsini tükədəcək, vaxtilə SSRİ-nin büdcəsini tükətdiyi kimi. Qiymətlərin artması isə sonda kütlələrin səfərbər olmasına və zorakılıqların baş qaldırmasına gətirib çıxaracaq. Amma o vaxt Qazaxıstandan fərqli olaraq Rusiyaya qoşun göndərəsi bir dost və qonşu avtokrat tapılmayacaq.
© 2020 - Created by İLK XEBER.