Qazaxıstan üzərindəki “duman” tədricən çəkildikcə, bəzi aydın nəticələrə gəlmək də mümkün olacaq. İlk bilinən nəticə budur ki, Qazaxıstanda “milli dirçəliş”, yeni “xalq hakimiyyəti” qurulacağı kimi gözləntilər mənasız və əbəsdir. Uzun illərin avtoritar hakimiyyəti Qazaxıstanda normal siyasi münasibətlər sistemini söküb, müxalifət-iqtidar münasibəti deyilən siyasi mədəniyyət formalaşmayıb. O səbəbdən indi Avropada gizlənmiş dələduz biznesmen siyasi meydanın boş qaldığını görüb özünü başkəsən dəstələrin lideri elan etməkdən belə çəkinmir. Absurddur, amma nə yazıq ki, faktdır.
Avropa Birliyi Qazaxıstandakı real vəziyyəti bilmir, o səbəbdən israrla deyirlər ki, etirazçılarla danışmaq lazımdır. Ağılları gedib Fransanın məsələn, “sarı jiletlilərinə”. Qərbdə daha bilmirlər ki, Tokayev “heç bir danışıqlar olmayacaq” deyəndə tam haqlıdır, çünki oturub danışmağa, narazı tərəfin tələblərini dilə gətirməyə faktiki heç bir siyasi qüvvə yoxdur...
İnternet üzərindən axtarış verin, Qazaxıstanda müxalifət və müxalifətçilərin müəmmalı ölümləri haqda kifayət qədər faktlara rast gələcəksiz. Düşünən, danışan başlar yoxa çıxanda, ölkədə günlərin birində silahlar işə düşür, müxalifətin funksiyasını o terrorçu, başıpozuq dəstələr üzərinə götürür. Bu baxımdan qazaxlar Lukaşenko Belarusuna qibtə də edə bilər...
Qazaxıstanı Rusiyanın qarışdırması versiya üzərində iddialar qurmaq asandır. Rusiya adı varsa, demək orada nə isə qan-qada, hiylə tapmaq asanlaşır. Amma Qazaxıstana KTMT ordusunun yeridilməsini az qala 1990-cı ilin 20 Yanvarı ilə müqayisə edilməsi yanlışdır, yersizdir, fərqli tarixlərin, fərqli siyasi situsiyaların qarışıdırılmasıdır. Zənnimcə, Rusiya Qazaxıstana ordu salmaq istəsəydi, onun bəhanəsini çox asanlıqla tapa bilərdi. Məsələn, elə başıpozuq dəstələrin ruslara hücumu təşkil edilərdi, məsələni milli zəminə yönəldəydilər, Rusiya qoşunu 3 milyon rusu qorumaq üçün Qazaxıstana asanlıqla girə bilərdi. Rusiyaya Qazaxıstanda nə lazımdır ki, onu ala bilməyib? Rusiyanın 7 minə yaxın ortaq şirkəti Qazaxıstanda neft, qaz, qızıl, uran, və ən müxtəlif sənaye sahəsində işləyir. Ötən il ölkələrarası ticarət dövriyyəsi 20, 5 milyard dolları ötüb. Rusiya biznesi Qazaxıstanda 30-dan çox iri layihədə iştirak edir, onların ümumi həcmi təxminən 36 milyard dollardır.
İki ölkənin əməkdaşlığında elə bir sahə yoxdur ki, hər hansı axsama olsun. Avrasiya Birliyi də daxili bir neçə iri təşkilatda birgə fəaliyyət göstərirlər. Xarici siyasi kursda da iki ölkənin bir-birinə qarşı hansısa bloklarda, siyasətdə yer alması faktı yoxdur. Siyasi və iqtisadi sahədə bəzi fikir ayrılıqları əlbəttə ki, var. Məsələn, Qazaxıstan son illər iqtisadi inkişafda Türkiyə, Malayziya, Sinqapur və yaxud BƏƏ modelinə üstünlük vermək niyyətini gizlətmir. Siyasi baxımdan ölkədə latın qrafikasına keçid milli şüurun oyanışına, rus dilinin sıxışdırılması prosesinə səbəb olur ki, bu da Moskvanı narazı salmaya bilməz. Amma təxminən 7 min kilometr sərhədi olan Qazaxıstanda siyasi sabitliyin pozulması Rusiyanın “öz ayağına” güllə vurması ilə müqayisə oluna bilər. Rusiyanın dəngələrini bilmək olmur, NATO ilə danışıqlara sayılı günlər qalmış Qazaxıstana KTMT adı ilə olsa da, ordu yeridilməsinin yəqin ki, başqa səbəbləri də ola bilər. Amma indi başqa versiyalar da ortaya çıxıb. O cümlədən, Britaniya kəşfiyyatının(dolayısı ilə ABŞ-ın) olaylara qarışa biləcəyi haqda danışılır. Bu da maraqlı versiyadır. Rusiyanın başını qarışdırmaq, Moskvaya “bizə deyirsən Ukraynaya girmə, amma özün niyə Qazaxıstana ordu göndərirsən” soruşmaq olar...Rusiya adətən, bu cür oyunlara tez düşür.
Son olaraq Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin həbsi ölkədə çevriliş cəhd olması versiyasını gündəmə gətirib. Mümkündür ki, baş verənlər həm də Qazaxıstanda klanlararası savaşın nəticəsidir. Silahları işə salan da o klanlardır. Nazarbayevin hələ də hakimiyyətdə söz sahibi kimi qalması həmin klanları qane etməyə və onun istefasını hədəfləyən etirazların planlaşdırılması mümkündür. Nazarbayevin 3 günlük sükutdan sonra Tokayevə dəstəyi gözlənilən idi, başqa variant ola da bilməzdi. Amma faktiki Tokayev ölkə konstitusiyasını pozub, çünki Ana Yasa Nazarbayevə ömürlük TŞ katibi səlahiyyəti verib.
Qazaxıstanda bundan sonra nə olacağı haqda da çox danışılır. Ölkənin iqtisadiyyatı son bir həftədə ciddi zərbə alıb. Tokayev hansısa yeni iqtisadi təkliflər hazırlandığını vədi edib. O paketlərin içərisində xalq üçün nə olacaq, bilinmir. Amma ölkədə yaranmış vəziyyət siyasi sistem böhranıdır. Qazaxıstan iqtisadi cəhətdən dayanaqlı ölkədir, təkcə uran satışından əldə etdiyi gəlirlə iqtisadi itkilərini tezliklə qarşılaya bilər. Fəqət ölkənin daha ciddi problemi siyasi sistem böhrandır. Buna əncam çəkmədən dayanaqlı ölkə qurmaq çətindir...
Nazim SABİROĞLU,
Musavat.com
© 2020 - Created by İLK XEBER.