Xəbər verildiyi kimi, Qazaxıstana yeridilən və əsasən Rusiya desantçılarından ibarət olan KTMT kontingentinə Rusiya hava-desant qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edir.
Serdyukovun bioqrafiyası isə bu cür əməliyyatlarla zəngindir, o daha əvvəl Krımın Rusiyaya birləşdirilməsinə nəzarət edib, Yuqoslaviya, Çeçenistan və Suriya təcrübəsi var.
Serdyukov 1993-cü ildə Ryazan hava-desant komando məktəbini bitirib, 2009-cü ildə isə Frunze adına Ali Hərbi Akademiyadan məzun olub. Akademiyanı qızıl medalla bitirəndən sonra Uzaq Şərq hərbi dairəsinin 5-ci ordusunda komandan müavini təyin edilib. 2011-ci ildən isə 5-ci ordunun komandanı olub.
2013-cü ildə general Serdyukov Cənub hərbi dairəsinin komandan müavini təyin edilib, həmin il onun vəzifəsi bir qədər də böyüyüb və Cənub hərbi dairəsinin komandanının birinci müavini, qərargah rəisi təyin olunub.
Serdyukov Çeçenistanda aparılan hərbi kampaniyada və 90-cı illərin sonlarında keçmiş Yuqoslaviyada Kosovonun Priştina aeroportuna Rusiya desantçılarının qəfil yürüşündə iştirak edib. Habelə 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi referendumunda “təhlükəsizliyin təmin olunması” əməliyyatının rəhbəri olub. 2019-cu ilin aprelindən sentyabra qədər Suriyadakı Rusiya kontingentinə komandanlıq edib. Serdyukov 2016-cı ildən hava-desant qoşunlarının komandanı postunu tutur.
2020-ci ildə ona Rusiya Federasiyasının Qəhrəmanı adı verilib, bir çox digər döyüş ordenlərinə və medallarına da malikdir.
virtualaz.org
© 2020 - Created by İLK XEBER.