Bakının 2022 üçün 3 əsas hədəfi... - bu il Qarabağda silahlı erməni qalmayacaq!

Azərbaycan zor və ya xoş öz məqsədlərinə çatacaq; Rusiya Bakı və Ankara ilə münasibətləri pozmaq istəmirsə...

Təzə il bir qayda olaraq, özündən əvvəlkinin tənqidi aspektdə dəyərləndirilməsi, yeni hədəflərin müəyyən edilməsi, yaxud dəqiqləşdirilməsi ilə başlayır. 2022-ci ilin Azərbaycan dövləti və xalqı üçün üstəlik, məxsusi özəllikdə olacağı şübhə doğurmur. Bu il hamımızın, öncəliklə də ölkənin siyasi-hərbi rəhbərliyinin səbri dönə-dönə sınağa çəkiləcək yazsaq, yəqin ki, yanılmarıq.

Söhbət təkcə pandemiyanın və digər amillərin doğurduğu və 2022-də özünü qabarıq şəkildə göstərəcək neqativ sosial-iqtisadi gəlişmələrdən getmir. İmkanlı Azərbaycan dövləti böyük ehtimalla, bu yöndə bütün mümkün təlatümləri önləməyi, demək ki, daxili sabitliyi və birliyi qoruyub saxlamağı bacaraq. Milli birlik və vəhdət isə bizə ən əvvəl Qarabağa Böyük Qayıdışı reallaşdırmaq, yəni azad edilmiş torpaqlarımızı sürətli məskunlaşdırmağa yönəlik quruculuq işləri üçün, meqa-layihələri uğurla davam etdirmək üçün gərəkdir.

Bu, əlbəttə ki, bizim 1 nömrəli hədəfimiz olaraq qalacaq. Bu mənada qalib Azərbaycan xalqının cari güzəran sıxıntılarını və çətinliklərini anlayışla qarşılayacağına, şimala, cənuba, Qərbə bağlı hər cür “5-ci kolon”ların fitnələrinə uymayacağına əminik...       

*****

Ancaq istəsək də, istəməsək də, 2022-ci il Azərbaycan dövləti qarşısında daha önəmli vəzifələr qoyacaq, konkret imperativlər çıxaracaq. Əsas da o səbəbə ki, arxada qoyduğumuz 2021-ci il əfsus ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gətirmədi. Bu da o anlama gəlir ki, bölgədə yeni müharibə riski hələ aradan qalxmayıb.

Təzə il bu yöndə real addımlar ili olmalıdır. Birinci o səbəbə ki, vurğulandığı kimi, istənilən müharibə sülh müqaviləsi ilə yekunlaşmalıdır. Yoxsa növbəti müharibə qaçılmaza çevriləcək. Bu isə nə Azərbaycan və Türkiyəyə, nə də Rusiyaya və illah da darmadağın edilmiş və iki ildir ayağa qalxa bilməyən kapitulyant Ermənistana lazımdır.

Ölkəmizin bu il daha da artacaq hərbi qüdrəti, siyasi-diplomatik çevikliyi və həmlələri, Ermənistan üzərində böyüməkdə olan maliyyə-iqtisadi üstünlüyü İrəvanı son dəfə götür-qoy edib də düzgün qərara gəlməyə vadar eləməlidir. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətlənməsinin, bu məsələdə praktik addımların atılmasının, o sırada ikitərəfli komissiyanın yaradılmasının yəqin ki, məhz bu il şahidi olacağıq. Onun ardınca sülh müqaviləsinin imzalanması xeyli asanlaşa bilər. Təbii ki, xaricdəki bəzi məkrli mərkəzlər və erməni lobbisi prosesə pəl vurmasa...     

*****

Sözsüz ki, Azərbaycan dövlətinin bu il üçün digər strateji hədəfi 10 noyabr kapitulyasiya aktının 4-cü bəndinin reallaşması ilə bağlı olacaq. Söhbət erməni qanunsuz silahlı dəstələrinin ərazimizdən tam çıxarılması və ya tərk-silah edilməsindən gedir. İkinci ildir yubanan bu məsələ qədəm basdığımız ildə daha böyük aktuallıq qazanacaq. Eyni zamanda Bakı-Moskva münasibətlərinə məxsusi həssaslıq və ya gərginlik gətirəcək. Çünki bu bəndin həyata keçməsinə görə birbaşa cavabdehliyi Rusiya daşıyır.

Qarabağdakı anklavda ermənilərin hərbsizləşdirilməsi isə separatçıların “status” xəyallarına və ya “dövlətcik-dövlətcik” oyunlarına sonuncu həlledici zərbə olacaq. Ermənistandakı radikal-revanşist ünsürlərin, beynəlxalq erməni lobbisinin sülhü ləngitmək səylərini daha kəsrsiz və mənasız hala gətirəcək. Rus “sülhməramlıları”nın müvəqqəti nəzarətindəki olan ərazimiz üzərində suverenliyimizi bir az da geridönməz edəcək. Bundan əlavə, Qarabağda qondarma rejimin girovluğunda olan erməni əhalini, nəhayət, yeganə doğru seçimə kökləyəcək.

İstisna deyil ki, bu seçimi asanlaşdırmaq üçün Azərbaycan dövləti 2022-ci ildə anklavdakı erməni vətəndaşları ilə bağlı öz strategiyasını və ya “Yol xəritəsi” proqramını elan eləsin. Sənəd təhlükəsizlik zəmanətləri ilə yanaşı, ağır cinayətlər törətməmiş ermənilərin amnistiyasını da özündə ehtiva edə bilər.

*****

Ermənistan blokadadan çıxa biləcəkmi: Rəsmi Bakı Kremlə Xankəndi ilə bağlı  şərt qoya bilər - Editor.az

Nəhayət, Qarabağda qanunsuz silahlı dəstələrin hərbsizləşdirilməsi Rusiyanın erməni əhali üzərindən Azərbaycana qarşı hansısa məkrli oyunlar qurmasının, o sırada qondarma “rus icması” yaradıb Bakını gələcəkdə təhdid eləməsinin, sülhməramlılar üçün geniş mandat tələb eləməklə və s. yollarla ərazimizdə öz varlığını sonsuzadək uzatmaq cədlərinin önündə sanballı sipər çəkəcək. Sirr deyil ki, Rusiya “sülhməramlıları” ərazimizdə öz rolunu süni şəkildə böyütməyə, mövcud olmayan təmas xətləri formalaşdırıb onları legitimləşdirməyə çalışır, özlərini erməni əhalinin yeganə xilaskarı, hətta “vəhşi türk”ə qarşı “qoruyucu mələyi” kimi təqdim edir. 2021-ci il iki xalqın barışığına xidmət eləməyən belə nümunələr və cəhdlərlə zəngindir.

Ancaq Azərbaycan dövləti və xalqının səbri sonsuz deyil.  Heç kəs də çörəyi qulağına yemir. “Dəmir yumruq” da yerindədir və ildən-ilə daha zəhmli mahiyyət alır, silahlı qüvvələrimiz faktiki Türkiyə (NATO) tipli orduya keçidi başa çatdırmaqdadır. Təkcə sayı sürətlə atan, istənilən hərbi vəzifəni, istənilən coğrafi şəraitdə yerinə yetirməyə qadir komandos briqadaların mövcudluğunu yada salmaq yetər. Yəni antiterror əməliyyatı da fantastika janrına aid edilib qeyri-ciddi gözlənti kimi kənara qoyula bilməz.

Odur ki, məsləhətdir nə rəsmi Moskva, nə də digər güc mərkəziləri Azərbaycanı hansısa başqa postsovet ölkəsi ilə qarışıq salmasın, ordumuzun peşəkarlığını bir də sınağa çəkməsin. Əks təqdirdə, zərbə alan ilk öncə öz maraqları olacaq. O cümlədən getdikcə Qərbin daha sərt sanksiyaları ilə üzləşən Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri isti saxlamaq və inkişaf etdirmək istəyirsə, bu işə öz töhfəsini verməlidir, nəinki maneə yaratmalıdır. Zor, ya xoş Bakı onsuz da öz hədəflərinə çatacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”