“Fransa prezidentliyinə namizədin və onunla birlikdə gələn siyasətçilərin Xankəndinə qanunsuz səfəri və seperatçı-cinayətkar rejimin üzvləri ilə seçkiqabağı təşviqat çərçıvəsində görüşlər keçirməsi Laçın dəhlizinə Azərbaycanın nəzarət məsələsini aktuallaşdırır”. Bu fikri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Ermənistan üzərindən Xankəndi şəhərinə qanunsuz səfərilə əlaqədar Azərbaycan XİN-nin hərəkətlərini "İlk xəbərə" şərh edərkən bildirib.
Partiya sədrinin fikrinə görə bu səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə həmin şəxslərin qəsdinin, rəsmi Fransanın isə hörmətsizliyinin təzahürüdür. Bu səfərlə əlaqədar Fransaya etiraz notası verilməsi və Azərbaycan ərazisinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adlarının Azərbaycana girişi qadağan olunan arzuolunmaz şəxslər siyahısına daxil edilməsi təqdirəlayiq olsa da yetərli hesab oluna bilməz. Belə ki, həmin şəxslər Azərbaycan ərazisi olan Xankəndinə Ermənistan ərazisindən Laçın koridoru vasitəsilə daxil olublar. Bu koridora isə rus hərbçiləri nəzarət edir. Xarici dövlətin prezidentliyinə namizədin seçkiqabaği təşviqat üçün Azərbaycan ərazisinə buraxılması isə rus hərbçilərinin “sülhməramlı” və “humanitar” missiyasına daxil deyil. Ona görə də rus hərbçilərinin öz missiyasına uyğun olmayan növbəti qanunsuz hərəkətləri barədə Rusiyaya da etiraz notası təqdim olunmalıdır.
Bundan başqa, gələcəkdə digər xarici siyasətçilərinin şirniklənib Xankəndinə qanunsuz səfərlərinin qarşısını almaq məqsədilə Azərbaycan öz ərazisində suverenliyini tam şəkildə bərpa etmək üçün daha təsirli tədbirlər görməlidir. Laçin dəhlizinin nəzarətə götürülməsi, orada gömrük və sərhəd postlarının qurulması belə tədbirlərin başlanğıcı ola bilər. Eyni zamanda Fransa prezidentliyinə namizəd olan digər şəxslərə də müraciət olunub belə seçkiqabağı təşviqatın təkcə Azərbaycanın deyil, həm də Fransanın qanunvericiliyinə zidd olmasını onların nəzərinə çatdırmaqla Azərbaycana qanunsuz səfər edən namizədə qarşı əks kampaniya başlatmaq olar – deyə Q.Əlibəyli öz fikrini yekunlaşdırıb.