Müharibədən, o böyük Qələbənin qazanılmasından 1 ildən artıq vaxt keçir. Möhtəşəm 1 il, Zəfər ili! Bəzən adama elə gəlir ki, gözümüzün önündə baş verənlər yuxudur, nağıldır. 1 il əvvələdək kim inanardı ki, cəmi 44 günə Qarabağı işğaldan azad etmək olar?! Amma şükürlər olsun ki, arzularımız çin oldu. Məhz 44 günə Qarabağı da azad etdik, əlçatmaz Şuşaya bayrağımızı da sancdıq, Laçın, gözəl Kəlbəcər bizdədir, bizimdir. Biz artıq məğlub xalq deyilik. 30 illik məğlubiyyət acısını artıq söküb atmışıq.
Biz qalibik!
Əslində 2020-ci ilin o gözəl 27 sentyabrında – sübh tezdən oyandığımız o yeni gün tariximizin və taleyimizin yeni səhifəsiydi və biz o zaman nə baş verdiyini tam anlaya bilmirdik. Fərqində deyildik ki, böyük dəyişikliklərin bir addımlığındayıq...
Hələ hər gün Cəbhədən gələn möhtəşəm xəbərlər:
- Ordumuz bütün təmas xəttini yarıb;
- Ordumuz kəndləri, qəsəbələri, şəhərləri, rayonları azad edir;
- Füzuli şəhəri işğaldan azad edildi;
- Zəngilan azad edildi;
- Qubadlı azad edildi;
- Xudafərin bizdədir;
- Şuşa uğrunda döyüşlər gedir...
- “Əziz Şuşa, Sən Azadsan!”
Bu xəbərləri hər an, hər saat, hər gün izlədikcə tariximizlə, taleyimizlə yanaşı, özümüz də mənən, ruhən dəyişirdik, yenilənirdik, güclənirdik. Çox qəribə, qeyri-adi, inanılmaz gözəl, hətta ifadə edilməsi mümkünsüz olan hisslərdir. Çünki illərlə gözləmişdik, arzu və ümid etmişdik, amma bu qədərini hətta təsəvvür belə etməmişdik. Sanki gözümüzün önündə möcüzə baş verirdi. Möcüzə! - inanın ki, mən hələ də 44 günlük Zəfəri başqa cür adlandıra bilmirəm.
Şuşa, Sən Azadsan
2020-ci ilin 27 sentyabrında onu da anladıq ki, İlham Əliyev təkcə bu ölkənin Prezidenti, Ordumuzun Ali Baş Komandanı yox, həm də bizim özümüzdən, canımızdan bir parçadır, doğmamızdır, qəhrəmanımızdır. Hər bir azərbaycanlının içindəki 30 illik inamın, o inamın gerçəkliyə çevrilməsi uğrunda gedən mübarizənin, məğlubiyyətlə barışmamağın, tariximizi və taleyimizi dəyişmək əzminin və Qarabağ uğrunda savaşın adıdır İlham Əliyev.
Tarix təsdiq edir ki, hər yüzillikdə xalqların taleyini dəyişən liderlər yetişir.
İlham Əliyev yeni yüzilliyimizin lideridir! Ötən əsrlərdə itirə-itirə gəldiyimiz ərazilərimizi birləşdirmək, bütövləşdirmək... - bu çətin və şərəfli missiyanı Tanrı məhz ona verdi, onu seçdi, onu görəvləndirdi.
llərlə ritorikadan, pafosdan uzaq, səbir və inamla Qələbə anını hazırlayırmış İlham Əliyev. Böyük gündən – 27 sentyabr 2020-ci il tarixindən 17 il öncə - 2003-cü ilin 31 oktyabrında əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq and içən İlham Əliyev çıxışında demişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
O vaxt çoxları inanmırdı ki, ali kürsüdən and içən yeni Prezident “torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik” deyəndə təkcə gələcəklə bağlı vəd vermirdi, əslində böyük bir missiyanı öz üzərinə götürdüyünü bəyan edirdi...
Prezident kimi and içən İlham Əliyevin tarixi missiyanı yerinə yetirmək üçün tətbiq etdiyi genişçaplı strategiyanın son hədəfi bir xalqın, bir ölkənin 2 əsrdən çox davam edən məğlubiyyət sindromunun qırılması idi.
Nələr etdi yeni Prezident:
- ölkənin sosial-iqtisadi dayaqları möhkəmləndirildi;
- iqtisadi müstəqillik təmin edildi;
- ölkənin beynəlxalq nüfuzu, beynəlxalq siyasətdə yeri, rolu gücləndirildi;
- vətənpərvər gənc nəslin yetişdirilməsi üçün mühüm addımlar atıldı;
- peşəkar və ən müasir hərbi sursatla təchiz edilmiş ordu formalaşdırıldı;
- XXI əsrin müqaviləsi imzalandı: Cənub Qaz Dəhlizi layihəsinə start verildi;
- Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində açar ölkə oldu: Bakı-Tiflis-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizləri reallaşdırıldı;
- Türk dövlətlərinin birliyinə gedən yolun başlanğıcı – Naxçıvan sammiti təşkil edildi;
- Türkiyə ilə əlaqələr ən yüksək səviyyəyə qaldırıldı. Bunun üçünsə İlham Əliyev “Türkiyə burda yoxsa, mən burdayam” sözləri ilə tarixə damğa vuran çıxışını etdi. Bu, “Bir millət-iki dövlət” prinsipinin ən ali səviyyədə icrası idi və bunun ardınca Azərbaycan olmayan yerdə də Türkiyə sinəsini qabağa verməyə başladı...
Və belə demək mümkünsə, Prezident Azərbaycanın qüdrəti və ərazi bütövlüyünü təmin etməsi üçün A-dan Z-yə qədər lazım olan hər şeyi etdi.
Masa üzərində Qarabağ savaşı
İ.Əliyevin torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi strategiya siyasət elmi üçün yeni araşdırmaların istiqaməti olacaq qədər dərin və əhatəlidir.
Bu strategiyanı paralel şəkildə aparılan üç fərqli yöndə dəyərləndirmək olar:
Birincisi, danışıqlar prosesidir: Əliyev Qarabağla bağlı qurulan bütün masalarda Azərbaycanın ərazi bütövlüyü prinsipindən bir addım da geri çəkilmədi;
İkincisi, işğalçı Ermənistanın təcrid edilməsidir: bu strategiya türk dövlətlərinin müharibə meydanlarında tətbiq etdikləri “Aypara” hərbi taktikasını da xatırladır və İlham Əliyev bu taktikanı döyüşün cəbhədə deyil, masada aparıldığı şərtlərdə müasir diplomatiyaya uğurla köçürərək, düşməni siyasi mühasirəyə almağı bacardı;
Üçüncüsü, ordunun müharibəyə hazırlanmasıdır: Ordunun gücləndirilməsi üçün bütün imkanlar səfərbər edildi. İlham Əliyev hər kəsdən yaxşı bilirdi ki, təkcə uzunmüddətli danışıqlar prosesinə köklənmək və nəticə gözləmək yanlışdır, çünki nə işğalçı işğala son qoymaq istəyir, nə də işğala son qoyulması üçün dünya işğalçıya təzyiq edirdi.
İllər sonra Azərbaycan lideri ilk dəfə kulis danışıqlarında Bakıya edilən təzyiqləri açıqlayacaq və bununla həm də “niyə müharibə variantı” sualına aydınlıq gətirəcəkdi.
“Bizə deyirdilər ki, “5 rayonu alın və bununla kifayətlənin, siz müharibədə (I Qarabağ müharibəsində) məğlub olan tərəfsiniz, Ermənistan qələbə qazanıb, reallıqla barışmalısınız, 5 rayon da böyük şeydir”, - İlham Əliyev Vətən müharibəsindən sonra verdiyi müsahibələrindən birində belə deyirdi.
Bu bir cümləlik detal anlamağa imkan verir ki, uzun illər sülh danışıqları adı ilə aparılan müzakirələrdə Azərbaycan hansı təzyiqlərlə üzləşib və Azərbaycan bu danışıqlarda iştirak etməklə yanaşı, niyə məhz savaşa hazırlaşırmış: bütün qondarma reallıqların dağıdılması və Bakının qarşısına qoyulan ədalətsiz şərtlərin ləğv edilməsi üçün müharibə yeganə variant idi.
Masadan Cəbhəyə uzanan yol
Prezident İlham Əliyevin Qarabağ danışıqlarında beynəlxalq aləmdə də səs-küyə səbəb olan əsas gedişi 2006-cı ildə Rambuye görüşü idi. Həmin vaxt Ermənistan prezidenti olan Robert Köçəryan İlham Əliyevin dərin zəkası qarşısında qaçmaqdan başqa çarə tapmamışdı.
İki gün davam edən danışıqlar zamanı Köçəryan “ayaqyoluna getmək” adı ilə danışıqları yarımçıq saxlayaraq, İrəvana qayıtdı və bu qaçışını həmin vaxt müdafiə naziri olan Serj Sərkisyanın qayınatasının ölümü ilə əlaqələndirdi. Hərçənd diplomatik mənbələr İlham Əliyevin görüşdə Köçəryanı çətin vəziyyətə saldığını və Ermənistan prezidentinin Azərbaycan liderinin şərtlərini qəbul etməkdən başqa çarəsi qalmadığını, buna görə də masadan qaçdığını bildirirdilər...
Bu görüş İlham Əliyevin həm işğalçıya, həm də işğalçının dəstəkçilərinə açıq mesajı idi: Prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək!
İkinci mühüm hadisə 2009-cu ildə Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən Kazan görüşü idi. Bu dəfə Əliyevin qarşısında Köçəryan yox, onun varisi Serj Sərkisyan idi. Ona qədər Rusiya torpaqlarında müxtəlif görüşlər keçirilmişdi, Kazanda isə 16 bəndlik yeni həll variantı irəli sürüldü və sonrakı illərdə “Kazan düsturu” adlanan bu sənəd prinsip etibarilə Azərbaycanın maraqları çərçivəsində görünürdü. Lakin son anda razılıq olmadı. Sərkisyan 2017-ci ildə Rusiya mediasına müsahibəsində bildirirdi ki, Kazanda hər şey razılaşdırılmışdı, amma mən İlham Əliyevin son anda niyə imtina etdiyini anlamadım...
İlham Əliyev nə o zaman, nə də sonra heç bir açıqlama verməyib, çünki gedişi edən özü idi. Və “niyə” sualının cavabını yalnız Vətən müharibəsindən sonra anlaya bildik: danışıqlar yolu ilə istənilən nəticə Azərbaycanın ərazi bütövlüyünə zidd idi, çünki masada Qarabağın “statusu” var idi və Bakı bunu qəbul edə bilməzdi. Azərbaycan Prezidenti danışıqlardan imtina etmir, amma eyni zamanda, ordunu gücləndirir və doğru zamanın yetişməsini gözləyirdi.
Aprel müharibəsini böyük savaşın məşqi hesab etmək olardı, həm də Bakı bu döyüşlərlə status-kvonu saxlamağa çalışan həmsədr dövlətlərinə, Ermənistana və beynəlxalq ictimaiyyətə “işğalla barışmayacağıq” mesajını verdi.
Aprel döyüşləri çox şeyi dəyişdi: Ermənistanın yaratdığı miflər darmadağın edildi, Azərbaycan ilk qələbə ilə dirçəldi, məğlubiyyət sindromu məhv edildi. Qarabağ danışıqları yeniləndi, həll yollarının axtarışı sürətləndi. Ardarda baş tutan Vyana və Sankt-Peterburq görüşlərində əvvəlki həll variantı üzərində razılıq əldə edildi. Ancaq Ermənistan tərəfi praktiki mərhələdə razılaşmaları həmişəki kimi yenə pozdu. Bu, münaqişənin hərbi yolla həllini bir daha aktuallaşdırırdı...
2018-ci il: bölgədə kartlar yenidən qarışır
Azərbaycanda xalqın etimadı ilə yenidən Prezident seçilən İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı iki mühüm mesaj verdi.
1. Bəyan etdi: “Münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.
2. Prezident “nəinki Dağlıq Qarabağ, indiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır” deməklə gələcəyin strategiyasını elan etdi.
Həmin ildə Azadlıq meydanında keçirilən hərbi paradda o, əslində Qarabağla bağlı baş verəcək hadisələri dəqiqliyi ilə proqnozlaşdırırdı:
“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Hər şey elə də oldu. Prezident İlham Əliyev bu anonsları verəndə Ermənistanda hakimiyyət dəyişikliyi baş vermişdi və Nikol Paşinyanın iqtidara gəlişi, eləcə də geosiyasi proseslər münaqişənin həllinə dair gözləntiləri artırırdı. Əlbəttə ki, hər kəs sülh danışıqlarının nəhayət nəticə verəcəyinə köklənmişdi.
Məhz bu zaman İlham Əliyev Ordumuzun işğaldan azad edəcəyi ərazilərdə qaldıracağı Bayrağın bir gün Azadlıq meydanına gətiriləcəyini bildirirdi.
Bu, artıq strateji düşüncə, reallığı ən yüksək səviyyədə qiymətləndirmə və zamanı dəqiq hesablama bacarığı idi!
Azərbaycan Prezidenti ilə Paşinyanın ilk təması MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası zamanı oldu. “Lift diplomatiyası” da adlandırılan bu görüşdə cəbhədə silahların susması ilə bağlı razılıq əldə edildi...
Bakı Ermənistanda yaranmış xaotik vəziyyətdən niyə istifadə etmədi?
Sonradan anladıq ki, bu da İlham Əliyevin strateji planının bir hissəsidir. Düşənbədə İlham Əliyevdən hakimiyyətini möhkəmləndirmək üçün zaman istəyən Nikol Paşinyan buna nail olandan sonra erməni xislətini göstərməyə başladı. 2019-cu ilin fevral ayında, məhz Xocalı soyqırımının ildönümündə Ermənistan “yeni müharibə - yeni ərazilər” iddiası ilə yeni işğal planlarını elan etdi. Ondan sonra həm cəbhədə, həm də siyasi masada təxribatlar intensivləşdi.
Paşinyan bir tərəfdən qondarma “miatsum”u gündəmə gətirir, bir tərəfdən separatçı-terrorçu rejimi danışıqlara “tərəf” kimi daxil etməyə çalışır, digər tərəfdən, təxribat cəbhəsini Qarabağın sərhədlərindən kənara daşıyırdı. Azərbaycan lideri həm döyüş cəbhəsində, həm diplomatik cəbhədə səbrlə düşmənin təxribatlarını dəf edir və həlledici ana hazırlaşırdı.
2020-ci ilin payızı: Qarabağa bahar gəlir
Vətən müharibəsinə sayılı günlər qalmış İlham Əliyev iki mühüm gediş etdi:
Birincisi, Düşənbədə Paşinyanın hakimiyyətini gücləndirmək üçün ondan vaxt istədiyini açıq şəkildə dilə gətirməklə Ermənistan daxilində siyasi qarşıdurmanı gücləndirdi. Müharibə öncəsi bu, olduqca mühüm mesaj idi;
İkincisi, BMT Baş Assambleyasında bütün dünyaya elan etdi: işğala son qoyulmalıdır, baş verə biləcək hərbi toqquşmalarda məsuliyyət Ermənistanın üzərinə düşür. Çünki cəzasızlıq mühitindən istifadə edən işğalçı ölkə təxribatları dayandırmır. Prezident bununla həm də beynəlxalq ictimaiyyətə sonuncu xəbərdarlığını etmiş oldu.
Və 27 sentyabrda işğalçı Ermənistanın mülki əhaliyə qarşı genişçaplı təxribat hücumuna cavab olaraq Ali Baş Komandan illərdir gözlədiyimiz əks-hücum əmrini verdi.
44 gün davam edən müharibədə nəyi müşahidə etdik? İlham Əliyev Vətən müharibəsinin bütün cəbhələrinə komandanlıq edirdi. Hərbi cəbhədə ordunun döyüş əməliyyatlarını idarə edir, diplomatiya cəbhəsində kənar təzyiqlərin, müdaxilələrin önünü kəsir, informasiya cəbhəsində işğalçının təbliğat maşınını alt-üst edirdi.
Məğlubiyyət tariximizin dəyişdirilməsi üçün 100 illər sonra taleyin bizə bəxş etdiyi İlham Əliyevi bir Lider olaraq onda anlamağa başladıq, nəyi nə vaxt və necə etdiyini dərk etdik və hər birimiz özümüzə bunu dedik: Bəli, Prezident hər şeyi məhz Qələbə üçün edirmiş...
İlham Əliyevin rəhbərlik etdiyi Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi və 28 il istehkamlar qurduğu torpaqlarımızı cəmi 44 günə azad etdi və həyata keçirdiyi hərbi əməliyyatların unikallığı ilə XXI əsrin müharibə tarixində yeni səhifə açdı. Bu, tarixi ədalətin bərqərar olması, Ermənistanın haqq etdiyi cəzanı alması idi. Azərbaycanı XXI əsrin ilk qalib ölkəsinə çevirən İlham Əliyev Ermənistanı əsrin ilk kapitulyator ölkəsi etməklə həm də illərdir davam edən işğalın, zülmün mənəvi cəzasını vermiş oldu.
İlham Əliyev həm də yeni reallıqlar yaratdı, bütün regionun siyasi xəritəsini dəyişdirdi.
Bütöv Azərbaycan
Vətən müharibəsindəki tarixi Zəfərimizdən dərhal sonra İlham Əliyev yeni hədəflərimizi bəyan etdi:
- Qələbəni möhkəmləndirmək;
- Hazırda Ermənistanda olan tarixi torpaqlarımıza qayıtmaq;
- Sərhədlərimizi bərpa etmək;
- Regionda əməkdaşlığın yeni platformasını yaratmaq;
- Zəngəzur dəhlizi ilə türk dünyasının coğrafi parçalanmasını aradan qaldırmaq...
İlham Əliyev yeni missiyasını yerinə yetirmək istiqamətində inamla irəliləyir. Noyabr və dekabrda baş tutan Soçi və Brüssel görüşlərinin nəticələri proseslərin Bakının diktə etdiyi gündəliyə uyğun inkişaf etdiyini təsdiqləyir. Baş verənlər həm də onu deməyə əsas verir ki, Azərbaycan İlham Əliyevlə istədiyi hər şeyə nail olacaq.
O, Tanrının Azərbaycana lütfüdür.
O, yalnız bu günlə yaşamır, o, heç vaxt bu günlə yaşamayıb, onun hədəfləri daha genişdir, daha böyük sabahlara hesablanıb...
Bu Hədəfin adı Bütöv Azərbaycandır...
© 2020 - Created by İLK XEBER.