“Ermənistanın özünə bələdçi seçdiyi ideologiya xəstə bir ideologiyadır. Erməni ideoloqları bununla öz millətini “sağalmaz xəstəliyə” yoluxdurublar. Onların yazdıqları bütün kitablarda türklər “düşmən” olaraq xarakterizə edilir. Hesab edirəm ki, Ermənistan heç vaxt Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyəcək. Çünki bu zəhərli ideologiya ermənilərin qanlarına, beyinlərinə işləyib. Təbii ki, Ermənistan bölgədə gedən proseslərdə və “Altılıq”da iştirak etmək məcburiyyətindədir, kommunikasiyaların açılmasında rol oynamalıdır”.
Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- “Altılıq” platforması işə başladı. Bu çərçivədə növbəti görüş Ankarada keçiriləcək. Amma Moskva görüşündən fərqli olaraq, Gürcüstan Ankaradakı təmaslara qatılacaq. Sizcə, Türkiyə Gürcüstanı bu formata cəlb edə biləcəkmi?
- Artıq bu platforma çərçivəsində beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada ilk görüş keçirilib. Məlum olduğu kimi, Gürcüstan burada iştirak etmədi. Gözlənilən də bu idi. Çünki Gürcüstan Cənubi Osetiya və Abxaziyanın işğalı faktoruna görə, Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Buna görə də, Gürcüstanın bura qatılıb-qatılmayacağı sual olaraq qalır. Amma Gürcüstan Ankarada keçiriləcək görüşə qatılmağı düşünə bilər. Gürcüstan da anlayır ki, inkişafın yolu region dövlətləri ilə əməkdaşlığı artırmaqdan keçir. Yəni bundan sonra bölgədə həyata keçiriləcək beynəlxalq layihələrdən kənarda qalmamaq üçün o masa arxasında oturmaq məcburiyyətindədir.
Təbii ki, Gürcüstanın Rusiya ilə münasibətlərinin yaxşı olmaması onu həm də bir qədər düşünməyə vadar edir. Bu baxımdan, Türkiyənin gələcəkdə Abxaziya və Cənubi Osetiya məsələlərin həllində Gürcüstan və Rusiya arasında vasitəçi olması mümkündür. Qarabağ məsələsinin həlli bu münaqişələrin tənzimlənməsində bir örnək kimi irəli sürülə bilər. Amma bunun üçün gərək hər iki tərəf Türkiyənin vasitəçiliyinə razı olsun.
“3+3” formatına gəldikdə, artıq əvvəlcə buna etiraz edən İran da burada təmsil olunur. İran sonda başa düşdü ki, regionda gedən proseslərdən kənarda qalmamaq üçün bura qoşulmalıdır. Bu gün regional inkişafın yolu Azərbaycanın üzərindən keçir. Azərbaycan regionda keçirilən beynəlxalq layihələrin aparıcı dövləti kimi bu təklifi də Türkiyə ilə birlikdə irəli sürmüşdü. Türkiyə və Azərbaycan bu prosesə öncüllük edən dövlətlərdir. Regional əməkdaşlığın inkişaf etdirilməsinə uyğun olaraq, bölgədəki kommunikasiyaların blokadadan çıxarılması ilə yanaşı, Ermənistanla münasibətlərin nizamlanması yönündə də aktiv iş gedir.
“Altılıq” platforması hələlik öz yolunu tutmayıb. Bunun nə qədər effektli olub-olmayacağını zaman göstərəcək. Hələ ki, həll edilməli olan bir sıra mühüm məsələlər var. Bura Rusiya-Gürcüstan, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərindəki problemlər daxildir. Bütün hallarda bu məsələlərin həlli istiqamətində addımlar atılıb, iş gedir, yəni gedişat müsbət görünür və zamanla hər şey bəlli olacaq.
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması da gündəmdədir. Artıq qarşılıqlı olaraq ilk addımlar atılıb. Bu gəlişmədən gözləntiniz nədir: Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından əl çəkib, münasibətləri qaydasına sala bilərmi?
- Ermənistanın özünə bələdçi seçdiyi ideologiya xəstə bir ideologiyadır. Erməni ideoloqları bununla öz millətini “sağalmaz xəstəliyə” yoluxdurublar. Onların yazdıqları bütün kitablarda türklər “düşmən” olaraq xarakterizə edilir. Hesab edirəm ki, Ermənistan heç vaxt Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyəcək. Çünki bu zəhərli ideologiya ermənilərin qanlarına, beyinlərinə işləyib. Təbii ki, Ermənistan bölgədə gedən proseslərdə və “Altılıq”da iştirak etmək məcburiyyətindədir, kommunikasiyaların açılmasında rol oynamalıdır. Çünki daxilində gedən tənəzzül onu tamamilə çöküşün astanasına gətirib. Ermənistan rəhbərliyi ölkəni xilas etməlidir, bunun üçün də regiondakı proseslərə qatılmalıdır.
Ermənistanın Azərbaycan və Türkiyəyə ərazi iddiasına gəldikdə, bu, onların zəhərli ideologiyasında kök salmaqla yanaşı, xaricdəki lobbi fəaliyyətlərində də bunu qabardırlar. Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olmasına baxmayaraq, bu zəhərli ideologiyadan da əl çəkmək istəmir. Bununla belə, Ermənistan-Türkiyə münasibətlərində isinmə var, artıq təyyarə reysləri də bərpa olunub. Əslində, bu, Ermənistana verilmiş bir şansdır ki, bundan dirçəlmək üçün istifadə etsin. Əgər Ermənistan bundan sonra yenə də əsassız iddiasından əl çəkməyəcəksə, bu, onun xeyrinə olmayacaq. Ermənistan yenə də xaricdəki havadarlarından dəstək alıb baş qaldıracaqsa, ən sərt şəkildə təpki görəcək və cavabını alacaq.
- Qarabağdakı Rusiya sülhməramlıları etimadı doğrultmur, öz missiyalarından kənar işlərlə məşğuldurlar. Belə olan halda Ağdamdakı birgə monitorinq mərkəzində təmsil olunan Türkiyə Qarabağdakı hərbi qüvvələrinin sayını artıra bilərmi?
- Sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində yetəri qədər problem var. Rusiya bunun üstünü nə qədər örtməyə çalışsa da, bunlar həlsiz qalır. Yəni Rusiya bu məsələləri həll etmir, edən də ermənilərin xeyrinə addımlar atır. Buna görə də, Rusiya sülhməramlıları haqda müsbət söz demək olmur.
Türkiyənin monitorinq mərkəzindəki və ya bölgədəki hərbçilərinin sayının artırılması məsələsi Azərbaycana bağlıdır. Bunu Azərbaycan istəməlidir. Bunu istəməliyik ki, Qarabağda Rusiya sülhməramlılarının sayı qədər türk əsgərləri də olmalıdır. Təbii ki, bu məsələ Türkiyədə müzakirə mövzusu olaraq qalır. İlk növbədə, bunu Azərbaycan istəməlidir ki, bölgədə balans yaratmaq üçün Qarabağda rus hərbçiləri qədər türk əsgərləri də olsun. Hesab edirəm ki, bu, bizim maraqlarımıza da uyğundur.
- Millətçi Hərəkat partiyasının lideri Dövlət Bağçalının Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə verdiyi Türk Dünyasının xəritəsi hələ də Rusiyada müzakirə mövzusudur. Son olaraq buna Kremlin sözçüsü Dmitri Peskov münasibət bildirib. Ruslar təkidlə Türkiyənin Böyük Turan dövləti quracağını iddia edirlər. Sizcə, Türkiyənin belə bir ideyası və ya planı ola bilərmi?
- Bu, illərdir müzakirə olunan bir məsələdir. Bir sıra türk dövlətləri uzun illər SSRİ-nin tərkibində yaşayab, üstəgəl, bugünkü Rusiya ərazisində çoxsaylı türk xalqları var. İndi bu türk respublikalarının birliyi yönündə bir addım atılıb – Türk Dövlətləri Təşkilatı adlı qurum təsis olunub. Yenə də burada da Azərbaycan və Türkiyə öncüllük edir. Türkiyə türk dünyasının beynidirsə, Azərbaycan da qəlbidir.
Təbii ki, birlik üçün ilk addım atılıb, amma bunun nə qədər effektli olub-olmayacağını indidən görmək çətindir. Uzun illərdir Turan Birliyinin yaranmasına cəhdlər olunur, amma təəssüf ki, müsbət nəticə əldə etmək mümkün olmur. Artıq türk birliyi formalaşır, Rusiya da bunu böyük narahatlıqla qarşılayır. Çünki vaxtilə SSRİ-nin tərkibində olmuş dövlətlərin əksəriyyəti türk respublikaları idi və Rusiyanın özünün də ərazisində türk kökənli millətlərin sayı çoxdur. Kremlin düşüncəsinə görə də, bu o deməkdir ki, Rusiyanın özü də avtomatik olaraq türk birliyinə daxil edilir. Buna görə də, bu prosesə qarşı çıxır. Qənaətimə görə, Rusiya bu birliyi pozmaq üçün əlindən gələni edəcək. Çünki Rusiya istəmir ki, Türkiyə bu dövlətləri öz ətrafında birləşdirərək, bölgədə söz sahibi olsun.
Hesab edirəm ki, bizim düşündüyümüz Turan ideyasının həyata keçməsi üçün uzun zaman lazımdır. Türk birliyi ola bilər, mümkündür ki, türk dövlətləri iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşsınlar, amma bunun üçün həll edilməli olan bir çox məsələlər var. Təbii ki, Ankara bütün bunlara baxmayaraq, bu maneələrin dəf edilməsi və bu birliyin yaranması üçün çalışır.
© 2020 - Created by İLK XEBER.