Dekabrın 24-də Prezident İlham Əliyevin yubileyidir. 1961-ci il dekabrın 24-də anadan olan İlham Əliyevin 60 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞ PA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.
2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır, quruculuq işləri gedir.
İlham Əliyev postmüharibə zamanında da diplomatik cəbhədə uğurlara imza atmaqdadır. Türkiyə, Rusiya, İsrail, Pakistan kimi bölgəyə birbaşa dəxli və təsiri olan dövlətləri Azərbaycanın yaxın müttəfiqinə çevirməsi, Qərblə konfrontasiyaya getmədən münasibətləri normal saxlaması, İranı neytrallaşdırmağı və müttəfiqə çevirməyi bacarması - bütün bunlar İlham Əliyevin son ilyarımdakı uğurlarıdır. Onun prezident olduğu dövrdəki ən böyük uğur əsəri isə Qələbədir! Şuşanın və digər torpaqların işğaldan azad edilməsidir. Azərbaycan İlham Əliyevi yenidən kəşf etdi və bu dəfə tamam başqa baxış bucağından, reallıqlardan sevdi. Ən əsası, xalq öz rəhbərinə inandı. Bu inam Qələbəyə aparan ən ciddi və vacib amil oldu.
Amma İlham Əliyev bugünkü nəticələr üçün əslində 2003-cü ildən çalışırdı. 17 illik fəaliyyət, qızğın işlər, ölkəsini qələbəyə daşımağa imkan verdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-də isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində Ermənistan noyabrın 20-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçını Azərbaycana döyüşsüz təhvil verdi.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İlham Əliyev müstəqil Azərbaycana bütün dövlət başçılarımızdan daha çox rəhbərlik etmiş və 18 ildir ki, bu məsuliyyətli, ağır vəzifəni bacarıqla yerinə yetirən bir liderdir. Bu müddətdə Azərbaycan böyük iqtisadi inkişaf yolu keçib, onun rəhbərliyi ilə mühüm layihələr reallaşıb, respublikamız mühüm nəqliyyat dəhlizlərinin keçdiyi, Avropanın qaz təchizatında əhəmiyyətli rol oynayan dövlətə çevrilib: “İlham Əliyev Prezident seçilməmişdən əvvəl, Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi ”əsrin kontraktı" üzrə xarici neft şirkətləri ilə danışıqların aparılmasında və sazişin hazırlanmasında yaxından iştirak edib. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması zamanı ulu öndər Heydər Əliyevin yanında olub, cəsarət və prinsipiallıq nümayiş etdirib.
Abutalıb Səmədov
Qarabağ üzrə danışıqların gedişində Azərbaycana və onun liderinə göstərilən təzyiqlərin dəf olunması üçün əlindən gələni edib. Xüsusilə 2001-ci il aprelin 4-də başlayan Ki-Vest danışıqlarında təklif olunan son dərəcə əlverişsiz təklifin bütün təzyiqlərə baxmayaraq Heydər Əliyev tərəfindən rədd olunmasında müstəsna rol oynayıb.
Nəhayət, İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəni təşkil edən müzəffər Ali Baş komandan kimi öz adını tariximizə həkk edib. İllərlə bu istiqamətdə iş aparıb, bütün istiqamətlərdən gələcək təhlükələri və onların qarşısını almaq yollarını əvvəlcədən planlaşdırıb. Hərbi əməliyyatlara rəhbərlik etməklə yanaşı, çoxsaylı təzyiqlərin qarşısında böyük dəyanət göstərib. Diplomatiya və informasiya cəbhəsində də bütün ağırlığı öz üzərinə götürərək erməni diplomatiyasını və təbliğatını darmadağın edib. İlham Əliyev xalqımıza Zəfər gününü bəxş edib və bu gün azad olunmuş ərazilərin bərpası üçün istirahət bilmədən çalışmaqla yanaşı, sülh sazişinin imzalanmasına nail olmağa, Qarabağ məsələsini birdəfəlik dünyanın gündəmindən çıxarmağa çalışır. Bu vəziyyətdə bizə ona əlimizdən gələn dəstəyi verməkdən və daha böyük uğurlar, uzun ömür arzulamaqdan başqa bir şey qalmır".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, İlham Əliyevin ömrünün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçib. Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Azərbaycan dövlətinin qüdrətli, qalib ölkə, Azərbaycan xalqının qalib xalq olması onun böyük əsəridir: “Onun hakimiyyətinin ilk dövrü xalqın iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində sosial proqramların həyata keçirilməsi ilə başladı. Bu, İlham Əliyevin vətəndaşa, xalqına verdiyi önəmin göstəricisi idi. Regionların sosial-iqtisadi inkişafı, ölkə iqtisadiyyatının inkişafı, ordunun dünyanın müasir ordularından birinə çevrilməsi Prezident İlham Əliyevin ilk vaxtlardan həyata keçirməyə başladığı işlər oldu. Ölkədə yeni neft-qaz layihələrinin işə salınması Azərbaycanın dünyada mövqelərini bir qədər gücləndirdi. Ölkəmizin valyuta ehtiyatları, büdcəsi ilbəil artdı. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində işlər görüldü. Ölkəmizin qanunvericilik bazasında çox mühüm dəyişikliklər, yeniliklər həyata keçirildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu cənab İlham daha da yüksəltməyə nail oldu. İlham Əliyev Azərbaycanın dünya birliyində layiqli yer tutması üçün misilsiz işlər həyata keçirdi. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına Azərbaycanın sədrlik eləməsinə nail oldu. Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevrildi. Qarabağ məsələsinin ədalətli həll olunması, torpaqlarımızın azad olunması Prezident İlham Əliyevin fəaliyyətində bir nömrəli məsələ kimi daim oldu. Bütün saydığımız və digər çoxsaylı istiqamətlərdə mükəmməl fəaliyyət 2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsi, qələbəsi ilə nəticələndi. Prezident İlham Əliyev ordumuzla birlikdə Azərbaycan dövlətini və xalqını 20-ci əsrin qalib dövləti və xalqı etməyi bacardı. Müharibə bitdikdən sonra isə Prezident İlham Əliyev diplomatik sahədə düz bir ildir ki, vuruşur. Bu istiqamətdə qələbələrə imza atır. Mən ona uzun ömür, yeni-yeni uğurlar arzulayıram”.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, İlham Əliyev hakimiyyətə gələrkən 42 yaşında idi. Bu yaş isə insan üçün ən məhsuldar yaş dövrünün bir hissəsi sayılır. İlham Əliyev enerjisini, biliyini, bacarığını Azərbaycan dövlətinin, xalqının güclənməsinə sərf etməyə başladı. İldən-ilə Azərbaycanı sürətlə inkişaf etdirdi: “Təbii ki, onun aldığı təhsili, dünya şöhrətli atasının təcrübəsindən, ideyalarından bəhrələnməsi fəaliyyətində öz sözünü dedi. İlham Əliyevin xaraktercə qətiyyətli olması da Azərbaycanın uğurlarında öz rolunu oynadı. İlham Əliyevin son iki dönəmdə olan prezidentlik dövrü isə xüsusi olaraq, Qarabağ məsələsinin həll edilməsinə yönəldi. O, qarşısına məqsəd qoymuşdu ki, Qarabağ məsələsini nəyin bahasına olur-olsun həll edəcək, torpaqlarımızı azad edəcək. Məqsədinə də nail oldu. İlham Əliyevin fəaliyyətində hər bir uğuru Azərbaycanın uğuruna çevrildi.
Rövşən Məhərrəmov
İlham Əliyevin hakimiyyəti dövrü Azərbaycan iqtisadi sıçrayış yaşadı, ölkəyə böyük maliyyə axını başlandı, dövlətimizin, ordumuzun büdcəsi hər il böyüdü. Ən müasir silahların alınması, orduda xüsusi təyinatlıların, digər strukturların yaradılması, milli təhlükəsizlik sahəsində islahatların aparılması olası müharibədə qələbəmizi şərtləndirən amillərdən oldu. İlham Əliyev bütün fəaliyyəti boyu xalqla birlik nümayiş etdirdi və bu birlik bu gün də davam edir. Qələbəmizdə məhz bu birliyin misilsiz rolu danılmazdır. Dünya, Azərbaycan xalqı 44 günlük müharibədə yenidən tanıdı, ona yaxşı mənada heyran qaldı. Prezident İlham Əliyev Azərbaycan dövlətinə, xalqına dünyada çox böyük nüfuz qazandırmağı bacaran liderdir. Belə bir liderə sahib olmaq Azərbaycan üçün böyük üstünlükdür".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.