Amerikalı analitik Pol Qobl deyib ki, Avropanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar irəliyə doğru atılmış böyük bir addımdır. O bildirib ki, Brüssel görüşü həm də bu baxımdan yaxşıdır ki, proses Moskvanın nəzarətindən və monopoliyasından çıxır.
Bir çoxları Avropa Birliyi ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda, əsasən də Qarabağ məsələsi ətrafında yarışma, rəqabət getdiyini iddia edir. Hətta ABŞ-ın belə bu regionda Rusiya ilə nüfuz və mövqe savaşı apardığını deyənlər var.
Bu belədirmi? Rusiyanın proseslərdə zəiflədilməsi, bizim xeyrimizədirmi? Axı Avropa daha çox ermənipərəst mövqe tutur, nəinki Rusiya...
AMİP sədrinin müavini, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, nə Rusiya, nə də Amerika olmadan regionun ciddi problemlərinin həlli ilə bağlı işlər görülməməlidir: “İndiyədək Qarabağ məsələsinin həlli ilə bağlı mövcud olan bütün planlar, formatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət etməyib. Burada əsas format ATƏT-in Minsk Qrupu olub ki, orada da bütün maraqlı tərəflər təmsil olunublar. Yəni ayrı-ayrılıqda regionda fərqli maraqları olmasına baxmayaraq Rusiya, Fransa (Avropa), ABŞ qrupun həmsədrləri kimi fəaliyyətdə olublar. Hesab edirəm ki, məhz ortada bu dövlətlərin fərqli maraqları olduğundan 28 illik vasitəçilik missiyası nəticəsiz oldu. Həmişə hesab etmişəm ki, problemin kökündən həll olunması Rusiyanı heç zaman qane etməyib və bu gün də qane etmir. Çünki SSRİ dağılandan sonra problem vasitəsilə hər iki dövləti daim təsir altında saxlamaq, bərabər hüquqlu iqtisadi, siyasi və hərbi siyasət yürütməyə imkan verməmək əsas məqsəd olub. Sözsüz ki, Qərbdə də bu problemin davam etməsində, yaxud Ermənistanın xeyrinə həll olunmasında maraqlı olan güclər vardır. Amma Rusiyadan fərqli olaraq Qərb dövlətlərində problemə bu cür yanaşma dövlət siyasəti olaraq önə çəkilməyib. Bir neçə Qərb dövləti istisna olmaqla dövlətlərin əksəriyyətində üst səviyyədə Azərbaycan maraqlarına zidd fəaliyyət müşahidə olunmayıb. 44 günlük müharibə zamanında Fransa, Kipr, Yunanıstan istisna olmaqla hansı Qərb dövləti Azərbaycanı ittiham edən bəyanatlar vermişdi? O dövlətlərin də niyə belə etdikləri məlum idi. Fransa erməni diasporunu sakitləşdirmək üçün, digər iki dövlət isə Türkiyə ilə gərgin münasibətlərindən dolayı belə addımlar atmışdı.
Elşən Mustafayev: “Problemin kökündən həll olunması Rusiyanı heç zaman qane etməyib və bu gün də qane etmir”
Qalan bütün dövlətlər ya susmuşdular, ya da ən uzağı tərəfləri atəşkəsə çağıran, problemi sülh yolu ilə həll etməyin vacib olduğunu bildirən növbətçi bəyatlar verilmişdilər. Rusiya isə 44 günlük müharibə dövründə özünü neytral göstərməyə çağırsa da, yuxarıda dediyim kimi problemin həllinə imkan verə bilməzdi. Necə ki, müharibənin son günlərində onların açıq təhdidlərinin şahidi olduq. Bu günə qədər Naxçıvan-Ermənistan sərhədində Rusiyaya aid vertolyotun vurulmasını, Bakı şəhərinə İsgəndər raketlərinı atılmasını təsadüfi hesab etməmişəm. Qərbin ayrı-ayrı siyasətçiləri ermənipərəst mövqedə olsalar da, Rusiyada ermənipərəstlik yüz illərdir ki, dövlət siyasətlərinin tərkib hissəsi olub və bu gün də davam edir. Heç kimə sirr deyil ki, Paşinyan hakimiyyətə gəlməsəydi, Rusiya əleyhinə kampaniyaya başlamasaydı və Rusiya onu hakimiyyətdən aparma yolları axtarmasaydı, ordumuzun uğurlarına müharibənin ilk günlərində reaksiya verərdi. Eyni zamanda, Paşinyan və komandasına nifrət nə qədər böyük olsa da son məqamda Azərbaycanın problemi kökündən həll edəcəyindən qorxuya düşən rəsmi Kreml fərqli mövqe tutdu. Nəticədə biz işğal altında olan ərazilərimizin böyük və əhəmiyyətli hissəsini azad etdik, bununla belə Rusiya sülhməramlılar adı altında regionda hərbi cəhətdən təmsil olundu. Problemi vasitəçilərsiz, yəni Qərbsiz və Rusiyasız tərəflərin özlərinin masaya oturaraq qarşılıqlı maraqlar çərçivəsində həll etməsi ən doğru və nəticəsi ola biləcək yoldur. Amma bugünkü reallıqlardan dolayı buna imkan veriləcəyi böyük sual altında olduğundan hesab edirəm ki, Azərbaycan xarici siyasətində mövcud problemlərin həllində ağırlığı bir tərəfə qoymamalıdır. Yəni hələlik nə Rusiya ilə təklikdə, nə də Qərblə Rusiyasız regionun ciddi problemlərinin həlli ilə bağlı işlər görülməməlidir. Bu mövqe sonradan situasiyadan asılı olaraq dəyişə bilər. Hadisələrin gedişi göstərir ki, o gün uzaqda deyil”.
Azad Məsiyev: “Qərb Rusiyanın təşəbbüslərinə kölgə salmaq istəyir”
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirləri tamam fərqlənir: “Əvvəla, onu deyim ki, dünyada əsas iki supergüc var, Amerika və Rusiya. Bu iki dövlətin siyasi və iqtisadi maraqları hər zaman toqquşur. Nəticədə də dünyada müəyyən qalmaqallar yaranmaqdadır. Bu maraqlar, qalmaqallar Cənubi Qafqazda da özünü göstərməkdədir. Bildiyiniz kimi, Cənubi Qafqazda Amerikanın maraqları Paşinyan üzərindən həyata keçirilməli idi. 44 günlük savaş bu maraqların həyata keçirilməsini pozdu. Bu müharibənin nəticəsi olaraq, Rusiya sülhməramlı missiyanı öz üzərinə götürdü. Beləliklə, Cənubi Qafqazda nəzarət Rusiyanın nəzarətində həyata keçirilir. Hazırda da bu proses bu cür də getməkdədir. Amerika tərəfindən isə bunlar məqbul sayıla bilməz. Bunun üçün də rus sülhməramlılarının fəaliyyətinə Ermənistan üzərindən müəyyən provokasiyalar edilir. Bunlardan biri də sərhədlərdəki təxribatlar, Laçın koridorunda qumbaraların atılması idi. Türkiyənin “3+3” formatı da gündəmdədir. Bu formatın da alınmaması üçün Amerika Gürcüstan üzərindən cəhdlər edir. Faktiki olaraq, Ermənistan-Azərbaycan arasında atəşkəsin əldə olunması Rusiyanın vasitəçiliyi ilə baş tutub. Üçtərəfli sazişin müəllifi Rusiya prezidentidir. Bu sazişin də həyata keçirilməsində dəfələrlə görüşlər olub. Sülhməramlıların missiyasına kölgə salmaq cəhdlərindən biri də Brüsseldə Avropa tərəfindən təşkil olunmuş bir görüş idi. Düzdür, hər bir görüş irəliyə doğru atılmış bir addımdır. Amma bir nüansa diqqət çəkək. Amerika tərəfi Brüssel görüşünü irəliyə doğru atılmış bir addım sayır. Bəs o zaman Moskva, Soçi görüşləri geriyə doğru atılmış addımlardır? Bir sözlə Amerika, Qərb Rusiyanın təşəbbüslərinə kölgə salmaq istəyirlər. Brüsseldə səslənən hər bir fikir Moskvada qəbul edilən sənədin tərkib hissəsidir. Brüsseldə yeni nə baş verdi? Bu sualın cavabı məlumdur. Hesab edirəm ki, böyük sülh Moskvada əldə olunacaq. Bununla Rusiya bütün dünyaya sübut edəcək ki, Moskvada söz sahibi odur. Regionda baş verən hadisələr də təhlükəli istiqamətlərə yönəlməkdədir. Cənubi Qafqazda Kremlin təsir imkanlarının Amerikadan daha geniş olduğu bir faktdır. Rusiya Azərbaycanın böyük qonşusudur, siyasi və iqtisadi rıçaqları çox genişdir. Şimal qonşumuzla düşmənçilik və rəqabət aparmaq sadəcə bizə fəlakət gətirə bilər. Necə ki, Ukrayna, Gürcüstan bu gün Amerikanın əlində alətə çevrilib, xalq uçuruma gedir. ABŞ Ukraynada öz adamını hakimiyyətə gətirdi və bu iqtidarın yürütdüyü siyasət birbaşa Rusiyaya qarşı düşmənçilikdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.