İrəvanın ərazi iştahı “dişi”nə daha bir zərbə: Avropadan Bakıya “kart-blanş”

Ermənistanı sülhə məcburetmə üçün Azərbaycanın əlindəki hüquqi rıçaqlar artır...

Azərbaycanın sözü imzasıdır, Ermənistanın isə imzasına belə, etibar yoxdur. Yaxın və orta tariximizdə buna aid neçə-neçə fakt var. Təkcə birini yada salmaq yetər: Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin 20-ci illərinin sonlarında tarixi Türk yurdu olan İrəvan mahalını ona görə ermənilərə güzəştə getmişdi ki, Qarabağa və Naxçıvana qarşı bir daha ərazi iddiası irəli sürməsinlər. Sonrası bəllidir.

Ermənilər nəinki öz imzalarına tüpürüb torpaq iddiasından geri durmadılar, əksinə, daha böyük iştaha düşdülər. Günü bu gün də mənfur qonşular Qarabağa, Naxçıvana iddialarını gizlətmirlər. Təəssüf ki, biz belə bir nankor, eyni zamanda saxtakar, yalançı və məkrli bir tayfa ilə dinc-yanaşı yaşamaq zorundayıq. 10 noyabr kapitulyasiya aktına, ardınca imzalanan 11 yanvar 2021-ci il tarixli növbəti üçtərəfli sazişə rəsmi İrəvanın münasibəti qənaətimizə şübhə yeri saxlamır. Erməni tərəfi yenə öz üzərinə götürdüyü yazılı (!) öhdəliklərdən yayınmağa cəhdlər edir.

Mövcud durumda tək çıxış yolu Azərbaycan dövlətinin daima ayıq-sayıq olması, özünün hərbi, siyasi-iqtisadi və diplomatik gücünü yüksək səviyyədə saxlaması, İrəvanı tədricən yazılı öhdəlikləri yerinə yetirməyə məcbur eləməsidir. Çünki heç şübhə yoxdur ki, kapitulyant ölkə azacıq toparlanan kimi, ilk fürsətdəcə revanşa cəhd edəcək.

Odur ki, savaşdakı hərbi zəfərimizin bütün beynəlxalq platformalarda qəbul etdirilməsi və legitimlışdirilməsi bizim üçün hazırda mühüm önəm kəsb edir və prioritet dəyərdədir. Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı”nın son Brüssel sammiti, orada Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən iki və üçtərəfli görüşlərin yekunu, o sırada AB Şurasının Prezidenti Şarl Mişelin bəyanatı, habelə, zirvə toplantısında qəbul olunan və tərəfdaş ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tanıyan Birgə Bəyannamənin qəbulu bu xüsusda əlimizi xeyli gücləndirir və Bakının diplomatik qələbəsi sayıla bilər.

Daha bir səbəbə: bəyannamədə post-münaqişə dövrü üçün Azərbaycanın gündəminə tam uyğun surətdə Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur, münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək tədbirlərinin vacibliyi qeyd edilir, Azərbaycanla AB arasında yeni ikitərəfli əhatəli razılaşmaya dair danışıqlarda əldə edilmiş irəliləyiş alqışlanır, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması yüksək qiymətləndirilir və Azərbaycanın Avropanın qaz təchizatının şaxələndirilməsində rolu xüsusi vurğulanır.

Sözsüz ki, bu qəbildən qərar və sənədlər İrəvanın ərazi iştahı “dişi”nə vurulan növbəti zərbədir. Yaddan çıxarmayaq ki, qərbyönlü Nikol Paşinyan faktiki son ümidini Brüsselə bağlamışdı. Ən əsası, Azərbaycan məhz belə beynəlxalq sənədlər və razılaşmaları əsas götürərək, yeri gələndə İrəvanı yenə zor gücünə sülhə məcbur edə, o cümlədən Qarabağda münasib bildiyi vaxtda antiterror əməliyyatı apara bilər. Necə ki, biz BMT TŞ-nin Qarabağa dair az qala, unudulmuş qətnamələrinə, BMT Nizamnaməsinə, digər beynəlxalq təşkilatların (Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı) müvafiq qərarlarına istinad edərək Vətən müharibəsinə başladıq, ərazi bütövlüyümüzü bərpa elədik və təcavüzkarı kapitulyasiya aktını imzalamağa vadar elədik.

Adı çəkilən qurumların 44 günlük savaşda işğalçıya laqeyd münasibət sərgiləməsinin kökündə əlbəttə ki, ən əvvəl həmin sənəd və qətnamələr dururdu. Qərbdə yaxşı bilirdilər ki, Azərbaycan heç bir ölkəyə hücum eləmir, yalnız məcburiyyət üzündən beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təkbaşına, hərbi yolla bərpa edir, işğalçını cəzalandırır.

Deputat “Zəngəzur dəhlizi”nin əhəmiyyətindən DANIŞDI - Modern.Az Azərbaycan  və dünya xəbərləri

Eyni aqibət Ermənistanı kommunikasiyalar, nəqliyyat yolları, Zəngəzur dəhlizi, sərhədlərin dəqiqləşməsi, nəhayət, böyük sülh müqaviləsi məsələlərində mənasız dirəniş göstərəcəyi təqdirdə gözləyir. Bakı artıq Avropa Birliyindən də bunun üçün “kart-blanş” almış kimidir.

Təbii ki, savaşdan sonra da Azərbaycan sülhpərvər siyasətini davam etdirir, İrəvanı vaxt itirmədən sülh müqaviləsi imzalamağa çağırır. Təəssüf ki, qarşı tərəfdən hələ də pozitiv reaksiya yoxdur. Ona görə ki, məğlub ölkədə günü bu gün də “Bəlkə də qaytardılar” ümidi ilə, xam xəyallarla yaşayırlar. Demək, altını çəkməyə də hazır olmalıdır. Nə barədə ki, İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bir daha xəbərdarlıq edib. Sitat: “Ermənistan hər cür düşmənçilik hərəkətlərindən və ərazi iddialarından çəkinməlidir. Sülh müqaviləsi üzərində çalışsınlar və artıq 21-ci əsrdə normal davranışa riayət etsinlər. İstənilən halda biz qonşuyuq və heç birimiz digər planetə uçası deyilik. Biz yanaşı yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”.

Doğrudur, Brüsseldən qayıdan Nikol Paşinyan bu gün hökumətin iclasında pozitiv danışıb. Məsələn, deyib ki, Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar regionda siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək: “Mən Azərbaycanla sazişin əhəmiyyətini şişirtmək istəmirəm. Ancaq digər tərəfdən, onun önəmini azaltmaq da olmaz. Bu, mühüm anlaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”.

Paşinyan bu haqda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

Ancaq biz əlbəttə ki, real işə, əmələ qiymət verməliyik. Unutmayaq, bu - “Qarabağ Ermənistandır və nöqtə” deyən həmin Nikol Paşinyandır. Yəni erməni vaxtaşırı gücümüzü əyani görməli, başında qapaz hiss eləməlidir. Azərbaycanın bu yöndə təsirli təzyiq imkanları indi heç vaxt olmadığı qədər çoxdur...

Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU