Cənubi Qafqaz regionunda daha bir əməkdaşlıq mexanizmi işə salındı. Belə ki, "3+3" formatı artıq regional reallığa çevrildi. Sadəcə, hələlik bu əməkdaşlıq formatının "3+2" modelində tətbiqi mümkün oldu.
Məsələ ondadır ki, rəsmi Tiflis əvvəlcə bu əməkdaşlıq formatına qatıla biləcəyini bəyan etmişdi. Ancaq sonradan ABŞ-ın bu formata münasibəti elan edildi. Məlum oldu ki, ABŞ-ın maraqlarına problem yarandığı üçün Ağ Ev "3+3" formatının reallaşmasına qarşıdır. Çünki bu format işlək əməkdaşlıq mexanizminə çevriləcəyi təqdirdə, ABŞ da daxil olmaqla, Qərb siyasi iradə mərkəzlərinin Cənubi Qafqaz regionuna müdaxilə imkanları bloklanmış olacaq.
Bunun səbəbləri isə çox sadədir. "3+3" əməkdaşlıq formatı Cənubi Qafqazın gələcək taleyini ABŞ və Qərbin iştirakı olmadan, üç region (Azərbaycan, Gürcüstan və Ermənistan) və üç də regionətrafı (Türkiyə, Rusiya və İran) ölkənin maraqlarının uzlaşdırılması ilə müəyyən etməyə imkan verir. Yəni, bu regionda xüsusi maraqları olan ABŞ və Qərb tamamilə oyundankənar vəziyyətə düşə bilər. Və bu, Ağ Ev üçün qəbuledilməz situasiyanın yaranması deməkdir.
Ona görə də, Ağ Ev Azərbaycan və Türkiyənin ortaq şəkildə təklif etdiyi, Rusiyanın isə həvəslə dəstəklədiyi bu formatı "süngü" ilə qarşıladı. Öz mövqeyini isə Rusiyanın Gürcüstana aid iki bölgəni - Cənubi Osetiya və Abxaziyanı işğal altında saxlaması ilə əsaslandırmağa çalışdı. Eyni zamanda, böyük ehtimalla Ağ Evdən rəsmi Tiflisə təlimat göndərildi. Və nəticədə rəsmi Tiflis məhz Ağ Evin arqumentlərini Gürcüstan adından gündəmə gətirərək, Rusiya ilə eyni əməkdaşlıq formatında iştirak etməyəcəyini bəyanladı.
Əslində isə Gürcüstanın "3+3" əməkdaşlıq formatından imtinası rəsmi Tiflisə Ağ Evdən göndərilən təlimatın nəticəsi olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, bu format Gürcüstanın milli maraqları ilə də tam uyuşmur. Çünki bu əməkdaşlıq formatı yaxın gələcəkdə Gürcüstan üçün böyük əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya xətlərinin əsas marşrutunun Ermənistana yönəlməsini təmin edə bilər. Və bu halda, Gürcüstanın müəyyən maliyyə-iqtisadi itkilərlə üzləşmə ehtimalı olmamış deyil.
Ancaq Ağ Ev Gürcüstanı "3+3" əməkdaşlıq formatından kənara çəkə bilsə də, bu önəmli regional nəqliyyat-kommunikasiya və ticari-iqtisadi prosesi tamamilə bloklamağa nail olmadı. ABŞ-ın geopolitik gücü yalnız "3+3" əməkdaşlıq formatını Gürcüstanın iştirakı olmadan "3+2" modelinə çevirməyə yetdi. Bu baxımdan, Cənubi Qafqazın gələcək taleyində həlledici rol oynaya biləcək bu əməkdaşlıq formatının iflasa uğradılması üçün ABŞ-ın daha bir geopolitik həmlə etməsi lazım gələcək.
Ancaq Ağ Evin belə bir həmlə üçün geopolitik gücünün yetərli olduğundan danışmaq müəyyən mənada, çətindir. Çünki, bu əməkdaşlıq formatının tam iflası yalnız daha bir region ölkəsinin bu prosesdən kənarlaşdırılması ilə mümkün ola bilər. Bu məsələdə isə ABŞ-ın tək bir seçim variantı mövcuddur. Belə ki, indi Ağ Ev nəyin bahasına olursa-olsun, Ermənistanı regional əməkdaşlıq formatından qopartmağa çalışacaq. Və bu, indiki situasiyada o qədər də asan məsələyə oxşamır.
Məsələ ondadır ki, Ermənistan üç üçtərəfli anlaşmaları imzalanmaqla, öz üzərinə konkret öhdəliklər götürüb. İndi Ermənistanın gələcək taleyi böyük ölçüdə həmin üçtərəfli anlaşmaları necə yerinə yetirəcəyindən birbaşa asılı vəziyyətə düşüb. Çünki, Ermənistan hazırda regional blokada şəraitində öz mövcudluğunu qoruyub saxlamağın yollarını axtarmaq məcburiyyətində qalıb. Və bu, Ermənistanı regional əməkdaşlıq formatının iştirakçısı olan digər ölkələrdən asılı vəziyyətdə saxlayır.
Rəsmi İrəvan Ermənistanın gələcək taleyini xilas etmək istəyirsə, ilk növbədə ölkə iqtisadiyyatı üçün yeni və daha etibarlı maliyyə qaynaqları tapmalıdır. Həmin maliyyə qaynaqları isə hazırda Azərbaycanda və regionətrafı ölkələrdə cəmləşib. Deməli, Ermənistan üçün həmin maliyyə qaynaqlarının əlçatan olması ilk növbədə rəsmi İrəvanın qonşu ölkələrlə, xüsusilə də, Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari münasibətlər qura bilməsindən asılıdır.
Ancaq rəsmi İrəvan bu istəyinə ABŞ və Qərbin təlimatlarını icra etməklə, çata bilməz. Yəni, Ermənistan istər-istəməz Azərbaycan və Türkiyənin maraqlarını təmin etməyə məhkum vəziyyətdədir. Çünki, rəsmi İrəvan üçün bu vəziyyəti yalnız Ermənistanın illik xərclərini ABŞ dövlət büdcəsinə daxil etməklə, dəyişmək olar. Və bu, bütün digər önəmli məqamları hesaba qatmadıqdan belə, ən azından beynəlxalq hüquq baxımından, mümkün deyil.
Halbuki, Ermənistan üçün Rusiya faktoru həlledici və taleyüklü xarakter daşıyır. Rəsmi İrəvan Rusiyanın maraqlarını zərbə altında buraxa biləcək radikal addımlar atmaq imkanından çox uzaqdır. Kreml belə radikal addımlara Ermənistanı daxildən qarışdırmaqla cavab verə bilər. Üstəlik, Rusiya Ermənistanı regional hərbi-siyasi məkanda tamamilə təkbaşına buraxmaqla da cəzalandırmaq inkanındadır.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazaları mövcuddur. Belə bir şəraitdə rəsmi İrəvanın Rusiyanın "qırmızı cizgilər"indən saymazyana şəkildə kənara çıxması Ermənistana Gürcüstanın taleyini də yaşada bilər. Bu halda, rəsmi İrəvanın üçtərəfli anlaşmalarla öz üzərinə öhdəliklər götürdüyünü də nəzərdən qaçırmaq olmaz. Çünki, həmin üçtərəfli anlaşmaların icrasından birmənalı şəkildə imtina ehtiyac yaranacağı təqdirdə, Ermənistana qarşı müharibə elan edilməsinə səbəb rolunu oynaya bilər.
Məsələ ondadır ki, rəsmi İrəvan nə qədər inkar etməyə çalışsa da, üçtərəfli anlaşmalarda "3+3" əməkdaşlıq formatı üçün böyük önəm daşıyan Zəngəzur dəhlizinin açılmasına yönəlik öhdəlik mövcuddur. Kreml isə "3+3" əməkdaşlıq formatını həm dəstəkləyir, həm də Rusiyanın regional prioritetləri sırasına daxil etdiyini sezdirir. Ona görə də, Rusiya prezidenti Vladimir Putin Soçidə konkret ad çəkməsə də, dəhliz ifadəsini işlətmişdi: "Cənubi Qafqazda bütün regional dəhlizlərin açılması böyük önəm daşıyır".
Bunun hansı mənaya gəldiyini anlamaq o qədər də çətin deyil. Çünki regionda açılması planlaşdırılan yalnız Zəngəzur dəhlizi ilə bağlı layihə mövcuddur. Üstəlik, Zəngəzur dəhlizi "3+3" formatının əsas təməlini təşkil edir. Bu baxımdan, Kreml Zəngəzur dəhlizini dəstəklədiyini dolayısı ilə biruzə verməyə çalışır. Və rəsmi İrəvanın öz öhdəliyindən birmənalı şəkildə imtina edəcəyi təqdirdə, Azərbaycan Ermənistana savaş elan etsə, Rusiya bu məsələyə qarışmağa həvəs göstərməyə də bilər.
Göründüyü kimi, Ermənistanın ABŞ-dan gələcək təlimatlara uyub, regional şərtlərdən yayınmaq şansları demək olar ki, qalmayıb. Yaxın gələcəkdə üçtərəfli anlaşmalar Ermənistanın istənilən yeni situasiya yaratmaq cəhdlərində savaş elan edilməsinə hüquqi səbəb verə bilər. Və bu baxımdan, ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə planları iflasa məhrumdur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
© 2020 - Created by İLK XEBER.