1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Azərbaycanın Güneyində, Təbrizdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə milli hökumət qurulub. Xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyük olan bu gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbərliyi və bir qrup üzvü, ziyalılar, gənclər bu əlamətdar gün ərəfəsində Birinci Fəxri Xiyabanda olublar.
Öncə Azərbaycan Milli Hökumətinin (1945-1946) sədri olmuş Seyid Cəfər Pişəvərinin məzarı ziyarət edilib. Məzarının üzərinə Bütöv Azərbaycan Ocaqlarının (BAO) və Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının (AZOH, Dirəniş, GADP) adından əklillər qoyulub. Ruhuna dualar oxunub.
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanı Zahir Əlisoy, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Güney Azərbaycan üzrə müavini Babək Türkoğlu, BAO üzvü Anar Can Kıtay çıxış etmişlər.
Çıxışlarda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə, Azərbaycanın Güneyində milli hökumətin qurulmasının xalqımız üçün tarixi və ideoloji əhəmiyyətinin böyüklüyü çatdırılmış, Milli hökumətin fəaliyyət göstərdiyi 1 il ərzində müxtəlif sahələr üzrə gördüyü işlər qeyd edilmişdir.
1945-ci ilin dekabrın 12-də Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulan və daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti vurğulanmışdır.
Daha sonra 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının lideri, mərhum Prezidenti Əbülbəz Elçibəyin məzarı da ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur.