Tehranın simvolu sayılan “Milad Tower” qülləsində “İki ölkə - dost və qardaş İran ilə Azərbaycanın əməkdaşlıqlarının inkişafı yollarının araşdırılması” mövzusunda konfrans keçirilib.
Bu barədə Azərbaycanın İrandakı səfirliyindən bildirilib.
Konfransda Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, İranın ölkəmizdəki səfiri Abbas Müsəvi, İran parlamentinin deputatları, Tehran, Təbriz və Ərdəbil şəhərlərindən gələn iş adamları, diplomatlar, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Azərbaycan vaxtı ilə işğal olunmuş ərazilərindəki şəhər və kəndlərin, məscidlərin, dini, tarixi, mədəni abidələrin erməni vandalları tərəfindən dağıdılmasından və 44 günlük Vətən müharibəsindən sonra orada aparılan quruculuq işlərindən bəhs edilən filmin nümayişi ilə başlanan konfrans mütəxəssislərin çıxışları ilə davam edib.
Tədbirin təşkilatçılarından olan, Tehranda fəaliyyət göstərən İran-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi çıxışında İran və Azərbaycan xalqlarının müştərək dinə, tarixə, mədəniyyətə və adət-ənənələrə sahib olduğunu bildirib. Əhəd Qəzayi Azərbaycanın şanlı qələbəsindən bəhs edərək Qarabağ və digər rayonların işğaldan azad edilməsinin hər iki ölkənin xalqlarının sevinci olduğunu vurğulayıb və Azərbaycanın Vətən Müharibəsindəki zəfəri şərəfinə toxunmuş, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin portreti və “Qarabağ Azərbaycandır” yazısının əks olunduğu xalça tablonu Azərbaycanın İrandakı səfiri Əli Əlizadəyə təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan-İran dostluq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyevin hələ Naxçıvan MR rəhbəri olduğu dövrdə qoyulduğunu bildirib və bu münasibətlərin bugünədək yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycanın İranla münasibətlərinin yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulduğunu bildirən səfir, Azərbaycan Prezidentinin İranla əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərin ermənilər tərəfindən 30 il ərzində məruz qoyulduğu vandallıqlardan, Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində əldə etdiyi Zəfəri ilə azad olunmuş torpaqlarda başlanan bərpa və quruculuq işlərindən bəhs edən səfir Əli Əlizadə, bu qələbə nəticəsində 132 km İran-Azərbaycan sərhədi boyunca azad edilmiş Azərbaycan ərazilərinin də yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını bildirib və iş adamlarını bu ərazilərə sərmayə yatırmağa, quruculuq işlərində yaxından iştirak etməyə dəvət edib.
Səfir son zamanlar iki ölkə rəhbərləri və rəsmiləri arasında keçirilən ikitərəfli görüşlər, əldə olunan razılıqlar, iki ölkənin iqtisadi-ticari əməkdaşlıqları, layihələri və əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verərək iş adamlarını bu imkanlardan istifadə etməyə səsləyib.
Sonra İranın Azərbaycandakı səfiri Abbas Müsəvi, İran parlamentinin üzvü Mahmud Abbaszadə, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri İbrahim İbrahimi və digərləri çıxış edərək iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib, fikirlərini bölüşüblər.
Çıxışlarda hər iki dövlətin daha yaxın əməkdaşlıq etmək üçün böyük potensiala sahib olduğu, bu potensialdan səmərəli istifadə olunması və ortaq layihələrin artırılması gərəkdiyi vurğulanıb.
© 2020 - Created by İLK XEBER.