ABŞ-NATO qüvvələrinin Rusiyaya “hava hücumu” - “Qarabağ və Ukraynaya görədir” iddiası

Qara dəniz üzərində “HOMER 79" çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb, daha bir təyyarə Ermənistan və Azərbaycan sərhədləri yaxınlığında kəşfiyyat uçuşuna çıxıb, dekabrın 3-də isə NATO kəşfiyyat təyyarəsi ilə Rusiyanın sərnişin təyyarəsi toqquşacaqmış; ekspert: ”NATO Rusiyanı provokasiyaya çəkir və ABŞ beynəlxalq konvensiyanı pozur"

Son günlərdə ABŞ-NATO kəşfiyyat təyyarələrinin bölgədə uçuşlarının artması və hətta təhlükəli vəziyyətlər yaratmaları haqda məlumatlar yayılmaqdadır. “Yeni Müsavat” xəbər verir ki, ötən həftə Qara dəniz üzərində “HOMER 79" çağırış nişanlı Amerika kəşfiyyat təyyarəsi görünüb.

Məlumata görə, təyyarə Krım sahilləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirirmiş. ABŞ Hərbi Hava Qüvvələrinin ”38-ci RS / 55-ci WG", “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krit adasındakı bazadan səmaya qalxaraq Qara dəniz bölgəsindəki vəziyyəti araşdırıb. O, Rusiyanın Qara dəniz sərhədi yaxınlığında uçduqdan sonra Ermənistan və Azərbaycan sərhədi boyunca kəşfiyyat uçuşuna çıxıb, daha sonra Gürcüstanın hava sərhədini keçib.

Dekabrın 3-də isə Qara dəniz üzərində NATO kəşfiyyat təyyarəsi ilə Rusiyaya məxsus sərnişin təyyarəsi bir-birinə az qala toqquşma həddinə qədər yaxınlaşıb. Rus pilotlar hündürlüyü min metr azaldaraq marşrutu dəyişmək bahasına qəzadan xilas olublar. Bu, NATO-ABŞ tandeminin öz hegemonluğunu göstərməsi, Qafqazda və Qara dəniz bölgəsində Rusiyaya meydan oxuması anlamına gəlir. Belə görünür ki, Qərb həm Qarabağ, həm Ukrayna məsələsində  Rusiyaya havadan, sudan, qurudan, hərbdən, diplomatiyadan ard-arda mesajlar verməkdədir.

Rusiyalı senator Aleksey Puşkov deyib ki, NATO ölkələri Ukrayna uğrunda döyüşməyəcək. Çünki o, alyansın üzvü deyil. “Bu o deməkdir ki, müqavilənin 5-ci maddəsi ona şamil edilmir və alyansın Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna görə də Ukrayna Qərbi açıq-aydın qaçqınlarla qorxutmağa çalışır. Kiyevdə başqa arqumentlər yoxdur”, - Puşkov qeyd edib. Bəs Kremlin bu hegemon davranışa cavabı necə olacaq?

Azad MƏSİYEV

 Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ başda olmaqla, NATO bloku Rusiyaya qarşı aqressiyanı gücləndirib. Ekspertin fikrincə, ABŞ və NATO Rusiyanı təhdid etməkdədir: “Son dövrlər Qara dənizdə ABŞ hərbi gəmilərinin təlimlər keçməsi Rusiyaya güc nümayiş etdirməkdir. Eyni zamanda kəşfiyyat təyyarələrinin mülki təyyarə koridoruna enməsi və təxribat xarakterli davranışı da göstərir ki, NATO Rusiyanı provokasiyaya çəkir. Amma bu qarşıdurma fəlakətə gətirib çıxara bilər. Ümumiyyətlə, Amerikanın kəşfiyyat təyyarələrinin mülki aviasiya dəhlizinə daxil olması beynəlxalq konvensiyanın və öhdəliklərin pozulması deməkdir. Xüsusən də hərbi təyyarələr girə bilməz”.

A.Məsiyev hesab edir ki, Amerikanın Cənubi Qafqazda da anti-Rusiya siyasəti görünməkdədir: “Bu siyasəti Paşinyanın əli ilə həyata keçirirlər. Son vaxtlar Ermənistan siyasətçilərinin pozucu davranışlarını qeyd etmək lazımdır. Misal üçün, dekabrın əvvəlində Moskvada İşçi Qrupu toplaşdı, nəqliyyat -kommunikasiyalarla, Zəngəzur dəhlizi ilə bağlı qərar olmalıydı, amma erməni tərəfi əsassız bəhanələrlə danışıqları pozdu. Bu, Amerikadan olan təlimatla ortaya qoyulan mövqe idi”.

Samir Hümbətov: Rusiyanı kim və niyə narahat edir? – KAFKASSAM – Kafkasya  Stratejik Araştırmalar Merkezi

Samir Hümbətov 

Siyasi şərhçi Samir Hümbətov bildirir ki, ABŞ kəşfiyyatı tərəfindən yayılan sonuncu informasiyaya görə Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır: “Təbii ki, yayılan bu informasiyanın bir neçə səbəbi ola bilər. Qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək, ikincisi, Rusiya tərəfindən həqiqətən belə bir fikir var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi içindən məlumat sızdırılıb. ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir.

Əgər düşünsək ki, Rusiya Ukraynaya hücum etmək istəyir. O zaman Rusiya tərəfi yaxşı başa düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında sanksiyaların tətbiqi qaçılmaz olacaq, ABŞ-ın başçılıq etdiyi NATO bloku qoşula bilər ki, bu da ya 3-cü dünya müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər. Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz".

Ramiyə Məmmədova: “Türkiyə bu məsələni həll etmək niyyətindədir”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ kəşfiyyat təyyarəsinin Cənubi Qafqazda və Qara dəniz üzərində görünməsi Rusiyaya “əzələ nümayişi” ola bilər: “Lakin Moskvanı çəkindirəcək addımlar bununla məhdudlaşmayacaq. Amerika Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi üçün təzyiqləri artıra bilər. Əslində, məqsəd Rusiyanı bir qədər də aqressivləşdirməkdir, həm də Qərbin bölgədə aktivliyini göstərməkdir”.

Ekspertin sözlərinə görə, Baydenlə Putin görüşəcək və Ukrayna böhranını müzakirə edəcəklər: “Bu görüşə qədər Qara dənizdə qurudan, sudan və havadan olan aktivlik təsadüfi deyil. Liderlərin görüşündə hansısa ciddi razılaşma olacağını gözləməsəm də, Rusiya-Ukrayna müharibəsindən çəkindirmək üçün müəyyən anlaşma olacağı mümkündür. Rusiya Ukrayna ilə müharibə etmək istəmir, amma ABŞ-NATO qüvvələrinin fəallığı da xoşuna gəlmir və faktiki tərəflər bu ölkəni poliqona çeviriblər.  Təbii ki, Qarabağ məsələsində də Rusiyanın dominantlığı Qərbin ürəyincə deyil. Amma ABŞ dövlət katibi Blinkenin açıqlamalarından da göründü ki, Vaşinqton Moskvanın bu məsələdə gücü ilə hesablaşıb”.