Bu gün Bütöv Azərbaycan Ocaqlarının (BAO) yaranmasının 10-cu ildönümüdür.
"Bütöv Azərbaycan Ocaqları" İctimai Birliyi 2011-ci ildə məhz bu gün (19 noyabr) əsasən “Rəsulzadə-Elçibəy Ocağı”nın bazasında ictimai birlik kimi yaradılmışdır.
BAO-ya həmçinin 1990-2000-ci illərdə fəaliyyət göstərmiş AXCP Gənclər Komitəsi, Bütöv Azərbaycan Birliyinin Gənclər Təşkilatı-BAGT, “Savalan” məktəbi, “Turan” Gənclər Təşkilatı və s. millətçi gənclər təşkilatlarının fəalları və milli düşüncəli ziyalılar qoşulmuşdur.
"Bütöv Azərbaycan Ocaqları" İctimai Birliyi olaraq 10 illik fəaliyyətimiz boyunca daim milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşğul olmuşuq, indi də bu yöndə fəaliyyətimizi davam etdiririk.
Fəaliyyətimizin əsas prioriteti Azərbaycanın bütövlüyü olsa da, Türk dünyası və topluluqlarında yaşayan soydaşlarımızı da unutmamışıq. Daim onların həyatında baş verən ictimai-siyasi prosesləri, problemləri istər BAO-nun rəsmi facebook səhifəsində, rəsmi saytında, istərsə də youtube-dəki internet televiziyasında (Bütöv Azərbaycan Ocaqları Televiziyası - BAO TV) işıqlandırmışıq.
BAO olaraq Bütöv Azərbaycan Türklərini, o cümlədən Türk dünyası və topluluqlardakı soydaşlarımızı narahat edən taleyüklü məsələlərdə hər zaman mövqeyimizi ortaya qoymuş, müsbət həlli istiqamətində bacardığımızı etmiş və ya etməyə çalışmışıq.
Təşkilat olaraq fəaliyyətimiz dövründə 280-dən çox rəsmi və digər ictimai tədbirlər, qərarverici orqanların 200-dən çox rəsmi toplantısını keçirilmiş, 220-dan çox rəsmi sənəd qəbul etmişik.
BAO olaraq fəaliyyətimiz boyunca Azərbaycanın taleyüklü məsələlərində, dövlətçiliyimizə qarşı yaranmış, yaranacaq təhdidlərdə, təhlükələrdə daim Azərbaycan dövlətçiliyini müdafiə etmişik, edirik və edəcəyik.
Eldəniz Abbaslı,
BAO Mətbuat Xidmətinin rəhbəri.
Teleqram: @eldenizabbasli; @eldenizabbas
Bakı, 19 noyabr 2021-ci il.