Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra, noyabr ayının10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir.
10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu: Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.
Azərbaycan birgə bəyanatın şərtlərinə əməl olunması istiqamətində özünə aid olan bütün addımları atdı və bu istiqamətdə öz mövqeyini ortaya qoydu. Ermənistan tərəfi birgə bəyanatı bir çıxış yolu olaraq imzalamışdı, yəni özünü tam məhvolmadan xilas etmək üçün. Ermənistan tərəfi birgə bəyanatın şərtlərinə qismən əməl etdi. Ağdam, Laçın, Kəlbəcər birgə bəyanatın imzalanmasından sonra dinc yolla azad olundu, yəni Ermənistan əraziləri tərk etdi. Azərbaycan Ermənistanı bu addımı da atmağa məcbur etdi.
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasının həyata keçirilməsi vacibdir. Rusiyanın bu məsələdə hər zaman sərgilədiyi mövqe ondan ibarət olub ki, birgə bəyanatın şərtlərinə əməl etmək vacibdir. Bu şərtlərə əməl etməmək intihara bərabərdir. Bu, birbaşa Ermənistana işarə edən ifadədir.
Bir sözlə, birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl olunarsa, regionda uzunmüddətli, davamlı sülhün əldə olunması imkanları yarana bilər. Amma Ermənistanın bugünkü təxribatları bu imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə olan halda Azərbaycan tərəfi təxribatlardan əl çəkməyən Ermənistan silahlı birləşmələrinə qarşı tam leqal əsaslarla antiterror əməliyyatlarını həyata keçirə bilər. Biz bütün qonşularımızla dinc yanaşı mövcud olmağa hər zaman üstünlük vermişik.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı üçtərəfli bəyanat çərçivəsində region ölkələrinin iqtisadi inteqrasiyasını artırmaq üçün bölgədə dəmir yolu infrastrukturu, yolların qurulması üçün strateji yol xəritəsi hazırlanıb
Mövcud bəyanatda göstərilən müddəalar bölgədəki vəziyyətin inkişafını, iqtisadi əlaqələrin qurulmasını, infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Hesab edirəm ki, kommunikasiya xətlərinin canlandırılması Ermənistan və Azərbaycan ərazisi üzərindən ticarət və nəqletməni əhəmiyyətli dərəcədə həm bu iki ölkənin, həm də tərəfdaşlarımızın xeyrinə artıracaqdır. Bu proses normallaşmanın əhəmiyyətli amili olacaq, bölgədə və onun hüdudlarından kənarda davamlı sülh və sabitlik üzrə şəraitin yaradılmasında müsbət rol oynayacaqdır.
Əminə Ağazadə
Milli Məclisin deputatı