Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Prezident Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürüb.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.