Azərbaycan keçən ilə qədər otuz il idi ki, ərazilərimizin işğalına, bizə qarşı olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı. Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə mötəbər forumların və digər tədbirlərin keçirilməsidir.
Həm dünya inciləri xəzinəsinin dəyərli siması, dahi şəxsiyyət, mütəfəkkir, görkəmli şair Şeyx Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi, həm də bir xalqın taleyini həll edən olduqca mühüm hadisə– qəhrəmanlıq salnaməsi olan II Vətən Müharibəsinin il dönümüdür.
Əlbəttə belə bir zamnda VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Forumun beynəlxalq əhəmiyyətini bir daha vurğulamaq üçün burada müzakirə edilən məsələləri bir daha nəzərdən keçirək. Dünyanın ən aktual problemi olan COVİD-19 pandemiyası ilə mübarizə, beynəlxalq humanitar yardım, enerji təhlükəsizliyi, regional sülh və əməkdaşlıq məsələləri və neçə-neçə beynəlxalq miqyasda həllini gözləyən və müzakirə obyekti olan məsələlər beynəlxalq forumun gündəliyində öz əksini tapır. .
Əminə Ağazadə
Milli Məclisin deputatı
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır;
Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir.
Ölkəmiz öz qonşularının və eyni zamanda Avropanın enerji təhlükəsizliyinin mühüm meyardır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Son on ay ərzində, Azərbaycan 14 milyard kubmetrdən çox təbii qazı beş Avropa ölkəsinə ixrac edib.
Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Lakin 44 günlük müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır.
Bu cür forumlar regional həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda mühüm rol oynayır. Bakı forumunun keçirilməsi post-müharibə dövründə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. İlk növbədə Bakıdakı foruma qatılan siyasətçilər, aparıcı ölkələrin keçmiş dövlət və hökumət başçıları Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıqlar haqqında məlumat alır, müharibədən sonra regionda böyük ticari-iqtisadi layihələrin reallaşması istiqamətində görülən işləri əyani olaraq izləyə bilirlər.
© 2020 - Created by İLK XEBER.