“Nike” idman geyimlərinin və ayaqqabılarının istehsalı ilə məşğul olan, mərkəzi ofisi ABŞ-da yerləşən transmilli şirkətdir. Şirkətin dünyanın müxtəlif yerlərində, o cümlədən Çin Xalq Respublikasında fabrikləri var.
Milli Basketbol Assosiasiyası Şimali Amerikanı əhatə edir.
Enes Kanter Anadolu türküdür, 1992-ci ildə İsveçrənin Sürix şəhərində doğulub.
Novator.az-ın məlumatına görə, hazırda ABŞ-ın “Boston Seltiks” basketbol komandasının oyunçusu olan Enes Kanter bu günlərdə “Şarlott Hornets” komandası ilə matça üzərində “Müasir quldarlıq” və “Bəhanələrə yox!” yazılmış idman ayaqqabılarında çıxıb.
Kanter eyni zamanda “Twitter” hesabında “HypocriteNike” (Riyakar “Nike”) və “EndUyghurForcedLabor” (Uyğurların istismarına son qoyulsun) həştəqlərı ilə video yayıb.
Videoda o, “Nike” şirkətini Çində türklərin, yəni uyğurların istismar olunmasını sükutla qarşılamaqda günahlandıraraq deyib: “Amerikada ədalətsizliyə gələndə səs-küy salırsınız, ancaq Çindəki ədalətsizliyə susursunuz. Çin polisinin qəddarlığı barədə bir kəlmə dinmirsiniz, bu ölkədə etnik azlıqların sıxışdırılmasına etiraz səsinizi yüksəltməkdən qorxursunuz”.
Ulduz basketbolçu CNN kanalına da açıqlama verib. O deyib: “Heç bilirsiniz ayaqqabılarınızı Çində kim hazırlayır? İnsanların məcburi əməyə cəlb olunması ayaqqabı sənayesini korlayıb. Çində bu üsulun tətbiq edildiyi, məsələn, uyğurların zorla işlədildiyi fabriklər çoxdur. Bu, müasir quldarlıq deməkdir. Milyonlarla uyğur tutulur, qul kimi satılır, əmək düşərgələrinə, həbsxanalara, zavodlara işləməyə göndərilir. Onlar ağır şərtlər altında, şəraitsiz məkanlarda xüsusi nəzarət altında gün boyu çalışırlar.
Hər dəfə “Nike” şirkətinin ayaqqabılarını ayağınıza keçirəndə, köynəklərini əyninizə geyinəndə onları hazırlayanların çəkdiyi zülmü, göz yaşlarını unutmayın, bilin ki, bu ayaqqabılar, köynəklər qana bulaşıb”.
ABŞ Dövlət Departamentinin son hesabatına görə, 2017-ci ildən bəri 2 milyon uyğur və digər etnik azlıq nümayəndələri Çinin Sincan bölgəsindəki düşərgələrdə saxlanır.
Mənbə: CNN.com
© 2020 - Created by İLK XEBER.