“2003-cü ilin oktyabrında ABŞ-da hazırlanmış plan əsasında, eləcə də ABŞ-ın siyasi və maliyyə dəstəyi ilə Gürcüstanda həyata keçirilmiş “qızılgül inqilabı” nəticəsində Mixail Saakaşvili hakimiyyətə gətirildi. Hakimiyyətə gələn andan Saakaşvili gürcü xalqının mənafeyinə deyil, ABŞ-ın strateji planlarını həyata keçirməklə xidmət etməyə başladı. Bəli, daxildə korrupsiyaya qarşı addımlar atdısa da, bu hələ gürcü xalqının sosial problemlərinin həlli demək deyildi. Saakaşvili özünü gürcü xalqının prezidenti kimi deyil, ABŞ-ın səfiri kimi aparırdı”.
Bu fikirləri İlkxeber.org-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyev sabiq prezidentin 8 il sonra vətəninə qayıdaraq Tiflisdə seçkiqabağı həbs olunmasına münasibət bildirərkən deyib.
Onun fikrincə, keçmiş prezident qonşu Rusiya ilə əlaqələrdə, eləcə də milli məsələlərdə yanlışlıqlara yol vermişdi: “Bunun da nəticəsində Gürcüstan torpaqlarının bir hissəsini itirməli oldu. ABŞ-ın təlimatı ilə hərəkət edən Saakaşvili Gürcüstanı qonşusu olan Rusiya ilə düşmənçilik vəziyyətinə gətirdi, bu günə kimi Gürcüstan və Rusiya arasında soyuqluq davam etməkdədir.
Gürcüstanın indiki siyasi hakimiyyəti çalışır ki, Saakaşvilinin fəaliyyəti nəticəsində Gürcüstanı düşdüyü bataqlıqdan çıxarsın, bu baxımdan qonşuları ilə ikitərəfli münasibətləri yaxşılaşdırmaq istiqamətində fəaliyyətini gücləndirib. Gürcüstanın indiki rəhbərliyinin belə siyasəti ABŞ-da narahatlıq yaradır. Bildiyiniz kimi, Türkiyə prezidenti cənab Ərdoğan Cənubi Qafqazda sülhün əldə edilməsi üçün “3+3”, yəni altılıq platformasını təklif edib, bu sahədə intensiv danışıqlar davam etməkdədir. Bu ideyanı Azərbaycan, Rusiya və İran birmənalı qəbul edir, Ermənistan açıq mövqe bildirmir, Gürcüstan isə hələlik tərəddüd edir. “3+3” ideyasının həyata keçməsi ABŞ-ın maraqlarına uyğun gəlmir, belə olduğu halda Cənubi Qafqaz ABŞ-ın təsir dairəsindən uzaqlaşa bilər”.
Ekspert bildirir ki, son zamanlar Gürcüstan rəhbərliyi ilə həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin görüşlərinin intensivləşməsi, Gürcüstanın məlum altılıq platformasına daxil olma ehtimalının olması ABŞ-da narahatlıq yaratmaqdadır:
“Bu baxımdan ABŞ yetişdirdiyi kadrı Mixail Saakaşvilini təlimatlandıraraq, tələm- tələsik Gürcüstana göndərdi. Saakaşvilinin gəlişi Gürcüstanın indiki hakimiyyətinə ABŞ-ın bir mesajıdır. ABŞ-ın müvafiq dairələri Gürcüstanın indiki hakimiyyətinə xəbərdarlıq etmək istəyir ki, əgər Gürcüstan məlum altılıq ideyasını dəstəkləyərsə, bu halda Gürcüstanda yeni inqilab baş verə bilər”.
“Saakaşvili yaxşı bilirdi ki, onun barəsində Gürcüstanda cinayət işi açılıb, ölkəsinə gəldiyi halda saxlanılacaq. Amma Saakaşvili məqsədli şəkildə, inadkarlıqla Gürcüstana gəldi, təbii olaraq hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. Saakaşvilinin arxasında ABŞ-dakı və Avropa İttifaqındakı müəyyən dairələrin dayanığı sirr deyil, görünür, yaxın vaxtlarda həmin dairələr Gürcüstanda yeni siyasi şoular yaradacaqlar”.
© 2020 - Created by İLK XEBER.