İrandan Azərbaycanla son günlər yaşanan gərginliyi yumşaltmağa yönəlmiş bəyanat səslənib. virtualaz.org xəbər verir ki, daxili işlər naziri, general Əhməd Vahidi “Azərbaycanla İran arasında yanlış anlaşılmaların diplomatik yollarla həll ediləcəyini” bildirib. Onun bəyanatından Türkiyənin “Star” qəzeti sitat gətirir.
iLKXEBER.Org virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Azərbaycanla sərhədə yaxın Ərdəbil şəhərində yeni təyin olunan valinin təqdimat mərasimində çıxış edən Vahidi İranın bütün qonşularla dost münasibətlərə önəm verdiyini bildirib. O, İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı yaşanan polemikaya münasibət bildirərək deyib ki, “bəzi ölkələr” Azərbaycanla İran arasında münasibətlərin korlanması üçün “qəsd planı qurub”.
“Yanlış anlaşılmalar və fərqli məsələlər varsa bunlar diplomatik yolla aradan qaldırılacaq. Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğuldur”, - Əhməd Vahidi deyib.
Daxili işlər naziri əlavə edib ki, İran qonşu ölkələri əməkdaşlıq və dialoqa dəvət edir. “İran qonşularla dost münasibətlərə xüsusi önəm verir. Yeni hökumətin siyasətində qonşularla münasibətlər prioritetdir və onlarla dostluq münasibətlərini davam etdirəcəyik. Bütün qonşu ölkələrlə və Azərbaycanla daim dost olduğumuzu bildirdik”, - o vurğulayıb.
Qatı mühafizəkar Əhməd Vahidi Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri olub və indiki prezident İbrahim Rəisinin kabinetində önəmli fiqurlardan biridir.
Xatırladaq ki, İran ordusu Azərbaycanla sərhədin Naxçıvan istiqamətində irimiqyaslı təlimlərə başlayıb və bundan əvvəl bəzi iranlı siyasətçilər, din adamları Azərbaycanın ünvanına iki ölkə arasında münasibətlərə zərər vuran bəyanatlar səsləndiriblər.
© 2020 - Created by İLK XEBER.