Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşmək istəyinin reallaşmasının yolunu göstərib. O deyib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmasa, Türkiyə onunla siyasi-diplomatik münasibətləri bərpa edər.
Qeyd edək ki, Ərdoğan bundan öncə də oxşar bəyanat vermişdi. Avqust ayının sonlarında Türkiyənin cümhurbaşqanı demişdi: “Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət və etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənlik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”.
Ərdoğan o çıxışında da Zəngəzur dəhlizinin açılmasına toxunmuşdu. Sitat: “Bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var”.
Əslində Ərdoğan da, Ali Baş Komandan İlham Əliyev də zaman-zaman Ermənistana qurtuluş yolu təklif edirlər. Paşinyan və komandası bunu dəyərləndirmək istəyir, sadəcə, Ermənistandakı ictimai rəy, bir də siyasi rəqiblərin apardıqları PR buna hələlik imkan vermir. Lakin başqa yolu yoxdur. Gec-tez Ermənistan bu tərslikdən, inaddan əl götürməli olacaq.
Paşinyanın Ərdoğanla Gürcüstan rəhbərliyi vasitəsilə mesajlaşması Bakıda necə qarşılanır?
Hikmət Babaoğlu: “Özünütəcrid siyasəti onların sonunu gətirə bilər”
YAP-çı deputat Hikmət Babaoğlu sualımıza belə cavab verdi: “Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan əslində Ermənistanı regionda yaranmış yeni reallığı qəbul etməyə çağırıb. Bu reallığın müəllifi isə Azərbaycan-Türkiyə müttəfiqliyidir. Hazırda dünyada çox sürətlə yeni beynəlxalq nizamın formalaşması prosesi baş verir və bu prosesdə regionumuzda hadisələrin inkişafını diktə edən tərəf yenə Azərbaycan-Türkiyə ittifaqı və digər tərəfdaş ölkələrdir. Əgər Ermənistan hadisələrlə ayaqlaşıb vaxtında yeni reallığı qəbul edərək doğru qərarlar qəbul etməzsə, nəticədə özünü ən azı 30 il yenidən regional inteqrasiya və əməkdaşlıqdan təcrid edəcək. Ona görə də Ermənistan bunu dərk etməlidir. Ancaq bu ölkədə olan revanşistlər və radikal müxalifət Ermənistan hökumətini daima təzyiq və şantaj altında saxlamaqla prosesin başlamasına mane olur. Nəhayət, son günlər Bakı-Naxçıvan təyyarə reysinin məhz Türk hava yolları vasitəsilə Ermənistan üzərindən baş tutması pozitiv siqnal kimi qəbul edilə bilər. Ancaq bu azdır. Tam əməkdaşlıq üçün bir neçə mühüm məsələlər var ki, onlar öz həllini dərhal tapmalıdır. Bu sırada birinci addım Ərdoğanın vurğuladığı kimi, ermənilərin tarixi düşmənçilik mənbəyinə çevirməkdən əl çəkmələri olmalıdır. İkinci, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalı və nəhayət, Zəngilan dəhlizinin açılması üçün real addımlar atılmalıdır. Əslində bütün bunlar Bakı-Ankara xəttinin rəsmi İrəvana tanıdığı tarixi fürsətdir və Ermənistan bunu qiymətləndirməyi bacarmalıdır. Əks təqdirdə, özünütəcrid siyasəti onun sonunu gətirə bilər”.
Ceyhun Məmmədov: “Ermənistan gec-tez bu məsələyə gələcək”
YAP-çı deputat Ceyhun Məmmədov Ermənistanın çıxış yollarının qalmadığını qeyd etdi: “Bilirsiniz ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan tərəfin üzərində durduğu əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Təəssüf ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də o razılaşmanın bəndləri icra olunmur. Dəfələrlə Azərbaycan və Türkiyə tərəfi Ermənistana mesaj verib. Qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan da bu məsələyə toxunub. Bu gün Ermənistanın şansı var ki, Türkiyə ilə münasibətləri bərpa etsin. Bunun üçün də düşmən ölkə dəhlizin açılmasına şərait yaratmalıdır. Bu gün Ermənistanda müəyyən proseslər gedir. Əslində vaxtı uzatmaqla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanın mövqeyi prinsipialdır. Rəsmi Bakı bu məsələdə sona qədər fəaliyyətini davam etdirəcək. Digər tərəfdən, Türkiyənin altılıq formatı kimi bir təklifi var. Həmin yanaşmaya əsasən, Azərbaycan, Türkiyə, o cümlədən Gürcüstan bu formata qoşulmaqla fəaliyyətini davam etdirə bilər. Bu gün Gürcüstanın həm Türkiyə, həm də Ermənistanla münasibətləri yaxşıdır. Hesab edirəm ki, ümumilikdə bu vasitəçiliyi Gürcüstanın götürməsi normaldır. Bu ümumi prosesə öz töhfəsini verə bilər. Bölgənin inkişafı bu regionda yerləşən bütün ölkələrin birgə əməkdaşlığından gedir. Əslində Gürcüstan da bu münasibətlərin bərpasında maraqlı olmalıdır. Düşünürəm ki, bu ölkənin yerləşdiyi yerə və Türkiyə ilə Ermənistanla münasibətlərə görə vasitəçi olması ən uyğunudur. Burada Türkiyə tərəfin mövqeyi daha aydındır. Dəfələrlə bunu ifadə edib. Sadəcə, Ermənistan mövqeyini dəyişməli, ictimai rəyi buna hazırlamalıdır. Bu ölkənin qurtuluşu bölgə ölkələri ilə münasibətlərdən keçir. Ermənistan gec-tez bu məsələyə gələcək. Amma 30 il itirən Ermənistanın artıq limiti qalmayıb. Bütün bölgə dövlətləri çalışmalıdır ki, bölgəyə sülh gəlsin”.
Əhəd Məmmədli: “Bundan Azərbaycanın xəbəri var”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Bəli, belə məlumatlar gedib ki, Gürcüstan vasitəsilə Türkiyə-Ermənistan mesajlaşması gedir. Fikrimcə, bundan Azərbaycanın xəbəri var. Yəni rəsmi Ankara ölkəmizin razılığı ilə bunu edir. Düşünürəm ki, bu, Azərbaycanın da maraqlarına cavab verir. Çünki bilirsiniz ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar rəsmi Bakının sərt tələbləri var. Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması barədə açıqlamaları var idi. Zənn edirəm ki, artıq Zəngəzur dəhlizinin açılmasına Ermənistan hazırlıq işləri görür. Etirazlara gəlincə, bəli, etirazlar var. Amma düşünürəm ki, son seçkilərdə qalib gəlməsi ilə Paşinyan kreslosunu bir az da möhkəmləndirdi. Bu baxımdan Zəngəzur dəhlizinin açılması ilə Ermənistanda ciddi etirazların baş qaldıracağını da güman etmirəm”.
© 2020 - Created by İLK XEBER.