Azad Məsiyev
Rusiyada Dövlət Dumasına, həmçinin yerli və məhəlli seçkilərdə səsvermənin üçgünlük proseduru başa çatıb. Sentyabrın 20-də Rusiya Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmə görə, Dövlət Dumasına keçirilmiş seçkilərndə səslərin 80,19 faizi sayılıb.
Prezident Vladimir Putinin Vahid Rusiya Partiyası 49,4 faiz səslə liderlik edir. İlkin hesablamalara görə, partiya Dövlət Dumasında 315 yer əldə edəcək.
Bundan başqa, Rusiya Federasiyası Kommunist Partiyası - 21,40 faiz, Rusiya Liberal Demokrat Partiyası - 8,07 faiz, Ədalətli Rusiya - Həqiqət Üçün - 7,62 faiz, “Yeni insanlar” bloku- 5,97 faiz səs toplayıb.
Qeyd edək ki, seçkilər 19 sentyabr tarixində Moskva vaxtı ilə saat 21: 00-da Rusiyanın bütün bölgələrində başa çatıb. Vahid Seçki Günü çərçivəsində Rusiyada bir federal seçki keçirildi - ölkə vətəndaşları səkkizinci çağırış Dövlət Dumasının deputatlarını seçdilər.
Beləliklə, seçkidə sürpriz olmadı. Vladimir Putin böyük ustalıqla ən ciddi rəqibini-Aleksey Navalnını oyundankənar vəziyyətə saldı. Halbuki bu ilin əvvəllərində Navalnı aktivləşmişdi. Onun seçkidə Putin üçün ciddi problemlər yaradacağı proqnozlaşdırılırdı. Navalnının arxasında ABŞ-ın dayandığı, Qərbdən dəstək aldığı iddiaları vardı. Putin isə onu həbs etdirdi, tərəfdarlarını seçkiyə buraxmadı. Bununla da məsələ bitdi.
Azad Məsiyev
Politoloq Azad Məsiyev “İlkxeber.org”a bildirdi ki, Rusiya oturuşmuş dövlətdir, kifayət qədər dövlətçilik və seçki keçirmək təcrübəsi var. Dövlət strukturları çox ciddi şəkildə öz funksiyasını yerinə yetirir. Birmənalı şəkildə qəbul olunub ki, Rusiyada Vladimir Putinə alternativ lider yoxdur. Putinin istər hakimiyyət daxilində, istər xalqın içində, istər beynəlxalq aləmdə reytinqi yüksəkdir. Rusiyada xalq ölkəni hazırkı dönəmdə idarə edə biləcək və dünya güclərinin qarşısında ayaq üstə saxlanağı bacaran yeganə liderin məhz Vladimir Putin olduğuna əmindir. Bu kimi amillər şübhəsiz ki, seçkilərdə seçicilərin böyük hissəsinin məhz Putinin liderlik etdiyi partiyaya səs verməsini təmin edir: “Bu dəfə də belə oldu. Xalq seçkidə əslində Vladimir Putinə səs verdi. Vahid Rusiya Partiyasının seçkinin qalib olacağı şübhəsiz idi".
A.Məsiyev vurğuladı ki, başda Amerika olmaqla Qərb seçkiləri Rusiyanı silkələmək, qarışdırmaq üçün fürsət bilirdi. Göründüyü kimi, onların həm Navalnı planı, həm də bu planı baş tutmadı: “Ola bilsin ki, Navalnının və tərəfdarlarının seçkidən kənarda qalmasından sui-istifadə edib seçkinin nəticələrini şübhə altına alan dövlətlər və beynəlxalq təşkilatlar olacaq. Ancaq bu da heç bir təsirini göstərməyəcək. Seçkini izləyən yerli və xarici müşahidəçilər ciddi qanun pozuntuları olduğu barədə fikir səsləndirməyiblər. Bu seçkilərlə Rusiyanı qarışdırmaq kimi planlar baş tutmadı. Odur ki, artıq bundan sonra ABŞ-dan və Qərbdən Rusiyadakı seçkilərlə bağlı səsləndiriləcək fikirlərin heç bir təsiri olmayacaq”.
Ekspert qeyd etdi ki, Rusiyada müxalifət təkcə Navalnıdan ibarət deyil. Müxalifət qüvvələri var və onların bir hissəsi son seçkilərdə Dumada yerlər qazanıblar: “Sadəcə olaraq, qeyd etdiyim kimi, Vladimir Putinin reytinqinin yüksək olması xalqın böyük hisəssinin müxalifətə deyil, məhz Putinin partiyasına səs verməsinə səbəb olur”.
Ekspertlər onu da qeyd edir ki, növbəti prezident seçkilərinin keçiriləcəyi 2024-cü il faktoru indiki seçkilərdə çox mühüm rol oynayır. Belə ki, həmin seçkilər məhz indi formalaşan Dövlət Dumasının dövründə keçiriləcək. Dumaya seçkilərin nəticələri isə Putinin mövqelərini bir qədər möhkəmlətmiş oldu.
© 2020 - Created by İLK XEBER.