Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəd (Qazax rayonu istiqaməti) Voskepar (Əskipar) kəndində Rusiya sərhədçilərinin yerləşdirildiyini açıqlayıb. Məlumatda deyilir ki, hazırda kənddə Rusiya sərhədçilərinin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür.
Erməni KİV-in məlumatlarına görə, Rusiya sərhədçiləri kənddəki evlərdən birində yerləşiblər, söhbət çox güman ki, bir taqım əsgərdən gedir. Yəni Rusiyanın Voskepar kəndində hərbi iştirakı əsasən simvolik xarakter daşıyır. Virtualaz.org-un yaydığı məlumata görə, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Azərbaycanla sərhəd boyu Rusiya sərhəd qoşunlarının postlarının yerləşdirilməsini təklif edir və bu məsələni rusiyalı tərəfdaşlarla müzakirə edəcək. Paşinyan əsasən dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətindən keçən hissəsini nəzərdə tuturdu, hansı ki, həmin istiqamətdə tez-tez atışmalar baş verməkdədir. Rusiyada Paşinyanın bu təklifinə ya sükutla reaksiya verdilər, ya da (ayrı-ayrı siyasətçilər və ekspertlər səviyyəsində) əsasən müsbət yanaşmadılar. Ekspertlər qeyd etdilər ki, sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsini Azərbaycanla da müzakirə etmək lazımdır, hansı ki, Bakı buna heç cür razılıq verməz. İndi isə Rusiya sərhədçiləri bilavasitə Azərbaycanla sərhəddə olmasa da, Ermənistanın Qazax istiqamətindəki sərhəd kəndində yerləşiblər. Bəs bu nədən xəbər verir? Xüsusən də Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunmuş, anklav vəziyyətində olan kəndlərinin qaytarılacağı haqda vaxtaşırı olaraq şayiələrin (əsasən erməni KİV-lərində) yayıldığı bir vaxtda.
Hərbi ekspert Karen Ovanesyan hesab edir ki, Rusiya sərhədçilərinin Voskepar kəndində iştirakı anklav ərazilərin geri qaytarılmasına hazırlıqdır. Belə ki, Rusiya sərhədçiləri Azərbaycanın əsas əraziləri ilə Qazaxın həmin anklav kəndləri arasında gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün ora yerləşdirilə bilərdi. “Əks halda Rusiya sərhədçilərinin orada yerləşdirilməsi üçün heç bir tutarlı səbəb yoxdur. Bu, həmin kəndlərin qaytarılmasına hazırlıq və onların təhlükəsizliyini təmin etmək üçün edilir”,-o deyib. Ovanesyan təxmin edir ki, Ermənistan həmin kəndləri qaytarmaqla bağlı güzəştə gedib və məsələ yaxın 1-2 ildə həll oluna bilər. Paşinyan hökuməti dəfələrlə Qazaxın kəndlərinin qaytarılmasına dair gizli öhdəlik götürməkdə günahlandırılıb. Lakin indiki halda ola bilsin Rusiya sərhədçilərinin Voskeparda yerləşdirilməsi sərhəd boyu eskalasiyanın bu istiqamətə də yayılmasını önləmək məqsədi daşıyır.
Düzdür, Ermənistanda hər hansı bir statusda Rusiya qoşunlarının yerləşdirilməsi yenilik deyil və əslində çoxdan gözlənilirdi. Hələ aylar öncə Rusiyanın İrəvandakı səfiri Zəngəzura səfər edərək oradakı rus hərbçilərlə görüşmüş, sərhədlərin delimitasiya və demarkaskiyası ilə məşğul olan Azərbaycan hərbçilərinin tutduğu mövqeləri təşviş və həyəcanla izləyən erməniləri sakitləşdirməyə çalışmışdı. Hətta bunun ardınca ABŞ-ın və İranın Ermənistandakı səfirləri də Basarkeçərə səfər edərək rəsmi İrəvanın yanında olduqlarını nümayiş etdirməyə cəhd göstərdilər. Fransa da bölgəyə öz hərbçilərini yerləşdirməyə maraqlı olduğunu nümayiş etdirib. Ancaq heç şübhəsiz Rusiya Ermənistanın Azərbaycanla sərhədlərini başqa dövlətə güzəştə gedə bilməzdi. Çünki bu halda Rusiyanı düşmən elan etmiş qüvvələ Cənubi Qafqaza asan giriş imkanı əldə edərdilər. Bu mənada rus hərbçilərinin Ermənistanın Tavuş bölgəsində görünməsi təəccüb doğurmur. Ermənistanın müstəqilliyinin ilk günlərindən Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazası var. Ermənistan-İran və Ermənistan-Rusiya sərhədini də indiyə qədər Rusiya hərbçiləri qoruyurdu. Bundan əlavə, İrəvan hava limanının sərhəd keçid məntəqəsində Rusiya hərbçiləri yerləşdirilib. Ermənistan-Azərbaycan sərhədinə gəldikdə, Rusiya sərhədçiləri Ermənistanın istənilən ərazisində yerləşdirilə bilər və burada heç bir halda Azərbaycan ərazisinə müdaxilədən söhbət gedə bilməz. Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsindən yerləşdirilməsi delimitasiya prosesinin vacibliyini bir daha labüd edir. Sərhədin delimitasiyası prosesi çərçivəsində Qazax rayonunun yeddi kəndi və Kərki kəndi işğaldan azad edilməlidir. Geniş anlamda götürdükdə Azərbaycan üçün qarşı tərəfdə, Ermənistan ərazisində kimin sərhəd mühafizəsinin həyata keçirəcəyinin bir o qədər ciddi əhəmiyyəti yoxdur. Beynəlxalq hüquqi baxımdan yanaşdıqda, bu. Ermənistanın və erməni xalqının müstəqil qərarıdır. Azərbaycan da istərdi ki, qonşuluğunda sivil bir dövlət olsun. Amma Ermənistanda gedən proseslər, o cümlədən Ermənistanın müstəqilliyinin məhdudlaşdırılması Azərbaycanın seçimi deyil. Azərbaycan üçün əsası odur ki, ölkəmizin sərhədləri üçün təhlükə olmasın. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası təmin olunsun. Azərbaycan tərəfi həmişə bəyan edirdi ki, Ermənistan müstəqil dövlət deyil və koloniyadır. Dövlət başçımız da dəfələrlə bununla bağlı özünün prinsipial mövqeyini bəyan edib. Ermənistanın Azərbaycan ilə sərhədinin mühafizəsinin tam şəkildə Rusiyanın nəzarəti altına keçməsi Ermənistanın suverenliyinin əsaslı şəkildə məhdudlaşmasıdır. Azərbaycan artıq qonşuluğunda Ermənistan adlı müstəqil dövlətin olduğunu düşüncəsini dəyişməli və bu istiqamətdə də Rusiya ilə qonşu olduğu yanaşmasına keçməlidir. Dağıstana tətbiq etdiyimiz yanaşmanı Ermənistana da yəqin ki tətbiq etməliyik. Amma kimsə rus qoşunlarının arxasında gizlənib Azərbaycana atəş açacqsa, layiqli cavabını alacaqdır. Artıq 80-ci illərin sonu və ya 90-cı illərin əvvəllərində cərəyan edən hadisələr çoxdan bitib. O zaman sovet qoşunlarının mühafizəsinə sığınan erməni hərbi qruplaşmaları mülki Azərbaycan əhalisinə atəş açıq və qırğınlar törədirdilər. Bu kimi qanunsuz hərbi birləşmələri neytrallaşdırmağa isə sovet qoşunları imkan vermirdi. Sərhəddə baş vermiş son insidentdə və Vətən müharibəsi zamanı baş vermiş hadisələrdə Azərbaycan öz qətiyyətini nümayiş etdirmişdir. Ermənistanın Azərbaycan ilə sərhadyanı ərazilərində Rusiya sərhədçilərinin yerləşdirilməsi Ermənistan ordusunun Vətən müharibəsindəki tarixi qələbədən sonra imkanlarının əsaslı dərəcədə məhdudlaşmasıdır. Demək olar ki, Ermənistan ordusu yoxdur. Ermənistan ordusunun bərpası üçün milyardlarla vəsait və çoxlu sayda şəxsi heyət lazımdır. 5000 nəfərdən artıq itki və 12.000 nəfərdən artıq yaralı və şikəst insan sayını orduda bərpa etmək 2 milyondan az əhalisi olan Ermənistan üçün qeyri-mümkün missiyadır. Eyni zamanda indiyə qədər Ermənistanda ayrıca sərhəd mühafizə xidməti olmamışdır.
Deputat Ceyhun Məmmədov Musavat.com-a bildirdi ki, Ermənistanın Azərbaycan ilə sərhadyanı ərazilərində Rusiya sərhədçilərinin yerləşdirilməsi Ermənistanın bir daha müstəqil dövlət olmadığını göstərir: “Artıq Ermənistanın müstəqil dövlət olmadığı hər kəs tərəfindən bilinməlidir. Bu, həm də Ermənistanın müharibədə çoxlu sayda itkiləri ilə bağlıdır. Ermənistan ordusu Azərbaycan tərəfindən tamamilə darmadağın edilib. Qarabağ müharibəsində Ermənistan 10 minlərlə itki verib”. Millət vəkili xüsusilə qeyd etdi ki, Ermənistanda hansısa dövlətin ordusunun yerləşdirlməsi bu ölkənin müstəqil hüququdur: “Ancaq Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsindən yerləşdirilməsi delimitasiya prosesinin vacibliyini bir daha zəruri edir. Sərhədin delimitasiyası prosesi çərçivəsində Qazax rayonunun yeddi kəndi, həmçinin Kərki kəndi işğaldan azad edilməlidir. Eyni zamanda, Ermənistan sərhəddə davamlı olaraq atəşkəsin pozulmasına son qoymalıdır”. C.Məmmədov xüsusi xəbərdarlıq etdi: “Ermənistanın ağlı 80-ci illərin sonu və ya 90-cı illərin əvvəllərində cərəyan edən hadisələrə getməsin. O zaman sovet qoşunlarının mühafizəsinə sığınan erməni hərbi qruplaşmaları mülki Azərbaycan əhalisinə atəş açır və qırğınlar törədirdilər. Bu kimi qanunsuz hərbi birləşmələri neytrallaşdırmağa isə sovet qoşunları imkan vermir və belə halların baş verməsinə şərait yaradırdı. Hazırda Azərbaycan ordusu dünyanın 50 güclü ordusundan biri sayılır. Ermənistanın törətdiyi ən kiçik təxribatın belə qarşısı çox qətiyyətlə alınır və hər zaman alınacaq”.
Politoloq İlyas Hüseynov qeyd etdi ki, Ermənistanın bir layihə olduğu beynəlxalq münasibətlərlə məşğul olan şəxslərə gün kimi aydındır: “Hər keçən gün ərzində Ermənistanın suverenliyindən və müstəqilliyindən, daxili və xarici siyasətindən heç bir əlamət olmadığı üzə çıxır. Azərbaycan tərəfi çox istərdi ki, qonşuluğunda müstəqil xarici siyasət yürüdə bilən, sivil dövlət olsun. Amma Ermənistanda gedən proseslər, o cümlədən Ermənistanın müstəqilliyinin məhdudlaşdırılması Azərbaycanın istəyi ilə baş vermir. Ermənistanın bu günə kimi Türkiyə və İranla sərhədlərini Rusiya qoruyurdu. Yeni geosiyasi reallıqlar şəraitində Azərbaycanla da sərhədlərin Rusiya tərəfindən qorunması ilə bağlı Ermənistanda müxtəlif təşəbbüslər həyata keçirilir. Bu barədə 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatdan sonra fikirlər daha geniş yayılmağa başlayıb. Buna görə də Ermənistanda hər hansı bir statusda Rusiya qoşunlarının yerləşdirilməsi yenilik hesab oluna bilməz”. Lakin İ.Hüseynov qeyd etdi ki, burada heç bir halda rusiyalı hərbi qulluqçuların Azərbaycan sərhədləri daxilində yerləşdirilməsində söhbət getmir: “Proseslərin bu məcrada getməsi də göstərir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mühüm xarakter daşıyır. Bu gün Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyil. Eyni zamanda bu günə qədər Ermənistanda ayrıca sərhəd mühafizə xidməti anlayışı olmayıb. Vətən müharibəsində Ermənistan ordusu darmadağın edildi. Ermənistan ordusunun bərpası üçün milyardlarla vəsait və çoxlu sayda şəxsi heyət lazımdır. 5000 nəfərdən artıq itki və 12.000 nəfərdən artıq yaralı və şikəst insan sayını orduda bərpa etmək 2 milyondan az əhalisi olan Ermənistan üçün qeyri-mümkün missiya kimi görünür”.
Politoloqun sözlərinə görə, rəsmi Bakı üçün əsas odur ki, ölkəmizin sərhədləri üçün təhlükə olmasın: “Ermənistanın Azərbaycan ilə sərhədinin mühafizəsinin tam şəkildə Rusiyanın nəzarəti altına keçməsi Ermənistanın suverenliyinin əsaslı şəkildə məhdudlaşması kimi dəyərləndirilir. Lakin Ermənistan tərəfinin rus qoşunlarının arxasında gizlənib Azərbaycanın mövqelərini atəşə tutması ilə bağlı fəaliyyətin qarşısı amansızlıqla alınacaq və bu cür təşəbbüslər Ermənistan üçün faciəvi sonluqla nəticələ bilər. Artıq 80-ci illərin sonu və ya 90-cı illərin əvvəllərində cərəyan edən hadisələr çoxdan bitib. Ermənistanın qarşısında iqtisadi cəhətdən tamamilə müstəqil, güclü ordu potensialına malik olan Azərbaycan dövləti vardır. 90-cı illərdə sovet qoşunlarının mühafizəsinə sığınan erməni hərbi qruplaşmaları mülki Azərbaycan əhalisinə atəş açır, kütləvi qırğınlar törədir və etnik təmizləmə siyasəti həyata keçirirdilər. Bu gün bu cür ssenariləri düşünmək Ermənistan üçün siyasi və hərbi cəhətdən intihar kimi qiymətləndirilir”.
Qeyd olunduğu kimi, Azərbaycan ordusu sərhədlərini son qarışınadək qorumağa qadirdir və bunu dəmir yumruğu ilə hər gün nümayiş etdirir. Düşmənin ötən saatlarda törətdiyi təxribatların da qarşısı qətiyyətlə alımıb. Bu isə bir daha sübut edir ki, Ermənistan hansısa qüvvənin arxasında gizlənib, ərazi bütövlüyümüzə qəsd etmək istiqamətində növbəti dəfə xəyallar quracaqsa, “ağası”nın kimliyindən asılı olmayaraq, cavabını alacaq, 44 günlük savaşda olduğu kimi. Ermənistanın müdafiə nazirinin 5 avqustda meşavirə keçirərək Azərbaycan hərbçilərinə qarşı dərhal silah tətbiq etməklə bağlı əmr verməsi də düşmənin qudurğanlığını və həmin gün sərhəd bölgəsinə yerləşdirilmiş rus sərhədçilərinə arxayınçılığı göstərir. Lakin unutmasınlar ki, Azərbaycan müdafiə naziri də istənilən təxribata qarşı dərhal sərt tədbir vermək əmrini verib. Bu arada Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Kəlbəcər rayonunda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib. Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi şərait yaradılıb. Nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Elşad Paşasoy,
Musavat.com
© 2020 - Created by İLK XEBER.