Brüsseldən Şuşaya uzanan yol - ŞƏRH

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO toplantısı çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşdən sonra verdiyi açıqlamalarda və suallara cavablarından bu qənaətə gəlmək olar ki, tərəflər arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmadı. Bir görüşlə bütün məsələlərin həll ediləcəyi əvvəlcədən də gözlənilmirdi. Vaşinqton nə Suriyada PKK-ya bağlı terrorçulara dəstəkdən vaz keçəcək, nə də Pensilvaniyada rahat həyat sürən Fətullah Güləni Türkiyəyə iadə edəcək. F-35 təyyarələri və S-400 raketləriylə bağlı məsələdə də fikir ayrılığı davam edir”.  


Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, buna baxmayaraq, iki böyük dövlətin lideri arasında dialoq mühitinin formalaşması tərəflər üçün faydalıdır: “Digər tərəfdən liderlər fikir ayrılığı yaradan mövzuların diplomatlar və hərbçilər səviyyəsində müzakirələrinin davam etdirilməsi zərurətini vurğuladılar. Misal üçün iki dövlət arasında bir çox fikir ayrılığına baxmayaraq, Əfqanıstanda əməkdaşlıq davam edəcək. Bayden qarşısına məqsəd qoyub ki, bu ilin 11 sentyabrına qədər ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Ancaq Vaşinqton və NATO ondan da narahatdır ki, bundan sonra Əfqanıstan yenidən qarışa bilər və illərlə bu ölkədə çəkdikləri əziyyət hədər gedə bilər. Bu baxımdan Türkiyə hərbçilərinin strateji əhəmiyyətli Kabil hava limanında təhlükəsizliyi təminat etməsinə davam etməsi həm ABŞ, həm də NATO-nun xeyrinədir.  Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi. Bayden keçmişdə Türkiyədə olub. Ancaq Ərdoğan bu dəfə prezident Baydeni Ankarada görmək istəyir. O, Baydendən başqa münasibətlərində problem yaşadığı Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiryakos Mitsotakislə də görüşdü. Hiss olunur ki, Makron Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır. Ərdoğan da Fransa ilə əməkdaşlığını keçmişdəki axarına qaytarmaq istəyir. Əlbəttə, Türkiyə ilə Fransa arasında müxtəlif bölgələrdə rəqabət davam edəcək. Ancaq bu rəqabəti müvafiq oyun qaydaları çərçivəsində də aparmaq mümkündür. Ərdoğanın Yunanıstanın baş nazirinə də vacib təklifi olub: “Aramızda problem olanda üçüncü dövlətləri bu işə qarışdırmayaq, birbaşa telefon əlaqəsi saxlayaq”.  NATO toplantısı başa çatdı. Heç bir lider münasibətlərdə gərginlik istəmədəyini bu toplantıda ortaya qoydu, önəmli olan verilən vədlərin yerinə yetirilməsidir. NATO toplantısında Qarabağ barədə fikir mübadiləsi olmadı. Lap yaxşı, dəstək istəmirik, əsas odur ki, bizə mane olmasınlar. NATO bizə mane olmur. Rəcəb Təyyub Ərdoğan Brüsseldəki mətbuat konfransını bu sözlərlə bitirdi: “Azərbaycana gedirəm”. Azərbaycan və Şuşa Ərdoğanı səbirsizliklə gözləyir”.