Prezident və xanımı yenidən Qarabağda - görülən işlərlə tanış oldular və ...

Ekspertlər Şuşada iki qardaş ölkənin rəhbərinin tarixi görüşünü şərh etdilər; “İmzalanacaq sənəd bütün sahələri əhatə edəcək və Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyi rəsmiləşdirəcək”

İyunun 14-də Brüsseldə, NATO dövlət və hökumət başçılarının zirvə toplantısına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq.

Türkiyə Prezidenti Füzuli rayonuna gedəcək, daha sonra Türkiyənin məşhur şirkətlərindən birinin də iştirakı ilə inşa olunan Zəfər yolu ilə Azərbaycanın qürur qalasına - Şuşaya gedəcək və orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iki dost, qardaş dövlət, bir millət üçün vacib olan məsələlər müzakirə olunacaq, önəmli sənədlər imzalanacaq. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər səfəri böyük hadisə kimi qiymətləndirilir. Ancaq budəfəki səfər bir başqadır, çünki səfər proqramında 28 il yarımdan sonra Ermənistanın işğalından azad olunmuş tarixi Azərbaycan şəhəri, Azərbaycan Mədəniyyətinin Paytaxtı Şuşa şəhərini ziyarət var.

Türkiyə Prezidenti bəyan etdiyi kimi, Şuşaya ailəlikcə gedəcək. Necə ki, Azərbaycan Prezidenti artıq neçənci dəfədir ailəvi ziyarət edir Şuşamızı.

Artıq dövlətimizin başçısı Şuşadadır. Tarixi görüş ərəfəsində Müzəffər Ordumuzun Ali Baş Komandanı cənnət Qarabağımızın gözəl məkanında qardaşını qarşılayacaq. 

Antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər. Musavat.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub. Prezidentə körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Növbəti ürəyimizi riqqətə gətirən, gözlərimizi yaşardan xəbər: iyunun 14-də Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. İllərdir arzusunda olduğumuz işlər çin olur. Daşaltıda şəhid olan qəhrəmanlarımızın da ruhu şaddır, inşallah!

Ərdoğan Şuşaya gedəcəyi tarixi AÇIQLADI - Unikal.org

Üstəlik, bu, sadəcə, ziyarət səfəri olmayacaq. Həm də qeyd olunduğu kimi, önəmli müzakirələrin aparılmasından sonra iki qardaş ölkənin əməkdaşlığını ən üst səviyyədə inkişafına töhfələr və imkanlar yaradan sənədlərin imzalanması baxımından tarixi əhəmiyyət kəsb edən hadisə baş verəcək. Tam mübaliğəsiz demək olar, əgər prezidentlərin Şuşa səfərində heç bir sənəd imzalanmasa belə, bu səfər tarixi məna kəsb edəcəkdi. Bir anlıq təsəvvür 270 illik tarixində Şuşaya baş çəkən dövlət xadimlərinin sırasında Rəcəb Tayyib bəyin də adı əlavə olunur! Özü də kürək-kürəyə verən iki qardaş dövlətin liderinin Şuşa Qalasında, Cıdır düzündə birgə görünmələri yetər ki, düşmən və havadarları öz yerini bilsinlər.

***

Azərbaycan və Türkiyə prezidentləri Şuşadan Bakıya döndükdən sonra Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Qeyd edək ki, cənab Ərdoğan özü də Azərbaycan səfərinə böyük önəm verir. Türkiyə Prezidenti çıxışlardından birində qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması başda Ermənistan olmaqla, regiondakı bütün tərəflərə yeni şans verib. Türkiyə lideri Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə irimiqyaslı müqavilə imzalayacaqlarını bildirib. “Bu, Türkiyə ilə Azərbaycan arasında hərtərəfli müqavilə olacaq”, - deyə cənab Ərdoğan əlavə edib.

Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında səfər etmişdi. Qardaş ölkənin lideri 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra keçirilən Zəfər paradında nitq söyləmişdi, Azadlıq meydanının tribunasında qardaşı İlham Əliyevlə çiyin-çiyinə dayanaraq dost-düşmənlərə mesajlar vermişdi. Budəfəki səfərlə bağlı isə gözləntilər çox böyükdür.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında Türkiyə liderinin Azərbaycana səfərini yüksək dəyərləndirdi: “Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr sürətlə inkişaf edir. Bu əlaqələr özünü daha çox hərbi və iqtisadi sahədə büruzə verir. Türkiyə Vətən müharibəsi dövründə Azərbaycana öz dəstəyini əsirgəmədi. Hər zaman ölkəmizə siyasi və mənəvi dəstək verdi. Səfərdə Ermənistana, eləcə də Ermənistanın havadarlarına da ciddi mesajlar var”.

Deputat Ceyhun Məmmədov: “Cəbrayıllılarla dil tapmaq o qədər də çətin  deyil” - MÜSAHİBƏ

Ceyhun Məmmədov

Millət vəkili əmindir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “Hər iki ölkə Ermənistanın hansısa kiçik olsa belə, təxribat törətməsinə imkan verməyəcək. Hesab edirəm ki, Ermənistan tərəfi bu səfərdən öz dərsini alacaq. Hazırda Türkiyə şirkətləri Qarabağda dirçəliş prosesində fəal iştirak edirlər. Fikrimcə, imzalanan sənədlər daha çox iqtisadi və hərbi sahədə əməkdaşlığı ehtiva edəcək. Birgə təlimlər davam edəcək. Səfərdən sonra Türkiyə-Azərbaycan əlaqələri yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. İnteqrasiya prosesi daha sürətlə gedəcək”.

Politoloq Elçin Mirzəbəyli də səfərə böyük önəm verdiyini ifadə etdi:

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində olduqca mühüm və genişmiqyaslı sənədin imzalana biləcəyi ehtimalını hələ bir neçə ay əvvəl irəli sürmüşdüm və Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri ilə bağlı bütün şərhlərimdə bu məqama diqqət çəkmişdim. Əslində hörmətli Ərdoğanın Azərbaycana son səfərindən sonra ölkələrimiz arasında ən müxtəlif sahələrə cavabdeh olan rəsmilərin səfərlərinin intensivliyi prosesin mühüm sənədlərin imzalanması ilə başa çatacağını söyləməyə əsas verirdi. Qənaətimə görə, Şuşada imzalanacaq sənəd bütün sahələri əhatə edəcək və Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyi rəsmiləşdirəcək. Strateji müttəfiqlik isə dövlətlərarası münasibətlərin ən yüksək formatıdır”.

Səfərin iqtisadi önəmi də xüsusi vurğulanır.

Deputat Vüqar Bayramovun sözlərinə görə, qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir: “Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq”. V.Bayramovun sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu səfər, sadəcə, iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaracaq: “Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov

Bu il martın 1-dən Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə mindiyini xatırladan V.Bayramov sazişin 15 mal qrupunu əhatə etdiyini vurğulayıb: “Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”.

Deputat Türkiyəni təmsil edən şirkətlərin Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak etdiyini də xüsusi qeyd edib: “Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.

Bir məqamı da qeyd edək: R.T.Ərdoğan Azərbaycanda olduğu zaman Türkiyənin ölkəmizdəki zabit və əsgərləri ilə də görüşəcək. Ağdamdakı Birgə Monitorinq Mərkəzində xidmət keçən, həmçinin torpaqlarımızın minalardan təmizlənməsi işində töhfəsini verən qardaş ölkənin hərbçiləri ilə görüş sıradan məsələ deyil. Azərbaycan torpaqlarında gözü olanlara və onlara havadarlıq edənlərə növbəti xəbərdarlıqdır. Tarixi günlər yaşayırıq, möhtəşəm tarixi hadisələr bir-birini əvəz edir! Türk dünyasının iki önəmli lideri Şuşada görüşəcək! Şuşadan səslənəcək mübarək çıxışları dinləməyə, veriləcək qərarları izləməyə hamılıqla hazır olaq! Allah bu birliyi, bu birgəliyi qorusun!

Elşad PAŞASOY,
“Yeni Müsavat”