Zahid Oruc: "Bəzən elə haqsız qərar verilir ki, hətta nitq məhdudiyyətli adamlar da dilə gəlir"

İnsan Hüquqları Komitəsində layihələrə müsbət münasibət bildirilib və indi də onun lehinə səs verəcəyik. Bildiyiniz kimi, son dəyişikliklərə qədər 2006-2018-ci illərdə dövlətimiz tərəfindən Əmək və Əhalinin sosial müdafiə nazirliyinin adı, təşkilati-struktur forması və səlahiyyət dairəsi, rəhbərliyinin dəyişilməsi sosial siyasətinin düzgün, şəffaf və ünvanlı olması ideyasına xidmət edib. Ötən 14 il ərzində 3 nazirin timsalında biz Parlamentdə əlilliyin təyinatı, müavinət və pensiyaların hesablanması qaydasına yenidən baxılması, TSEK-in bir nazirlikdən digərinə tabe etdirilməsi, elektron xidmət təşkili  və digər tədbirlərə dair təqdimatları izləmişik.Lakin hamımızı o zaman bir məsələ düşündürüb-vətəndaşların razılığı və nazirlərlə dəyişməyən sabit sosial siyasət kursu.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O xatırladıb ki, Milli Məclis rəhbərliyi əlillik sahəsində bütün maraqlı təşkilatların iştirakı ilə səmərəli dialoq mühiti yaradaq geniş dinləmələr keçirib. Millət vəkili bir sıra ümumiləşdirmələri bölüşüb:

"Əvvəlcə bir neçə statistik məlumatları paylaşaq: ÜST-ün 2020-ci il məlumatına görə dünyada əhalinin 15 faizi, Avropa Birliyi məkanında isə 15-64 yaş arası əhalinin 14 faizə qədəri əlillik şəraitində yaşayır. Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən əlil sayına görə MDB məkanında 3-cüdür, Avropa sıralanmasında isə 56-cı yerdədir.Son rəsmi rəqəmlər 600 minə qədərdir və onların sırasında 80 faizdən yuxarı hissəsi 2-ci qrupdur.Göründüyü kimi, millətimiz haqda bədgüman mülahizələrə yer yoxdur.

Yeri gəlmişkən, təyinatı ləğv edilən şəxslərin həm də əmək ehtiyatlarını artırmaqla bağlılığına cavab olaraq bildirək ki, ölkəmizdə əmək qabiliyyətli əhalinin 68-faizdən yuxarı olması dünyadakı göstəriciyə tamam uyğundur. İndi biz istəyirik ki, qabaqcıl Qərb modelinə-yeni meyarlara, yəni orqanizmin funksiyalarının pozulmasının faiz dərəcələri ilə ölçülməsinə keçək.Əlbəttə, mütərəqqi və uğur qazanmış təcrübənin tətbiqinin böyük üstünlükləri var. Görünür, Nazirlik 2019-cu ildə 7 meyar, 14 patologiya və 2500 xəstəlikdən ibarət yeni Əsasnaməni hazırlayaraq Hökumətə məhz bu məqsədlə təqdim edmişdi, amma onun qəbulunun gecikdiyi üçün nəticələri gözləmədən əvvəlki illərdə təyinat alan şəxslərin işlərinin yenidən qiymətləndirməsinə tələsik qərar verilib.Hörmətli nazir Sahil Babayevin açıq mənbədə verdiyi məlumata görə, indiyədək 90 min insanın pensiyası, 17 min nəfərin əlillik təyinatı ləğv edilib.Elə buradaca sual olunur-nəticədə bu qədər vətəndaş ordusunun harada-əmək bazarında, özünəməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, nazirin sözlərinə görə, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlilliik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz.Bir daha xüsusi vurğulayırıq ki, Nazirlik indi müzakirəmizə çxıarılan, lakin hökumətin təsdiqləmədiyi 2019-cu ildəki Əsasnamədə qeyd edib və biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırki ləğv qərarları ilə üzə-üzə qoymuşuq. Üstəlik, 200 minə qədər insanın hüquqi sənədləri qanun pozuntuları ilə tərtib edilibsə və orada ən azı 4 hökumət qurumu iştirak edibsə, bizim illərlə burada qəbul etdiyimiz hesabat iclasları, yüksək təqdimatlar da zərbə altına alınır və açıq-aşkar uğur hekayələrimizə mənfi təsir edir".

Zahid Oruc deyib ki, söhbət büdcə vəsaitlərinin verilməsi ilə müşayiət olunan mütəşəkkil-sistemli hüquqi tədbirlərdən gedirsə, “saxta” ittihamı faktiki minlərlə məmurun, həkimin əməlinin yarğılanması deməkdir:

"Halbuki indiki təqdimatda üstünlüklərini öydüyümüz yeni qaydalarla müqayisədə artıq pislədiyimiz qüvvədə olan indiki təlimat və normativ sənədlərin yarıtmaz olduğunun günahını vətəndaş daşımalı deyil və hətta bir neçə milyon manat büdcədən yüksək pensiya almış adamlar haqda verilən bəyanat bütövlükdə mövcud mənzərəni dəyişdirmir: Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq gərəkdir.        

Mürəkkəblik yaradan digər hal, 2015-ci il Əsasnaməsində  dəyişiklik aparılaraq əvvəlki müddəaların xeyli azaldılması və bir çox xəstəlik kodlarının siyahıdan çıxarılmasıdır. Nəticədə xəstələrin yenidən şəhadətləndirilməsi zamanı, yalnız sənədlər və formalar əsasında qərar verilir.Digər yandan, 6-12 ay müddətinə müalicə sənədləri tələb olunur və sağala bilməyən xəstəliklərin yenidən müalicəyə göndərilməsi, o cümlədən imtinanın səbəblərinin izahlı qeyd edilməməsi səbəbindən müalicə həkimlərinə geri qaytarılan formaları həmin tibbi personal yenidən doldura bilmir.Xüsusilə də genetik xəstəliklər, məs, Bexterev və Marfan sindromu kimi, belə pasientləri bir ilə yaxın xəstəxana rejiminə bağlayıb bütün tibbi müəssislərə insan axınını təşkil etməklə həm dövlətin, həm də fərdlərin xərc yükünün çəkilməz bir səviyyəyə çatmasını göstərə bilərik. Nazirlik bəyan edir ki, ötən il 80 minə yaxın göndərişin 31%-i təmin olunub, yəni 25 min əlillik təyinatı verilib ki, onların da yalnız yarısı ilkin əlillik statusu alanlardır. Nazirlik haqlı olaraq bildirir ki, bir ildə artım 12-14 faiz ola bilməz. Doğrudur, hətta müraciət edənlərin hamısına müsbət cavab verilsəydi belə artım tendensiyası söylənildiyi kimi ola bilməzdi.Çünki 12 min təyinat 10 milyonluq əhalinin cəmisi 0.12 faizini təşkil edir.Ötən ilin pandemiya və Vətən müharibəsinin nəticələrini nəzərə aldıqda rəqəmlərin vahimələndirici, yaxud büdcə yükünün çəkilməz səviyyəsi kimi təqdim oluna bilməz.

TSEK-lərin praktiki yükü çəkməsi imkanları baxımından bir gündə ən yaxşı halda 150-200 adamı əyani müayinə etmək olduğu bildirilir. Tibbi sistemimizin düzgün diaqnoz qoymaq kompetensiyalarını bir kənara qoysaq, Komissiyaların sadəcə bu yükü çəkməsi nəinki insanların məmnunluğunu əldə etməyə imkan vermir, eləcə də nazirliklər arasında qarşılıqlı inamsızlıq və narazılıqları dərinləşdirir, vahid dövlət siyasətinin həyata keçiirlməsinə mənfi təsir edir. Bir də unutmaq olmaz ki, TSEK-lər təkcə tibbi yox, həm də Sosial komissiyadır və vətəndaşın ağır durumu qarşısında müsbət qərar qəbul etməlidir! Bəzən elə haqsız addım atılır ki, hətta nitq məhdudiyyətli adamlar da dilə gəlir!"

Komitə sədri hərbi əlilliklə bağlı qeyd edib ki, birinci qrupa 8800 manat sosial sığorta ödənilir, ikinci qrupa 6600 manat, üçüncü qrupa 4400 manat:

"Qrup dəyişəndə 2200 manat birdəfəlik ödəniş əldə edilir, təqaüddə 50 manat fərq edir, pensiyada daha yüksək faiz hesablanır. Lakin qazilərin əlilliyin təyinatına 5 qurumun qərar verməsinin operativliyə mənfi təsiri, bürokratiya və müalicə tədbirlərində yaşanan pərakəndəlik informasiya vasitələrinə çıxan məlum səhnələrə səbəb olur. Halbuki çözüm yolu kimi, Silahlı Qüvvələr üzrə vahid Komissiya təşkil edərək, bir ünvanda qazilərin qəbulu və vahid meyarlar əsasında onların sosial statusunun və sağlamlıq imkanlarının diaqnozu aparıla bilərdi. Çünki Hərbi-tibbi komissiyalardan keçən şəxslərin daha sonra TƏBİB müəssəsilərində, İcbari Sığorta Аgentliyi, Səhiyyə Nazirliyi  arasında qalması və həkimlərin mühüm bir qisminin forma 88-i dolğun tərtib etməməsi bir çox həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir.

Parlament dinləmələrində İcbari Tibbi Sığorta Agentliyinin yüksək rəsmisi səhiyyə müəssisələrində kompüterləşmə səviyyəsinin aşağı olmasını və səhvlərin bir çoxunun qeydiyyat, sənədləşmə, məlumat bankının yaradılması sahəsində peşəkar kadrların azlığı ilə əlaqələndirdi. Digər mühüm məlumat, Həkim Məsləhət komissiyalarının sayının 200-dən 163-ə, gələcəkdə isə 100-ə endirmək istəyirlər ki, bəlkə bu yolla səhv sənəd tərtibinin qarşısını alsınlar.Lakin ən maraqlı açıqlama həkimlərin “bizim işimiz müalicə etməkdir, sənəd doldurmaq deyil” bəyanatıdır. Göründüyü kimi, nazirliklər arasında işin təşkilində yaşanan etimadsızlıq mühiti nəticə etibarilə həsass kateqoriya vətəndaşların hüquqlarını zərbə altında qoyur.

Xatırladaq ki, Səhiyyə Nazirliyində vaxtilə problemi köklü araşdırmaq üçün xüsusi komissiya yaradıblar və tibbi dillə desək, kənar müdaxilənin ağır nəticələr verəcəyini görüb 8-10 aylıq çalışmadan sonra Komissiyanı ləğv ediblər. Nazirliyin mövqeyinə görə instrumental, yəni aparat müayinəsinin nəticəsi ilə xəstənin klinik vəziyyəti üst-üstə düşməyə bilər.Belə ki, bir diaqnozla xəstə 50 il yaşayıb əlil olmaya bilər, lakin fərqli sosial-psixoloji və fizioloji şəraitdə bir il ərzində həmin xəstəlikdən əlil ola bilər. Yəni pasientin instrumental müayinəsinə üstünlük verib xəstəni görməmiş, onun sənədlərinə uyğun ekspertiza aparmaq düzgün deyil. 2 dəfə forma-88 qaytarılandan sonra vətəndaş məmnunluğunun sıfra düşməsi, süründürməçiliyin artması və təkrar stasionar müalicə üçün 12 nömrəli qərara uyğun olaraq, yataq rejimindəki pasientin müayinə olunması, paytaxta nəqliyyatla gəlməsi və geri qaytarılması mövcud qarşılıqlı günahlandırmaların səbəbi kimi çıxış edir. Nazirlik haqlı olaraq, əllillik müddətinin başlanma tarixini 1-ci göndərişin verilməsi günündən hesablanmağı təklif edir.Əgər xəstəyə 10 dəfə göndəriş verilibsə, hal-hazırki qanunvericilik ədalətli hesablamaya imkan vermir və onun dəyişdirilməsi vacibdir".

Yekunda bir daha vurğulayaq ki, bizim hamımızın məqsədi Vətən müharibəsində qələbədən sonra Ali Baş Komandan, ordu və millət birliyinin qorunub saxlanması, sağlam insanların sayının və genefondun artması, dövlət siyasətinin gücləndirilməsi üçün alternativlərin-azad rəqabət mühitli iqtisadiyyatın, sahibkarlığın genişlənməsi və yeni iş yerlərirnin yaradılmasıdır. Ümidvarıq ki, yeni meyarlar bu sahədə sosial ədaləti təmin edəcək və dövlətimizin ən həssas təbəqələrə yönələn siyasəti ünvanına çatacaqdır.