«Qərbin və ABŞ-ın bizə olan münasibətləri KTMT-nin üzvü olmağımızı diqtə edir»

«Turan Ittifaqı ilə Slavyan Xalqlarının Ittifaqının qurulması dünyada yeni güc mərkəzi deməkdir»

«Rusiya öz maraqlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətləri balanslaşdırmağa çalışır». Bu sözləri «İlkxeber.org»-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib:


- Azad müəllim, Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi görmək istəyir. Bu mövzu Azərbaycan içtimaiyyətində, o cümlədən kütləvi informasiya vasitələrində də müzakirə olunmaqdadır. Sizin fikirləriniz oxucularımız üçün maraqlı olardı.
- Sualınıza cavab verməzdən öncə bir məsələyə aydınlıq gətirməyimiz yerinə düşərdi. Bu gün KTMT lazımdırmı, bu təşkilatın varlığı bölgə üçün nə verir? Xatırlatmaq yerinə düşərdi ki, XX əsrdə dünya siyasi və ideoloji baxımdan iki qütbə bölünmüşdür və bunun nəticəsində dünyada iki hərbi-siyasi blok formalaşmışdır. Bunlardan biri Varşava Birliyi-lider dövlət SSRİ idi, digər siyasi-hərbi blok NATO idi ki, bunun da lider dövləti ABŞ idi. İki blok arasında müxtəlif sahələrdə rəqabət vardı, bu rəqabətin nəticəsində dövlətlər iqtisadi sahədə, hərbi sahədə, o cümlədən texnoloji baxımdan sürətli inkişaf əldə edirdi, nəticədə kiçik və zəif dövlətlər bu iki blokların himayəsində olurdu. Bir sözlə, dünyada sülhün təminatında qeyd etdiyim bu iki blokun mövqeyi xüsusi əhəmiyyət daşıyırdı. SSRİ-nin süqutundan sonra Varşava Birliyi dağıldı, dünya bir qütblü oldu. Bunun nəticəsi olaraq ABŞ dünyada özünə rəqib qüvvə görmədi və NATO-nun genişlənməsi və ABŞ-ın hegomonluğu başladı. ABŞ ayrı-ayrı dövlətləri öz inhisarına keçirməyə başladı, hansı dövlət ki, ABŞ-ın maraqlarına uyğun davranmırdı, həmin dövlətdə hərbi cevrişlər, inqlablar baş verirdi Və ABŞ-ın maraqlarına uyğun hakimiyyət formalaşdırılırdı. İndiki zamanımızda ABŞ bunu “rəngli inqlab”lar, “demokratiya” adı altında həyata keçirməkdədir. ABŞ-ın bu cür imperialist siyasəti Rusyiyanı özünümüdafiə tədbirləri görməyə vadar etdi və nəticədə KTMT-nin yaradılması ideyası meydana gəldi. Bu məqsədlə Rusiya özünə müttəfiq olan dövlətlərlə birlikdə KTMT-nin təsis edilməsinə nail oldu və bu təşkilatın möhkəmlənməsində, inkişafında çox maraqlıdır. Beləliklə, ABŞ-ın dünyadakı aqressiv siyasətinə və NATO-nun əzələ nümayiş etdirməsinə qarşı dünyada yeni blokun yaranması, iki qütblü olması zərurəti yarandı.
Bu gün KTMT-na baxış bucağı müxtəlifdir, bu təşkilata dünyəvi baxımdan yanaşanda, yəni dünyanın siyasi balansını yaratmaq, dünyada sülhün bərqarar olunması, siyasi ədalətin möhkəmlənməsi, beynəlxalq münasibətlər, beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməsi nöqteyi- nəzərdən baxanda KTMT-in inkişafı və möhkəmlənməsi vacib amil kimi görünür. Hərbi-siyasi blokun inkişafı və möhkəmlənməsi üçün həmin birliyə daxil olan dövlətlərin maraqlarının uzlaşdırılmasında ədalət prinsipi vacib amildir. Məsələn, başda ABŞ olmaqla NATO blokuna daxil olan bəzi dövlətlər qardaş Türkiyə dövlətinə qarşı qərəzli davranması ilə bu blokun etibarlılığını zəiflədib. İstər NATO, istərsə də KTMT olsun, bu təşkilatlar dünyada beynalxalq qanunların, sülhün bərqarar olmasını istəyirlərsə, öncə öz daxilində münasibətləri qərəzsiz, ədalət çərçivəsində qurmalıdırlar, nümunə göstərməlidirlər. ABŞ bir dövlət olaraq dünya dövlətlərini öz maraqlarına uyğun klonlaşdırmaqda davam edir, bu məqsədlə NATO-ya daxil olan dövlətləri öz məqsədləri üçün alət kimi istifadə etməkdədir. ABŞ-ın bu davranışı nəinki təşkilat daxilində, hətta təşkilata daxil olmayan dövlətlər tərəfindən narazılıqla qarşılanmaqdadır. Belə olan təqdirdə yeni hərbi-siyasi blokların yaranma zərurəti meydana gəlir ki, bunlardan da biri KTMT-dır. Hesab edirəm ki, bu təşkilatın (KTMT) inkişafı və möhkəmlənməsi Avrasiya İqtisadi Birliyinin fəliyyətinə bağlı bir məsələdir. Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin maraqları sözün əsil mənasında ədalətin formalaşması, birlik daxilində münasibətlərin qarşılıqlı anlaşma çərçivəsində bərqərar olması və s. iqtisadi-siyasi inkişafa gətirər ki, bunun da nəticəsi dövlətlər arasında diplamatik münasibətlərin möhkəmlənməsi bərqərar olar. İqtisadi-siyasi münasibətlərin yüksək səviyədə inkişafı isə hərbi-siyasi münasibətlərin yaranmasına gətirib çıxarır. Düşünürəm ki, Azərbaycan öncə Avrasiya İqtisadi Birliyinə daxil olmalı, iqtisadi və siyasi maraqlarını bu sahədə inkişaf etdirməlidir. O ki, qaldı KTMT ilə əməkdaşlığımıza, bu zamanın məsələsidir.
-KTMT-nin əsasnaməsinə görə birliyə daxil olan dövlətlərin bir-biri ilə sıx diplamatik əlaqələri olmalıdır. Ermənistan KTMT üzvüdür, belə olan təqdirdə Azərbaycan bu təşkilata necə qoşula bilər? Bundan başqa Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu təşkilat çərçivəsində aktiv fəaliyyət göstərir...
- Bildiyiniz kimi, dünyada və Cənubu Qafqazda ABŞ və Rusiyanın siyasi maraqları toqquşmaqdadır. Bunun nəticəsidir ki, bu illər ərzində Azərbaycan xarici və daxili siyasətində balanslaşdırma siyasətinə üstünlük verir, ABŞ və Qərblə, eyni zamanda Rusiya ilə siyasi münasibətləri qorumaqdadır. İstər Ukrayna, istər Gürcüstan balanslaşdırma siyasətini qorumadıqlarına görə bu gün başları ağrımaqdadır. Azərbaycan balanslaşdırma siyasətini qoruduğuna görə Qoşulmama Hərəkatının üzvüdür, bu illər ərzində Azərbaycan balans siyasətinə sadiq olmuşdur. 44 günlük müharibə dövründə, indiki halda Qərb dövlətləri və ABŞ-ın bizə olan qərəzli davranışı, bizim onlara olan münasibətimizə adekvat deyil. Bir sözlə, Qərbin bizə münasibəti istər siyasi reyallıq baxımından, istər beynalxalq hüquq baxımdan, istərsə də ədalət baxımdan düzgün deyil. Müharibənin aktiv zamanında Rusiyanın bitərəf durması, Ermənistanın 10 noyabr 2020-ci il tarixli məlum təslimçilik sənədini imzalaması və icra olunması göstərir ki, Rusiya Cənubu Qafqaz regionunda söz sahibidir, bu bölgəyə Rusiyanın təsir imkanları ABŞ-ın təsir imkanlarından güclüdür. Rusiya öz maraqlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətləri balanslaşdırmağa çalışır. Rusiyanın regiondakı balanslaşdırma siyasəti Ermənistanda keçiriləcək seçkilərin nəticəsindən asılı olaraq dəyişə bilər. Yəni, Ermənistanda keçirələcək seçkilər zamanı ABŞ yönümlü qüvvələr hakimiyyətə gələrsə bu halda Rusiyanın davranışı ermənilərə qarşı fərqli olacaqdır. İstənilən halda Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafı hər iki dövlətin maraq dairəsindədir. Qarşılıqlı maraqların inkişafı Azərbaycan və Rusiyanın strateji planlarına dəlalət edir.
Qeyd etmək yerinə düşərdi ki, Türkiyə prezidentinin bölgədə barış üçün birgə əməkdaşlıq çağrışı, regionun inkişafı, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına hesablanmış variatlardan biridir ki, bunun da nəticəsi olaraq böyük sülhün əldə olmasına gətirib çıxaracaq. Ermənistan - Azərbaycan münasibətlərinin yumşalması üçün birinci etap olaraq kommunikasiya əlaqələrinin bərpası vacib amillərdir. Bunun qarşısını almaq məqsədi ilə Qərb dövlətlərindən gələn təxribat xarakterli çağrışlar erməni cəmiyyətini çaşdırmağa hesablanıb, eyni zamanda Qərbin himayəsində olan radikal quvvələr KTMT-ni münaqişəyə cəlb etmək məqsədilə sərhəddə təxribatlar həyata keçirdikləri açıq görünməkdədir. Ermənistan dövləti cəmiyyətdə yaranmış psixoloji şəraiti düzgün qiymətləndirə bilmir, bunun da nəticəsi olaraq erməni cəmiyyətində xaos hökm sürür. Ermənistanda keçiriləcək seçkinin nəticəsindən asılı olmayaraq İrəvanda yaranmış xaos bir müddət uzanacaq. Ermənistan və Azərbaycan arasında münasibətlərin yumşalması isə Rusiyanın siyasi maraqlarına uyğun olduğundan bu məsələdə rəsmi Moskvanın təşəbbüs göstərməsi vacibdir. Rusiya Azərbaycanın həm Avrasiya İqtisadi Birliyinə, həm də KTMT-yə daxil olmasında maraqlı olmasını açıq bildirir. Bunu üçün də 10 noyabr tarixli məlum sənədin müddəalarının icra olunması, tezliklə Ermənistan və Azərbaycan arasında böyük sülhün yaranmasında maraqlıdır. Yuxarıda qeyd etdiyim kimi, Cənubu Qafqazda ABŞ-la Rusiyanın maraqlarının toqquşması bu regiondakı dövlətlərarası münasibətlərin tənzimlənməsinə bilavasitə təsir edir. Belə olan təqdirdə KTMT-nin üzvü olmaq və Ermənistanla diplomatik əlaqələrin yaranması Qərbin və ABŞ-ın bizə olam münasibətləri ilə bağlıdır ki, bu da zamanın məsələsidir. O ki, qaldı KTMT-nin əsasnaməsinə, hər bir təşkilat maraqlarına uyğun, təşkilatın inkişafı və möhkəmlənməsi üçün əsasnamələrində dəyişikliklər edə bilər.
-Türk Şurasının üzvü olan Orta Asiya dövlətləri KTMT üzvüdür, Rusiya da Türk Şurasının üzvü olmaq niyyətini gizlətmir. Bu münasibət necə qurula bilər?
- Hesab edirəm ki, Türkdilli dövlətlərin əlaqələrinin inkişafı və güclənməsi bu xalqların mənəvi, iqtisadi, siyasi inteqrasiyası ilə bağlı məsələdir. Yəni, Turan İttifaqı üçün öncə türkdilli dövlətlərin mənəvi inteqrasiysı birinci vacib amillərdəndir ki, bunun nəticəsi olaraq Türk Şurası yaranıb. İqtisadi inteqrasiya üçündə Avrasiya İqtisadi Birliyi mövcuddur, bu birlikdə Orta Asiya dövlətlərinin bir qismi bir aradadır, bu baxımdan Türkiyə və Azərbaycanın da AİB-də olması türkdilli dövlətlərin iqtisadi inteqrasiyasına aparıb çıxaracaq. Bunun da nəticəsində Turan İttifaqının siyasi inteqrasiyasna nail oluna bilər. Bildiyiniz kimi Macarıstan müşahidəçi qismində Türk Şurasının üzvüdür, Rusiya ərazisində milyonlarla türkdilli xalqlar yaşayır, bu xalqların da Türk Şurasında təmsil olma haqları vardır. Nəinki Rusiya, hətta Çin və İranda yaşayan türkdilli xalqlarla da əlaqələrin bərpası vacib amillərdəndir, buna qısqanclıqla yanaşmaq ədalətli deyil. Bir sözlə, dünyada yaşayan Türkdilli xalqların mənəvi inteqrasiyasına nail omaq Türk Şurasının başlıca vəzifəsidir. Rusiyada yaxşı bilirlər ki, Türkdilli xalqların birliyi, yəni Turan İttifaqı ilə Slavyan xalqlarının ittifaqının qurulması dünyada yeni güc mərkəzi deməkdir. Bu, həm də Rusiyanın inkişafı və təhlükəsizliyi üçün də xüsusi əhəmiyyət daşıyır…