Prezident Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub- YENİLƏNİB FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.

Musavat.com xəbər verir ki, İmarət barədə dövlətimizin başçısına məlumat verən “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dedi: Cənab Prezident, bu məşhur imarət yeridir. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılıb. Eyni zamanda, sonradan bura Ağdam ictimaiyyətinin bayram keçirdiyi yerlərə çevrilib.

Prezident İlham Əliyev: Stadion burada olub?

Ruslan Sadıqov: Bəli stadion burada olub, bu, onun tribunasıdır.

Prezident İlham Əliyev: Bu tribunadır?

Ruslan Sadıqov: Xeyr, o dağılmış daşlar.

Prezident İlham Əliyev: Hamısı bərpa olunacaq.

Ruslan Sadıqov: İnşallah. Burada kompleks yerləşib. Onun işlədiyi yer, yaşadığı yer və məzarlıqlar da var. Birinci gördüyünüz Pənahəli xanın türbəsidir. İkinci gördüyünüz İbrahim xanın dağıdılmış türbəsidir.

Prezident İlham Əliyev: Məzarları dağıdıblar.

Ruslan Sadıqov: Bunlar Natavan xanımın məzarının dağıntılarıdır. Qarşısında durduğumuz Pənahəli xanın imarətidir, yaşayış yeridir. Bu ortada onun bağı olub. O sahədə isə onun karvansarayı olub. Gələn qonaqlar burada qalıblar.

İmarət sonradan Azərbaycan ictimaiyyətinin toy-bayram keçirdiyi yerlərdən biri olub. Bu fotolar Ağdamın 1970-1980-ci illərdəki həyatından bəzi məqamlardır.

Prezident İlham Əliyev: “Xarıbülbül” festivalıdır, burada keçirilmişdir.

Ruslan Sadıqov: İşğal dövründə buraya çox vəhşi münasibət bəsləyiblər. Hər yerdə olduğu kimi, burada da heyvan saxlayıblar və bərbad haldadır.

Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir.

Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.

12:57

***

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.