Bu il 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentini ilk təbrik edən Böyük Britaniya kraliçası II Yelizaveta və Çin Xalq Respublikasının sədri Si Szinpin oldu.
İlk təbrikin bu iki liderdən gəlməsi təsadüf deyil. Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsində Azərbaycandan keçən Orta Dəhliz Qarabağ müharibəsindən sonra daha da aktuallaşdı və Şimal və Cənub dəhlizlərinin Bakı üzərində altılıq platforması çərçivəsində birləşməsi ideyası ortaya çıxdı. Əslində böyük tabloda baxdıqda 30 il sonra müharibə edə bilməyimiz və qalib gəlməyimizin əsas səbəbinin bu layihə olduğunu deyə bilərik. Əliyev geosiyasi dəyişikliyi doğru oxuya bildi.
Zəngəzur dəhlizi üzərindəki geosiyasi toqquşma da bu prosesin tərkib hissəsidir.
Çətinliklər olacaq, amma Cənubi Qafqazdakı regional toqquşmada qalibin Azərbaycan, bölgə üzərindən aparılan geosiyasi toqquşmada qalibin Azərbaycanın yer aldığı cəbhənin olacağı ehtimalı böyükdür. Çünki “Bir kəmər, bir yol” Avrasiyanın, eləcə də dünyanın gələcəyini müəyyənləşdirəcək layihədir. Çindən başlanan pandemiyanın ABŞ-da zirvəyə çatmasına da, Türk Şurasının regional gücə çevrilməsi perspektivinə də, rusların TŞ-yə qoşulmaq niyyətini yenidən gündəmə gətirməsinə də bu kontekstdə baxa bilərik. Pandemiyadan sonra haqqında tez-tez bəhs edilən yeni dünya artıq təkqütblü olmayacaq.
Rusiya və İran layihədə yer alır, amma Moskva və Tehranın əks-həmlələrinin səbəbi Orta Dəhlizin aktuallaşması ilə layihədən daha az pay götürəcəkləri narahatlığı və Ankaradan Mərkəzi Asiyaya uzanan coğrafiyada yeni regional gücün formalaşmasıdır.
Yeni dünyada Azərbaycanın siyasi tarazlıq yaradan oyunçu olduğu da zamanla daha aydın görünəcək. İlk təbriklərin Pekin və Londondan edilməsi bu reallığın kiçik detallarındandır. Böyük oyunda kiçik detallardan biri olan Xankəndi məsələsinin də prosesin təbii axarında istəyimizə uyğun həllini görə biləcəyik.
Və indi məlum olur ki, Əliyevin “XXI əsr Türk dünyası əsri olacaq” sözləri ritorika deyilmiş...
© 2020 - Created by İLK XEBER.