Bu günlərdə Rusiyanın Kremlə yaxın “İzvestiya” nəşri “Ostrota” (“Kəskinlik”) adlı yeni hipersəs sürətli raketin işlənib hazırlandığını yazıb. Bu xəbər Qərbdə həyacanla qarşılanıb, Britaniya mətbuatı Putinin “çox dəhşətli” yeni silahı haqda yazır. Ona görə “çox dəhşətli” ki, bu raket strateji və operativ-taktiki aviasiya üçün nəzərdə tutulub, dünyanın istənilən nöqtəsinə zərbə endirməyə imkan verəcək. Və olduqca böyük sürətə malik olmaqla bərabər istənilən raketdən müdafiə sisteminin öhdəsindən gələcək.
Bildirilir ki, yeni raket Tu-22M3 strateji bombardmançısı və Su-34 operativ-taktiki bombardmançısı üçün nəzərdə tutulur. Rusiya Müdafiə Nazirliyindəki mənbələr belə deyirlər. Raketin uçuş sınaqları 2022-ci ildə başlamalıdır. Raketi “Raduqa” konstruktor bürosu işləyib hazırlayır və ona şərti olaraq “Ostrota” adı verilib. Məxsusi olaraq bu raket üçün yeni hava-reaktiv mühərrik işlənib hazırlanıb, mühərriki hazırlayan müəssisə “Taktiki raket silahları” korporasiyasına daxil olan “Soyuz” Tuarevsk maşınqayırma konstruktor bürosudur. Raketin sürətinin nə qədər olacağı göstərilmir, amma bildirilir ki, bu raket Rusiyanın indiyədək işləyib hazırladığı və hazırlamaqda olduğu digər hipersəs sürətli raketlərindən xeyli balacadır, miniatürdür və təyyarələrdə yerləşdirilmək üçündür.
İki gün əvvəl, mayın 20-də Rusiya prezidenti Vladimir Putin ölkənin yeni strateji silahının-hipersəs sürətli “Avanqard” qanadlı blokunun silahlanmaya daxil olduğunu xatırladıb. Deyib ki, belə silah dünyanın heç bir ölkəsində yoxdur və qitələrarası uçuş mənzilinə malikdir. Üstəlik raket təkmilləşdirilməkdədir.
“İzvestiya” daha əvvəl yazmışdı ki, Tu-22M3 strateji bombardmançıları üçün “Gremlin” uzaqmənzilli hipersəs raketi də işlənib hazırlanır. Bu raket 2023-cü ildə tamamlanmalıdır. “Ostrota” ona nisbətən daha kiçik qabaritlidir.
Xatırladaq ki, hazırda dünyanın iri ölkələri arasında hipersəs sürətli silahlar sahəsində güclü rəqabət gedir. İlk dəfə Rusiya bu silahlara malik olduğunu açıqlayıb, onun ardınca ABŞ və Çin də hipersəs sürətli raketlər işləyib hazırladıqlarını elan ediblər. Lakin hesab edilir ki, hazırda bu sahədə liderlik Rusiyanın əlindədir.
“The Sun” yazır ki, Rusiyanın bir-birinin ardınca yeni hipersəs sürətli raketlər işləyib hazırladığını elan etməsi Qərbi atəş gücü baxımından ötüb keçməyə yönəlib. Qəzet gələn ay Rusiyanın sürəti saatda 10 min kilometrə çatan “Sirkon” qanadlı raketi üzərində sınaqların başa çatacağını da xatırladır. Bu qanadlı raketlər gələn il silahlanmaya daxil ediləcək və kifayət qədər uzaq məsafədən təyyarədaşıyanlara dağıdıcı zərbə endirməyə imkan verir.
Rusiyanın habelə sürəti saatda 12.400 kilometri keçən “Kinjal” raketi də var və onlar MiQ-31 qırıcılarında yerləşdirilib.
© 2020 - Created by İLK XEBER.