Qırğızıstan parlamentinə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaqla bağlı deputatlarını müraciəti daxil olub. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır.
Bildirilir ki, bu müraciəti parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin deputaları edib. Deputatlar Tacikistanla sərhəddə üç günlük qanlı toqquşmalar fonunda KTMT-ni fəaliyyətsizlikdə suçıayıblar. Bişkekdə hesab edirlər ki, baş verən hadisələrə Rusiya və KTMT-nin qəti mövqeyi olmayıb. Yalnız üçüncü gün tərəflər atəşkəs barədə razılığa gəldikdən sonra KTMT standart bir açıqlama ilə reaksiya verib. Ekspertlər bu müzakirələrin ABŞ-ın münaqişənin həlliində köməklik təklif etdiyi və respublikaya yenidən Amerika hərbi bazasının yerləşdirilə biləcəyi haqda xəbərlərin fonunda baş verməsini təsadüfi hesab etmir.
ABŞ dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi Jonanat Henik "Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə bitməyib" deyib, bunun üçün sülh və sabitliyin vacib olduğunu söyləyib.“ABŞ iki respublikanın liderlərinə çətin vəziyyəti həll etməyə kömək etməyə hazırdır. Bişkek və Düşənbədəki səfirliklərimiz vasitəsi ilə hər iki ölkənin rəhbərliyi ilə birbaşa əlaqə qururuq. Vaşinqtondakı səfirlikləri ilə əlaqə saxladıq. Münaqişənin sülh yolu ilə həllini mümkün olan hər hansı şəkildə dəstəkləməyi təklif etdik. Daha da əhəmiyyətlisi, liderləri məsuliyyəti öz üzərlərinə götürməyə və bu tip hadisələrin təkrarlanmaması üçün səy göstərməyə çağırdıq ”deyə, “Eurasia Today” Henikdən sitat gətirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münaqişənin ilk günündən sülhə çağırışıla bağlı açıqlama verib, Qırğızıstan prezidenti ilə telefonla danışıb.
Müdafiə və Təhlükəsizlik Komitəsinin iclası zamanı deputatlar KTMT-nin effektivliyi və Qırğızıstanın bu qurumdakı iştirakının məqsədəuyğunluğu məsələsini qaldırıblar. Deputatlar hesab edir ki, KTMT bir üzvünün(Tacikistan nəzərdə tutulur) başqa bir dövlətə hərbi təcavüzünün qarşısını ala bilməyib.
“Deputatların reaksiyası başa düşüləndir. Batken bölgəsindəki hadisədən sonra Qırğızıstan cəmiyyətinin bir hissəsi sual edir: niyə Qırğızıstan KTMT üzvüdürsə, Tacikistan ona qarşı birbaşa təcavüz edir? İnsanlar Rusiyanı KTMT-də hakim kimi qəbul etməyə öyrəşib. Onlar bir təşkilatın öz qaydalarının olduğunu anlamırlar. KTMT nizamnaməsində, təşkilatın iki üzvünün düşmənçiki etməyə başlayacağı təqdirdə nə ediləcəyi yazılmır”deyə, politoloq Mars Sarıyev “Nezavisimaya qazeta”ya bildirib.
Politoloqa görə, Qırğızıstanda hesab edirlər ki, Kreml münaqişədə Düşənbənin tərəfini tutub və bu da səbəbsiz deyil:
“Moskvanın Tacikistanı dəstəkləməsi lazım idi, çünki respublika, hərbi baxımdan, cənub sərhədlərində müdafiə xəttidir. Rusiya ABŞ əsgərlərinin Əfqanıstandan çəkildikdən sonra Tacikistanda yerləşdirə biləcəyindən narahatdır. Qırğızıstan isə onsuz da ikinci müdafiə xəttidir”.
Xatırladaq ki, Əfqanıstandan çıxdıqdan sonra ABŞ qoşunlarını Tacikistan və Özbəkistanda yerləşdirilməsi varinatını nəzərdən keçirir. Özbəkistanın Müdafiə Nazirliyi bəyan edib ki, respublikanın hərbi doktrinasında ölkədə xarici qoşunların yerləşdirilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən ABŞ-ın diqqəti Tacikistana yönəlib.
Ekspert deyib ki, müharibənin üç günü ərzində Rusiya susdu:
“Yalnız Mariya Zaxarova Moskvanın vəziyyəti öyrəndiyini söylədi. Münaqişənin dayanmasında Özbəkistan prezidenti Şavkat Mirziyoyevin və Qazaxıstan prezideti Kassım-Jomart Tokayevin çağırışları həlledici rol oynadı. İctimai rəy Türkiyəyə doğru da yönəldi. Ərdoğan dərhal reaksiya verdi və Qırğızıstana kəndlərin və dağılmış infrastrukturun bərpasında yardım təklif etdi”.
Politoloq deyib ki, Qırşızıstanda Türkiyəyə rəğbət nəzərə çarpacaq dərəcədə güclənib:
“Qırğızlar çar Rusiyası dövründən bəri istifadə etdikləri bir atalar sözü var: "Ruslarla dost olmaq istəyirsənsə, baltanı qucağında tut." Bu cür fikirlər indi Qırğızıstanda geniş yayılıb. Rusiyanın ölkəyə üç aylıq benzin tədarükünü dayandırılacağı barədə şayiələr vəziyyəti daha da gərginləşdirir. Bu, bir təzyiq forması kimi qəbul edilir, çünki Bişkek yüngül neft məhsullarını daxili Rusiya bazarı qiymətləri ilə alır”.
Ekspert onu da deyib ki, Tacikistan prezidentinin mayın 8-də Moskvaya səfəri və Qələbə paradında Putinlə birgə iştirak edən yeganə lider olması onların ABŞ əsgərləri məsələsində razılaşdığını göstərir. Bu halda ABŞ əsgərləri üçün yenidən Qırğızıstanı seçə bilər. Sarıyevə görə, ABŞ-ın Qırğızıstandakı keçmiş səfiri Donald Lunun dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi təyin olunması təsadüfi deyil. O, Orta Asiyadakı vəziyyəti hərtərəfli bilir.
“Bölgədə qlobal oyunçuların toqquşması baş verir. Rusiya bunu başa düşür, ona görə Qırğızıstan və Tacikistan arasındakı münasibətlərin tarazlığını bərpa etmək üçün Japarovu da may ayında Moskvaya rəsmi səfərə dəvət edib”.
© 2020 - Created by İLK XEBER.