FƏLƏSTİN MƏSƏLƏSİ BÖYÜK İSLAM LİDERLƏRİNİN BAXIŞLARINDA

Qurban Məmmədov

Bildiyimiz kimi, hər il Ramazan ayının son cüməsi dünya müsəlmanları tərəfindən Beynəlxalq Qüds Günü kimi qeyd olunur ki, bu möhtəşəm tarixi hadisə də İran İslam İnqilabının banisi, böyük din və dövlət xadimi Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) müdrik və uzaqgörən tövsiyəsindən qaynaqlanır.

Bəs belə bir əlamətdar günün məqsədi, mahiyyəti və mesajı nədən ibarətdir?

Məlumdur ki, irtica, despotizm, diktatura daim öz mənfur əməllərinin unudulmasına və bu zəmində də həm cinayətləri, işğalı genişləndirməyə, həm də gələcəkdə onu gözləyən labüd cəzadan yaxa qurtarmağa çalışır. İmperializm qəddar müstəmləkə siyasətinə qarşı çıxanları sevmir, eləcə də bunu mütəmadi xatırladaraq məzlum kütlələri zalım hakimiyyətlərə müqavimətə səsləyənlərin qatı düşməninə çevrilir. Bütün qatillər, qanqsterlər qaranlıq keçmişlərinin elə gizli də qalmasını istəyir, qanlı dosyelərinin yada salınması, üzə vurulmasını həzm edə bilmirlər. Müxtəlif genosid qurbanlarının xatirələrinin yad edilməsi, faciəvi günlərin qara rəngə boyanması, müqavimət və qisas çağırışları isə taleyüklü yaraların unudulmaması, xalqın qan yaddaşının təzələnməsidir.

Beynəlxalq Qüds Gününün elanı da məhz tarixi zərurətdən doğdu: Qərbin dəstəyindən ruhlanan İsrail özgə torpaqlarında özünə yer eləmək üçün nahaq qanlar axıtdıqca, dinc sakinlər yurd-yuvasından didərgin saldıqca, qanunsuz məskunlaşdırmalar apardıqca, Fələstin əraziləri kiçildi, dünyada ən böyük qaçqın-köçkün ordusu yarandı, məzlum xalqın haqq səsi batırıldı, şərəfli mücahid,  mübariz, şəhid adına terrorçu damğası vuruldu.

Doğrudur, Fələstin və onun şəhidpərvər insanları zülmlə barışmır, zalıma etiraz hayqırır, cihada qalxırdılar. Amma bu boyda dünya düzənində sanki tək idilər. 1979-cu il İran İslam İnqilabından sonra Fələstinin gücünə yeni bir güc qatıldı, “Müqavimət cəbhəsi” formalaşdı və genişləndi. Elə mərhum İmam Xomeyninin təşəbbüsü və tövsiyəsi ilə elan olunan Beynəlxalq Qüds Günü ideyası da məhz İslami İranın töhfəsidir.

Böyük ictimai-siyasi xadim hələ 40 il öncə buyururdu: “Müsəlmanlar hər hər hansı millətdən olurlar-olsunlar bilməlidirlər: İslamın, Qurani-Kərimin və Peyğəmbərin əsas düşməni İsraildir ki, İslam ölkələrinə göz dikib və yeraltı və yerüstü sərvətlərini talamaq üçün heç bir cinayətdən əl çəkmir. Supergüclər, o cümlədən dünya imperializmi və sionistlər İslam ölkələrinə tamah nəzərlərini salıblar.

Bacılar və qardaşlar! Bilin ki, Amerika və İsrail İslamın əsası ilə düşməndirlər, çünki kitab və sünnəti öz yollarında tikan görürlər və bu, onların talançılığının qarşısını kəsir”.

İslam İnqilabı müəllifinin bu xüsusda çoxsaylı çıxışları var. Onların əksəriyyəti isə qaşıya çıxan problemlərin müsəlmanların birliyi və həmrəyliyi, İslamı vəhdətlə həllinin mümkünlüyü mövzusundadır: “Məzlumlara kömək müsəlmanların əsas vəzifəsidir. Biz - böyük İslam dininin ardıcılları bütün məzlumları müdafiə edirik. Bəzi sadə fikirlilər elə düşünürlər ki, Fələstin xalqı şiə olmadığına görə onların müdafiəsinə qalxmamalıyıq. Ancaq dünya qüdrəti və sionizm İslam aləminin əsasını hədəfə alıb və bu təcavüz xas məzhəb və millətə görə deyil. Məzlumu qorumaq mütləq vəzifədir və müəyyən bir məzhəb və dinlə məhdudlaşa bilməz”. Bunlara əsasən, zülmkarla mübarizə aparmaq lazımdır - istər bizimlə birbaşa düşmənçilik etsin, istərsə də doıayısı ilə...

İmam Xomeyni (r.ə) həmişə Fələstini qəsb edənlərə və dünya sionistlərinə qəlbən nifrət bəsləmiş, o torpaqların məzlum xalqının müdafiəsində dayanmışdır. Və belə bir müqəddəs işə biganə qalanları tənqid atəşinə tutaraq demişdir:  “...İndi fələstinli cavanların qanı Qüds məscidinin divarlarını al rəngə boyayıb, öz haqlarını tələb edərkən avtomatla cavab almışlar. Qeyrətli müsəlmanlara ar sayıla bilər ki, məzlumun səsinə səs verməsinlər və onlarla eyni dərddə olduqlarını bildirməsinlər”.

Fələstin məsələsi və Beynəlxalq Qüds Günü elanının əhəmiyyəti İranın Ali Rəhbəri Seyid Əli Xameneinin çıxışlarında da daim ön plana çəkilmişdir. Taleyüklü problemin köklərinə nəzər salaraq İsrailin regionda yerləşdirilməsinin səbəblərinə toxunan Ali Lider bildirir ki, I Dünya müharibəsində qalib gələn hökumətlər Paris konfransında ən böyük qəniməti - Qərbi Asiya bölgəsini bölüşdükləri zaman bu bölgədə hökmranlığın təmini üçün etibarlı bir bazaya ehtiyac duydular: “Uzun illər öncədən İngiltərə Balfur planı üçün zəmin hazırlamışdı və yəhudi hökmdarlarının razılığı ilə sionizm adlı bir yeniliyin rolunu ortaya qoymuşdu. Praktiki olaraq buna zəmin hazır idi. Həmin illərdən başlayaraq, tədricən irəlilədilər. II Dünya müharibəsindən sonra bölgə hökumətlərinin laqeydliyindən faydalanaraq, saxta rejimi elan etdilər. Sionist rejimini qurmaqda qərblilər və yəhudi sahibkarlarının əsas və təcili məqsədi Qərbi Asiyada daimi iştirak və təsir bazası yaratmaq, bölgədəki ölkələrə və hökumətlərə müdaxilə və hökmranlıq etmək olub. Hədəf əvvəlcə Fələstin, sonra isə bölgədəki bütün xalqlar idi.” 

Ayətulah Xamenei əksər ərəb dövlətlərinin ilk müqavimətdən sonra təslim olmasını, xüsusən ABŞ-ın bu məsələyə dəstəyindən sonra onların həm insani, həm siyasi, həm islami borclarını, eləcə də ərəb qeyrətlərini unutmasını  və puç ümidlə düşmən  məqsədlərinə xidmətlərini təəssüflə qeyd edib.

İslam İnqilabından sonra Fələstin üçün mübarizədə yeni bir səhifənin açıldığını vurğulayıb və deyib ki, ilk gündən sionist rejimin İrandakı səfirliyinin Fələstinə verilməsi, onların  ölkədən çıxarılması,  əlaqələrin kəsilməsi və neft satışının dayandırılması və digər məsələlər “Müqavimət cəbhəsinin” yaranmasına səbəb oldu və Fələsitn probleminin  həllində ümid yaratdı: 

“Bu gün Müqavimət cəbhəsinin artan nüfuzu, ümidlə irəliləməsi və güc elementlərini artması və düşmənin getdikcə zəifləməsinin şahidiyik. Bunun əyani sübutu, bir vaxtlar yenilməz və ildırım sürətli hərbi güc olan,  şiddətli hücumlar edən, iki ölkə ordusunu dayandıran sionist rejim orudusu indi geri çəkilmək məcburiyyətində qalır. Livan və Qəzzadakı müqavimət qüvvələrinə məğlub olduğunu etiraf edir. Lakin mübarizə sahəsi çox ciddi və dəyişkəndir və daim qayğıya ehtiyacı var. Cihad Fələsitnin bütün torpaqlarında geniş yayılmalıdır.  Bu mübarizə çox vacib və həyati əhəmiyyət daşıyır. Əsas hesablamalardakı hər hansı bir səhlənkarlıq və səhv böyük itkilərə səbəb ola bilər. Çox çəkməyəcək sionist virusunun kökü imanlı gənclərin səyi nəticəsində bu bölgədən kəsiləcək”. 

İslam İnqilabı Rəhbəri bildirir ki,  bu gün dünyada hamı koronavirus qurbanlarını sayır amma İslam dünyasındakı məzlumları saymır, onların taleyi ilə maraqlanmırlar: “Heç kim soruşmayıb və soruşmur ki,  ABŞ və Avropanın müharibə alovlandırdığı  ölkələrədə milyonlarla insanın şəhid, əsir və itikin düşməsinin günahı kimdədir? Nə üçün heç kimsə İslam dünyasında milyonlarla uşaq, qadın və kişinin öldürülməsini hesablamadı? Nə üçün milyonlarla fələstinli 70 il  öz evlərindən didərgin salınmalı və sürgün olunmaldır? Nə üçün müsəlmanların ilk qibləsi Qüdsə hörmətsizlik edilsin? Nə üçün sözdə Birləşmiş Millətlər Təşkilatı olan  təşkilat öz vəzifəsinə əməl etmir.  Sözdə insan haqlarından danışan qurumlar ölüblər. Nə üçün “Uşaq və qadınların hüquqlarının müdafiəsi” şüarı Fələstin və Yəmənin məzlum  uşaq və qadınlarını əhatə etmir?” 

Ayətullah Xamenei  Fələstin məsələsi ilə bağlı bir neçə tövsiyə verib: 

1. Fələstinin azadlığı uğrunda mübarizə Allah yoludna cihaddır və belə bir mübarizədə qələbəyə zəmanət verirlir. Fələstin üçün mübarizəini ərəb problemi kimi göstərmək və məhdudlaşdırmaq aşkar yalnışlıqdır:  “Fələstinin azadlığı uğrunda mübarizə Allah yolunda cihad, İslamın vacib məsələsi olmaqla yanaşı, həm də insani bir məsələdir. Bir neçə fələstinli ünsürün bəzi Qərb dövlətləri ilə bağladıqları sazişin bi islami və insani məsələnin bir kənara qoyulması üçün əsas verdiyini düşünənlər problemi anlamaqda çox böyük səhvə, hətta demək olar ki, xəyanətə yol verirlər”.

2.  Mübarizənin məqsədi bütün Fələstin torpaqlarının azadlığı, (Dənizdən çaya kimi)  və bütün fələstinlilərin öz ölkələrinə geri qaytarılmasıdır: “Buna görə də həmin məqsədin ölkənin bir gişəsində bir dövlət yaradılması ilə məhdudlaşdırılması nə haqdandır, nə də reallıq. Bu gün milyonlarla fələstinli böyük cihadı əzmkarlığın simvoluna çevirə biləcək, Allahın yardımına və son qələbəyə də əmin olan düşüncə, təcrübə və özgüvən mərhələsinə yükəslmişdir”.

3.  Qərb dövlətləri və onlara bağlı beynəlxaq qurumlara etimad göstərməkdən çəkinmək lazımdır: “Bu gün dünya üzrə korona qurbanlarının sayının nə qədər olduğu tək-tək elan edilir. Ancaq heç kəs ABŞ və Avropanın müharibə odunu alışdırdıqları ölkələrdəki yüz minlərlə şəhidin qatillərinin, əsir və itkin düşmüşlərin, Fələstində baş verən bütün cinayətlərin, qəsblərin, dağıntıların və zülmlərin günahkarlarının kimliyini soruşmur”.

4.  Daxili  müharibələr Müqavimət Cəhbəsinin başını qatmaq üçün bir oyundur,  İmam Xomeyninin (r) buyurduğu kimi, hər nə qədər fəryad edə bilirsizsə,  ABŞ və sionist düşmənin üstünə qışqırın:   “ABŞ və sionistlərin siyasətləri münaqişələri müqavimətin arxa cəbhəsinə çəkmək, müqavimət cəbhəsinin başını qatmaq üçün daxili müharibələr yaratmaq və sionist rejimə fürsət yaratmaqdır. Suriya, Yəmən və İraqda İŞİD-i yaratmaqla buna nail oldular. Bu xəbis siyasətin qarşısını almağın yolu İslam dünyasının qeyrətli gənclərinin ciddi istək və tələbinin olması, Əzəmətli İmam Xomeyninin tövsiyəsinə diqqət yetirməkdir. İmam buyururdu ki, var gücünüzlə ABŞ-ın və təbii ki, düşmən sionistin üstünə qışqırın”.

5. ABŞ-ın əsas siyasəti,  sionist rejimin  bölgədə  iştirakını adiləşdirməkdir.  Sionist rejim virusu ilə mübarizə və onu izolyasiya etmək lazımdır. 

6. Hamı Fələstin xalqı üçün  mübarizənin davam etdirilməsini dəstəkləməli və onlara yardım göstərməlidir. 

7.  Fələstində  bütün  dinlərin və tayfaların itşirakı ilə  referendum keçirilməli və idarə olunmalıdır.

Ali Rəhbərin bir neçə gün öncə İranda "Müəllim və zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında ölkənin hazırkı xarici siyasətinin etibarlı qurulmasının əhəmiyyətindən danışıb: “Qərblilər İranın siyasətini öz çətirləri altına almaq istəyirlər. Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi onlar prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan qaynaqlanır"

Bir daha aydın olur ki, irticanın İran İslam Respublikasının yürütdüyü siyasətdən narahatlığın əsas səbəbi mənfur fəaliyyət və cinayətlərinin açıqlanması, eləcə də dünya müsəlmanlarının oyanışına təsiri ilə bağlıdır.