Hulusi Akar komanda mərkəzinə getdi, “Azərbaycanın yanında olmağa çalışırıq” dedi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqın şimalında PKK-ya qarşı həyata keçirilən “Pence-Şimşek” və “Pence-Yıldırım” əməliyyatlarının idarə edildiyi Eskişehir hərbi hava bazasında olub. Baş qərargah rəisi Yaşar Güler və generalların da müşaiyəti ilə bölgəyə gedən müdafiə naziri PKK-ya qarşı əməliyyatların çətin relyef şəraitində davam etdirildiyini, 53 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Hulusi Akar xüsusi təyinatlı qüvvələrin bir gün əvvəl daha 7 terrorçunu məhv etdiyini və onların sığınacağına daxil olduğunu, bir çox silah-sursatın ələ keçirildiyini də deyib. Nazirin bildirdiyinə görə, PKK-dan ələ keçirilən silah-sursat arasında məsafədən idarə olunan “Doçka” zenit qurğusu, müasir radiostansiyalar, minomyotlar və digər vasitələr var. “Təəsüf ki, dost bildiyimiz bəzi ölkələr PKK-ya daşınan zenit raketləri verib. Bu raketlər silahlı qüvvələrimiz üçün böyük təhdid təşkil edir”,-Hulusi Akar deyib.

 

Nazir Türkiyənin müttəfiqlərinə və NATO-ya terror təşkilatları ilə mübarizədə bəzi mövzuları izah etməkdə çətinlik çəkdiklərini bildirib.  

“Türk Silahlı Qüvvələrinin motivasiya və fədakarlığı bizi çox duyğulandırdı. Bu fədakarlıq və qəhrəmanlıqla hər cür çatışmazlığa, embarqo və məhdudiyyətlərə baxmayaraq bütün işlərin öhdəsindən gəldik və gəlməyə də davam edəcəyik. Niyə? Çünki mübarizə aparmaq üçün əzm və qətiyyətimiz var. Bir nəfər qalsaq belə bayrağımızı uca tutmaq üçün mübarizəmizi davam etdirəcəyik”, - nazir vurğulayıb.

PKK terror qruplaşması ilə mübarizəyə toxunan H.Akar deyib ki, PKK heç bir halda Türkiyədə yaşayan kürdlərin təmsilçisi ola bilməz: "Onsuzda orada bir kimlik problemi də var. PKK-nın içərisində ermənilər, avropalı və afrikalılar da var. Təəssüf ki, türk də var. Yəni, PKK bir terror qruplaşmasıdır".

Hulusi Akar çıxışında bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb. Türkiyənin dost və qardaş Azərbaycanla Liviyanı dəstəkləməyə çalışdığını bildirib.