Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı bu gün ilk mətbuat konfrasnını keçirib.
Ilkxeber.org xəbər verir ki, səfir mətbuat konfransına prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirərək başlayıb:
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə rəhbərliyi və müzəffər ordusunun gücü ilə qazanılan şanlı qələbə və Qarabağın işğaldan azad edilməsi səbəbilə səmimi qəlbdən təbriklərimi çatdıraraq, başlamaq istəyirəm.
Ümummilli lider Heydər Əliyevin “Qarabağ Azərbaycandır” sözlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vuruşaraq həyata keçirmişdir.
Qələbəniz mübarək olsun!
Bu qələbənin əldə edilməsi yolunda canlarını fəda etmiş əziz şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə və qardaş Azərbaycan xalqına səbir və başsağlığı diləyirəm.
Şair və ozanların dili, sözü və nəğmələri Xocalı və Qarabağın ağrısını sızısını 30 il iki qardaş xalqın ürəyinə daşıyıb. Cənab Prezident İlham Əliyevin Qarabağın erməni işğalından azad edilməsi uğrunda apardığı mübarizə, televiziya ekranlarında qətiyyətli çıxışları, ordusuna müraciəti təkcə Azərbaycan xalqının deyil, həm də bizim xalqımızın ürəyinin dərinliklərinə nüfuz etmiş, ürəklərdəki yanğını söndürərək coşqu yaratmışdır.
Cənab İlham Əliyevin yumruğu hər qalxıb enəndə yeni bir kənd və qəsəbə azad edilmişdir. Azad edilən hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üçrəngli bayraq və minarələrdən oxunan azanlar, “Allahu Əkbər” nidaları Türkiyədə də göz yaşları içində sevinc və coşquya çevrilmişdir.
Türkiyə Qarabağın erməni işğalından azad edilməsi üçün qardaşlığın tələb etdiyi şeyi etmişdir. Haqlı işində qardaşının yanında dayanaraq hər cür dəstəyi vermiş və bundan sonra da tərəddüd etmədən yanında olmağa və dəstəkləməyə davam edəcəkdir.
Bu qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu.
Cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan xalqının könül xoşluğu ilə qalib və qürurlu bir cəmiyyət olaraq Novruz tonqalını yandırdıqları torpaqlarına və evlərinə qələbə və bayram sevinci ilə qayıtmaları üçün qardaşınız Türkiyə hər cür dəstəyi verəcək.
Bir xalqın tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcəkdir. Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq”.
Səfir mətbuat nümayəndələrinə müraciətində vurğulayıb ki, yeni dövrdə üzərinə düşən vəzifə səylə, canfəşanlıqla və məsuliyyət hissi ilə xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirməkdir:
“Əlaqələrimizi siyasi, iqtisadi və mədəni sahə başda olmaqla, bütün sahələrdə dərinləşdirmək və artırmaqdır. Daha çox inkişaf etdiriləcək və möhkəmləndiriləcək dostluq və əməkdaşlığın dünya sülhünə və təhlükəsizliyinə olduğu qədər, iki ölkənin ortaq maraqlarına da töhfə verəcəyinə səmimi qəlbdən inanırıq. Ticarət dövriyyəsinin artırılması qədər, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığın inkişaf etdirilməli olduğuna, ortaq tarix, qədim mədəniyyət və ənənələrdən bəslənən xalqlarımız arasındakı dostluğun və qardaşlığın möhkəmləndirilməli olduğuna inanırıq. Dövlətimiz və millətimizin maraqları naminə dostluqları daha güclü edəcəyik. Biz gələcəyi daha yaxşı görürük.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın dünyada başqa bir nümunəsi yoxdur. Dünya Qarabağ zəfəri ilə iki qardaş ölkənin birliyinə və gücünə şahid oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğrulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, bölgədə və dünyada güclü olmalarına töhfə verməkdir.
Birlikdən qüvvət doğar.
Səylərimiz birlik və dirilik üçün olacaq.
Biz “gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə” olduğuna inanırıq.
Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək.
Bizim vəzifəmiz iki qardaş xalqın əbədi olaraq bir bədəndə döyünən tək ürək kimi olmasını təmin etməkdir. Allah yardımçımız olsun və gücümüzü artırsın.
Diplomatik fəaliyyəti başa çatan dəyərli səfirimiz Erkan Özoral da daxil olmaqla, bu günə qədər fəaliyyət göstərən bütün səfirlərimizə ikitərəfli münasibətlərin inkişafındakı qiymətli töhfələrinə və xidmətlərinə görə təşəkkür edərək və gələcək iş həyatlarında uğurlar, təqaüdə çıxanlara can sağlığı, vəfat edənlərə isə Allahdan rəhmət diləyərək sözlərimi tamamlayıram.
Fəaliyyətimə başlayarkən bu hiss və düşüncələrimi qardaşlarımıza çatdırdığınız üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edir, işlərinizdə uğurlar arzu edirəm”.
© 2020 - Created by İLK XEBER.