Baydenin “soyqırımı” açıqlaması Ermənistan seçkilərinə hesablanıb – Ekspert

“Xeyli vaxtdır ki, prezident Ərdoğanın rəhbərliyi altında Türkiyə Cümhuriyyəti xarici və daxili siyasətində tam müstəqil siyasət yeritməkdədir. Prezident Ərdoğanın dünya siyasətində özünə məxsus yeri, ədalətli mövqeyi, islam dini ilə bərabər bəşəri dəyərləri ilə seçilməsi ABŞ-la yanaşı Qərb dövlətlərini də narahat etməkdədir. Bu narahatlıq müxtəlif sahələrdə aşkar şəkildə özünü göstərir. Türkiyə dövlətinin Rusiya ilə siyasi, iqtisadi, hərbi sahədəki əlaqələrini inkişaf etdirməsi, iki dövlət arasında dostluq və əməkdaşlığın sürətlə artmasına səbəb olub. Bu isə ABŞ-ı və onun əlaltıları olan bəzi Qərb dövlət başçılarını qəzəbləndirir”.

Bu sözləri İlkxeber.org-a ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin şəxsi münasibətlərinin dostluq səviyyəsində olması da, ABŞ rəhbərliyinin qəzəbini artırıb: “Azərbaycanın apardığı 44 günlük müharibənin nəticəsi ABŞ-ın bölgədə, yəni Cənubi Qafqazda nəzərdə tutduğu planlarını siyasi cəhətdən fiaskoya uğratdı.

Bu müharibədə Türkiyənin, o cümlədən prezident Ərdoğanın mövqeyi xüsusi əhəmiyyət daşıyırdı, eyni zamanda Türkiyənin Cənubi Qafqazda Rusiya ilə hərbi-siyasi əməkdaşlığı ABŞ rəhbərliyini özündən çıxarmaya bilməzdi. ABŞ Türkiyənin Rusiya ilə iqtisadi, siyasi, hərbi əlaqələrinin kəsilməsini, Rusiyaya tətbiq etdiyi iqtisadi-siyasi sanksiya koalisiyasına qoşulmasını istəyir.

600bc0518e30a.jpg (193 KB)

ABŞ-ın tələbi isə Türkiyənin istər siyasi, iqtisadi, istərsə də hərbi maraqlarına uyğun gəlmir, bu baxımdan ABŞ-dan gələn təkliflər Türkiyə tərəfindən rədd edilir. Bu illər ərzində ABŞ və Qərb ölkələri tərəfindən müxtəlif formada Türkiyə dövlətinə təzyiqlər edilib.

Türkiyənin Avropa Birliyinə daxil olmağa mane olundu, eləcə də S-400-lərə görə sanksiyaların tətbiqini, Türkiyəyə qarşı terrorçuların himayə edilməsini və s. kimi təxribatları qeyd etmək olar. Baydenin “soyqırım” açıqlaması Türkiyə dövlətinə edilmiş növbəti təzyiqlərdən biri anlamını yaradır”.

Siyasi şərhçi hesab edir ki, Baydenin erməni lobbisi tərəfindən maliyyələşdirilməsi, himayə edilməsi sirr deyil: “Bu illər ərzində erməni lobbisinin etdiyi xidmətlərin əvəzi hansısa formada Bayden tərəfindən ödənilməli idi. Baydenin “soyqırım” açıqlaması bir daha göstərdi ki, ABŞ prezidenti erməni lobbisinin əlində alətə çevrilib. 44 günlük müharibənin nəticəsi Paşinyan hakimiyyətinə böyük zərbə vurdu, bu zərbə dolayısı ilə ABŞ-a dəydi.

Belə ki, Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın planlarını pozdu və nəticədə Ermənistanda siyasi böhran yarandı. Paşinyan istefaya getdi və təxminən iki ay sonra yeni parlament seçkilərin keçirilməsinə qərar verildi.

Bu gün Ermənistanda yaranan siyasi böhranın bir səbəbi də ABŞ-da yaşayan erməni lobbisi ilə Rusiyada yaşayan erməni lobbisinin qarşıdurmasından qaynaqlanır.

ABŞ prezidenti Baydenin “soyqırım” açıqlaması Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb, bu seçki prosesində ABŞ-da yaşayan erməni lobbisinin dəstəklədiyi siyasi qüvvələrə dəstək nümayişidir. ABŞ-da yaşayan erməni lobbisinin namizədinə elə ABŞ-ın namizədi deyə bilərik.

Baydenin “soyqırım” açıqlaması bir siyasi bəyanatdır, heç bir hüquqi əhəmiyyət daşımır, sadəcə könül bulandırır. Türkiyə tərəfi “erməni soyqırımı” iddiasının köklü həlli üçün arxivlərini dünya ictimaiyyətinin üzünə açıb.

Türkiyə bu barədə rəsmi mövqeyini orduya qoydu ki, problemi tarixçilər araşdırsın, kimin günahkar olması, bir sözlə, həqiqət üzə çıxsın. Türkiyə dövlətinin bu çağırışı istər ermənilərin, istər Qərbin, istərsə də ABŞ-ın maraqlarına uyğun deyil, çünki onlar həqiqət axtarmırlar, onlar üçün həqiqət maraqlarının təmin olunmasındadır”.

A.Məsiyev bildirib ki, ABŞ öz keçmişinə, bu gününə və gələcəyinə baxsa, daha məqsədəuyğun olardı: “ABŞ-ın uzaq keçmişdə törətdiyi soyqırım cinayətləri az deyil. Hindi xalqının başına gələnləri tarix unutmayıb, qırmızı dərilərin qətliamı barədə ABŞ-ın Texasdakı Hindi Soyqırımı muzeyində kifayət qədər faktlar saxlanılmaqdadır, 1945-ci ildə Yaponiyanın iki böyük şəhərinə - Xirosima və Naqasakiyə atılan atom bombasından təxminən 500 min insan ziyan çəkib, bu insanlar arasında az yaşlı uşaqlar, qocalar, qadınlar var idi.

Onlardan təxminən 300 minə qədəri ölmüş, 200 mindən artığı yaralanmış, eyni zamanda insanların şəxsi mülkləri dağıdılmışdı və bu günə kimi həmin şəhərlər radiolokasiyadan əziyyət çəkməkdədir. Bundan başqa ABŞ-ın Vyetnamda, Koreyada, Kambocada və Laosda, İraqda törətdiyi qətliamlar barədə faktlar dünya ictimaiyyətinin yadından çıxmayıb”.