Vaşinqtonda azərbaycanlı və türklərdən ibarət bir qrup insan ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsinə qarşı etiraz aksiyası keçiriblər.
Yerli KİV-in məlumatına görə, Türk Amerikan Dərnəkləri Assambleyası təşkilatçılığı ilə keçirilən aksiya Türkiyə səfirliyinin Vaşinqtondakı tarixi iqamətgahının qarşısında baş tutub.
Əraziyə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gələn yüzlərlə aksiya iştirakçısı ermənilərin tarix boyu türklərə qarşı apardığı soyqırım siyasəti haqqında yerli sakinlərə məlumatlar veriblər.
Nümayişçilər ermənilərin Azərbaycanda vəhşiçəsinə qətlə yetirdiyi günahsız insanların fotolarını nümayiş etdirib, “Ar olsun Ermənistan”, “Erməni soyqırımı tarixi yalandır”, “Xocalıya ədalət”, “Erməni yalanını dayandırın” “İcazə verin tarix danışsın” kimi şüarlar səsləndiriblər.
Aksiyanın keçirildiyi əraziyə gələn erməni diasporunun Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Federasiyasının (AYF) üzvləri təxribat törətməyə cəhd ediblər. Onlar ABŞ polisinin müdaxiləsinə baxmayaraq türk icmasının toplaşdığı əraziyə hücum çəkiblər.
Polis aksiyanın keçirildiyi yerə gələn bütün yolları nəqliyyat vasitələri üçün bağlayıb və ermənilərin önünü kəsərək onların təxribatının qarşısını alıb.
Yolun polis baryerləri ilə tamamilə bağlanıldığını görən ermənilər Türkiyə səfirliyinin binasının önünə axın ediblər. Onların təxribat niyyətləri baş tutmayıb və üç saat davam edən aksiya insidentsiz ötüşüb.
© 2020 - Created by İLK XEBER.