Rusiya Türkiyənin Ukraynaya “Bayraktar” satmasından, şübhəsiz ki, məmnun deyil. Kreml bunu açıq şəkildə büruzə verməsə də, Ankaranın bu siyasətini təqdir etmir. “Yeni Müsavat” bildirir ki, hətta Türkiyə Rusiyaya da həmin pilotsuz uçuş aparatlarını (PUA) almağı təklif edib. Amma Rusiya hərbi sənaye kompleksinin rəsmisi bildirib ki, “Bayraktar” almaq plana daxil deyil, çünki özümüzün “Orion” PUA-ları var".
Bir sözlə, türk silahından imtina edilib. Bunun səbəbi nədir? Halbuki Türkiyə Rusiyadan bəzi silahlar alır. Məsələn, “S-400" zenit-raket komplekslərini. Buna görə hətta ABŞ-la münasibətləri korlanıb. Amma Rusiya analoji addımı atmır, adekvat münasibət sərgiləmir. Son illərdə iki dövlət arasında əlaqələrin yaxınlaşması da əsas yaradır ki, hərbi-texniki tərəfdaşlıq qarşılıqlı şəkildə davam etsin.
Bəzi müşahidəçilərin fikrincə, Rusiya türk modern silahını hərbi arsenalına daxil etməyi özünə sığışdırmır, yaxud yaraşdırmır. Habelə, Kreml qlobal silah satıcısı imicinin zədələnəcəyindən ehtiyat edir.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın özü 2008-ci ildən bu sahədə ixtisaslaşmış ölkələrdən biridir: “Doğrudur, Rusiyada silahlı PUA-lar deyil, o mərhələyə çatmayıblar, amma bu sahədə müəyyən layihələr həyata keçirirlər. Hələ 2000-ci ilin əvvəllərindən bu işlərə başlayıblar. Hətta helikopter dizaynda ”K-37" PUA-lar istehsal edirlər. Bu silahdan Rusiyanın Gürcüstanla müharibəsində istifadə olunub. Eyni zamanda, Rusiyanın “Forpost” və “Orlan” adlı məşhur pilotsuz uçuş aparatları var. Həmçinin, “Dazor” adlı pilotları da var, yəni bu sahədə ixtisaslaşıblar".
Ekspert hesab edir ki, “Bayraktar” tanınmış pilotsuz uçuş aparatıdır, 44 günlük müharibədə də ondan uğurla istifadə edildi, ancaq dünyada üç ölkə bu sahədə qabaqcıldır: “Birinci yerdə İsrail dayanır, dünyanın PUA tələbatının 60 faizini onlar ödəyir. Digər iki yer isə ABŞ və Kanadaya məxsusdur. Rus silahı çar Rusiyasının bazasında formalaşmış müdafiə sənayesi kompleksidir. Bu, daha çox ağır və strateji təyinatlı silah sənayesini özündə cəmləşdirib. Böyük ərazilərin müdafiəsi üçün taktiki raket kompleksləri sənayesinə malikdir. Türkiyənin bu imkanları yoxdur və onlara ehtiyacı var. Bu reallığı demək lazımdır.
Digər tərəfdən, Rusiya heç vaxt silahı xaricdən almır, özləri yaratmağa çalışırlar. Etiraf etmək lazımdır ki, Rusiyada müdafiə sənayesini situmullaşdıran kimya, fizika potensialı çox yüksək səviyyədədir. Bu baxımdan Rusiya həm də fikirləşir ki, Türkiyədən “Bayraktar” alması öz imicinə mənfi təsir edər, ondansa özü istehsal edir".
Mövlud Çavuşoğlu
Qeyd edək ki, 20 apreldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Eyni zamanda, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib. Mediada gedən xəbərlərə əsasən, Rusiya Müdafiə Nazirliyi, Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan və artıq real döyüşlərdə öz taktiki-texniki xassələrini sübut etmiş “Bayraktar TB2" (Taktik Blok 2) zərbə PUA-dan qorunmaq üçün ölkənin qərb hissəsini müdafiə edən Qərb Hərbi Dairəsinin (QHD) qoşunlarını ”Tor-M2" ZRK ilə yenidən silahlandırır. “Tor-M2" ZRK müasir hava təhdidlərinə qarşı effektlidir, qanadlı raketlər, zərbə PUA-ları və idarə olunan aviasiya bombaları ilə silahlanmış yüksək texnoloji düşmənlə mübarizə aparmaq üçün nəzərdə tutulub.
Müdafiə Nazirliyi ilə “Kupol” İjevsk elektromexanika zavodu arasında 2019-2027-ci illərdə “Tor-M2" və onun Arktika versiyası ”Tor-M2DT" ZRK-nin böyük partiyasının istehsalı üçün müqavilələr imzalanıb. İmzalanmış iki müqavilənin dəyəri 1,3 milyard ABŞ dolları təşkil edir. Quru Qoşunlarının Baş Komandanı ordu generalı Oleq Leonidoviç Salyukovun sözlərinə görə, “Tor-M2” ZRK düşmənin taktiki PUA-larına qarşı ən təsirli vasitədir.
© 2020 - Created by İLK XEBER.