"Bunu niyə yadıma saldınız, indi ağlayaram" - Məmməd İsmayılla BİR YAZ SÖHBƏTİ - MÜSAHİBƏ

Özündən əvvəlkilər üçün “dünyaya çığır açan”, qapısını ağacdələnlər döyən, hərdən “Mən şair deyiləm atam, qardaşım” deyib Allahdan “sözünü geri istəyən”, hərdən də “Gəzmək istәyirәm dünyanı yazda, Hələ yaşamağa dəyər bir az da” deyib ondan ömür möhləti uman, “Haqdan gələn şairin səsi qürbətdən gələr” deyə ömrünün neçə-neçə yaradıcı ilini Azərbaycandan uzaqda keçirən Məmməd İsmayıl Vətənə gəlib.

“Nə yaxşı ki, Vətən var, yaddan çıxdığın yerdə” desə də, burda nə onun özü, nə də sözü unudulub.
Amma söhbətimizə müdriklik yaşını haqlayan şairin redaksiyamıza güzarına vəsilə olan oğlu Ülvi İsmayıldan başladıq. 
Ata ilə oğul arasında dəli-dolu gəncliklə olğun yaş arasında təzadlı fərqlər olsa da, maraqlı, fərqli və gözəl bir bağ var. Məmməd bəy bunu öz təbirincə belə anladır:

 

 
Oğluma bir telefon qədər yaxınam...
 
- Uşaqlıqda anam köynəyimin yaxasına üçkünc dua tikmişdi. Bir dəfə kənddə məktəbdən qayıdan da yaşıdlarımdan biri ilə mərcə gəlib güləşdim. Onu yıxdım, amma yanında ona qahmar çıxan bir yoldaşı vardı, dostuna ürək-dirək verirdi. Ona dedim istəyirsən səninlə də güləşə bilərəm. O da gözlənilmədən, mənə sənin nəyinlə güləşəcəm, xəstənin birisən. Dedim, xəstə özünsən. Dedi, mən xəstə olsam, mənim də yaxamda sənin kimi dua olardı. Onun bu sözü mənə bərk yer elədi. O vaxt anam kolxozda işləyirdi. Axşama kimi gözlədim, evə gələndə dedim ki, bu duanı yaxamdan  çıxar. Uşaqlar buna görə məni lağ eləyir. Anam dedi ki, yox, dəymə, qoy qalsın. Mən də qayıtdım ki, sən çıxarmasan, özüm onu cırıb atacam. Anam gördü əl çəkmirəm, qayçı ilə əvvəl üstündəki parçanı, sonra da içərisindəki dərini kəsdi. İçindən kağızı çıxarıb mənə uzatdı, dedi, al, oxu. Mən də dedim ki, ay ana, mollanın yazdığından nə anlayıram ki, oxuyum da? Anam qayıtdı ki, molla yazmayıb, atanın məktubudur. Sən demə, anam atamın məktubunu dua kimi yaxama tikibmiş. Onun arzusu olub ki, mən böyüyüb məktəbə gedim, o məktubu oxuyum.  Mən belə bir ortamda böyümüşəm. Yəni bu mənada oğlum Ülvi məndən çox-çox şanslıdır. Onun həm fiziki, həm də mənəvi atası var. Adama deyərlər, kopoyoğlu, ta nə istəyirsən? (gülür) 
Deməyim odur, mən Ülviyə bir telefon zəngi qədər yaxınam.
 
Dünyanın ən yaxşı anası...
 
- Bəlkə də həyatınızda Sözə sevgi, tutqu da məhz ananınızın duaya çevirdiyi o məktubla başlayıb...
 
- Gerçəkdən, anam çox mübarək qadın idi. Onunla bağlı kövrək, ürəyimi yandırıb-yaxan xatirələrim çoxdur. Demək, uşaq vaxtı Tovuzda Sevil adlı bir qızı istəyirdim. İndi fikirləşirəm ki, ay Allah, mən onun nəyini sevmişəm görən?  Amma o zamankı Məmməd İsmayıla get de görək, buna inandıra bilərsənmi?!

Nə isə... Qızla danışdıq. Dedik, bir yerdə kinoya gedərik. Həm də kinoya rəfiqəsi və qardaşıyla gələcəyini də deməyi unutmadı. O vaxt kinonun da pulu 20-30 qəpik idi. Mənim də cibimdə siçanlar oynayırdı, pul hardaydı o vaxt, qəpiyim də yoxdu. 
O zaman   Tovuzdan Əsriyə 18-19 kilometr yol vardı.  O palçıqlı yolu paypiyada gəldim kəndə. Adama deyərlər ki, bu qız da, onun yanındakılar da rayon mərkəzində yaşayılar, ayaqları təmiz, əyin-başları təmiz. Sən yetim kəndli oğlu onlarla necə rəqabətdə ola bilərsən, axı? Kimə deyəsən?! Öz-özünə söz keçirmək olmur ki?! Nə isə, gəldim evə. Anama təcli 2-3 manat pul lazım olduğunu dedim.  Anam, o qonşuya getdi, bu qonşunun qapısını döydü. Sağdan əliboş qayıtdı, soldan əliboş qayıtdı. Dedi, ağrın alım, narahat olma, tapacam sənə lazım olan pulu. Yazıq anam...


Məni kövrəltdiniz, çox ağır xatirədir bu. Hardan yadıma saldınız, ağlayaram indi... 
Təsəvvür edin, fevral ayıdır, səhər qalxdım ki, bir qar yağır, qarı tut, göyə çıx. Amma tarda anac toyuq evdə də anam yoxdur. Anam o başdan toyuğu vurub qoltuğuna Tovuza bazara gedib.  Kino saat 4-də olacaqdı. Saat 9 oldu, 10 oldu, 11, 12, 1 oldu, anam gəlib çıxmadı. Bildim ki, kinoya gedə bilməyəcəm.


Bəs, niyə, fikrimi o illər çəkir?
O illər ömrümün varı - yoxuydu,
Onda nakam olan eşqimiz təki,
Yerlərlə, göylərin fərqi çox idi.
Açıl, qayğılara qarışan başım
Nə qoyub gedirdin ilin yazında?
O mənəm, o mənim 18 yaşım,
Süzülür şəhərlə kənd arasında.
Yağdı qar göylərdə axtardıq günü
Səma da, torpaq da  gümüşü oldu.
Yox, biz görüşmədik o görüş günü
Yerlərlə göylərin görüşü oldu...
...O şirin ağrılar yatır dərində
Ay ötür, il keçir dilə gəlirəm.
Sən hələ qalmısan görüş yerində,
Mən hələ   gəlirəm, hələ gəlirəm...

Demək, o qız orda qardaşıyla, rəfiqəsiylə gözləyir, mən də burda pərişan, peşman.

Özümü qınayıram, deyirəm, dağılsın bu dünya, kahr olsun, gerçəkdən. Necə açı həyatdır, neynəyə bilərsən?! Axşama doğru bir ayaz başladı ki... Yazıq anam, hava qaralıb, hələ gəlib çıxmayıb. Gördüm yaxınlığımızdakı kənd yollarında itlər hürür. Qaranlıq da düşüb. Anamdı gələn, əynindəki on dörd taxtalı tumanın ətəklərini gündüz qarın suyu isladıb, axşam isə ayaz dondurub. Gördüm, anamın mənə baxmağa üzü yoxdur, qoltuğundakı toyuq da bir kino puluna getmədiyinə görə elə bil xəcalət çəkib başını aşağı salmışdı. 


       Yadımdan çıxarmı o qış, o soyuq,
       Yüz  ümid alışa, yüz ümid yana.
       O pula getməyib büzüşən toyuq
       Bazardan peşiman qayıdan ana...
 
Ürəyimdə özümü o qədər danladım ki...
Həqiqətən də mənim anam dünyanın ən yaxşı anasıydı. İndi elə analar yoxdur ki...
Haqlısız, uşaqlığımı yada salan hər xatirədə ANAM, bir də SÖZ var...


Yeri gəlmişkən, bir Musa müəllim vardı, rayon qəzetinin redaktoruydu. O, ədəbiyyat dərnəyi təşkil eləmişdi. Mənim də o zaman 16 yaşım vardı. Kəndə, poçta bir məktub gəldi. Məktubun üstünə adımı mətbəə şirifti ilə yazmışdılar:  “hörmətli Məmməd İsmayılov...” 
Anam o məktubu görəndə öpüb gözünün üstünə qoydu. 

İlk dəfə idi ki, məni ədəbiyyat dərnəyinə dəvət edirdilər. Anam olandan-qopandan mənə əyin-baş düzəltdi. O zamanlar indiki kimi deyildi kəndə ayda, ildi bir maşın gələ, ya gəlməyə. Hərdən-birdən meşədən odun gətirməyə gələn olsa, olardı, yoxsa yox.  Anam səhər tezdən məni oyatdı ki, anan ölsün, tez hazırlaş, meşələr odun gətirməyə bir maşın maşın getdi, harda olsa bir azdan qayıdacaq. Anam əyin-başımı qaydaya salmış, mən də şeir dəftərimi  hazırlamışdım.Dağ tərəfrən odun maşının səsini eşidən kimi  analı-balalı  yola çıxdık. Şofer əvvəlcə maşını saxlamaq istəmədi. Sonra nə fikirləşdisə, əyləci basdı. Maşının  təzə təkərlərin qar üstünə saldığı iz indiki kimi gözümün qabağıdadır. Hərdən fikirləşirəm ki, şofer  maşını dayandırmasaydı və mən dərnəyə gedə bilməsəydi,görəsən nə olardı?! Kabinədə yer olmadığından çıxıb odunun üstündə oturdum. Əynimdə palto yox,  qalın geyimim yox... tir- tir titrəsəm də dözüb duracaqdım. Maşın gedirdi, gözüm anamda qalmışdı. Anamın dodaqları qımıldayırdı, yəqin ki, arxamca dua oxuyurdu, uğur diləyirdi. Nə başını ağrıdım, getdim, soraqlayıb redaksiyanın yerini tapdım. Gördüm ki, Aşıq Əkbər, Azaflı Mikayıl,Şair Həsən Mülkülü, Aşıq İmran, Şəmşad Rza, Aydın Qurbanoğlu,Telman Tovuzlu ordadır. Aralarında məndən gənci yox idi. Oturduq, başladı hərə öz şerini oxumağa. Söz yaşlıllara verilir, onlar da şeirlərini oxuyurdular. O dəmdə yadıma düşdü ki, tələsikdə şeir dəftərimi evdə qoymuşam. Ta neynəyəsən... Birindən kağız, birindən qələm aldım. Yadımda qalan şeirlərdən bir-ikisini kağıza yazmağa başladım. 

Çöldə də elə soyuq vardı ki, pəncərənin şüşəsi ayazdan tor bağlamışdı. Aradan iki-üç saat keçmişdi ki, qapı yavaş-yavaş döyülməyə başladı. Musa müəllim lağlağı ilə qayıtdı ki, bu gecikən şair bir başqa şairdir a... O sözü bir az da kobud dedi. Mən onu burda təkrarlamaq  istəmirəm. Qapı yenə bir-iki dəfə döyüldü. “Gəl” sözündən sonra qapı çırıldadayıb, açıldı. Anamın başı göründü. Dünya başıma fırlandı. Girdi içəri, Musa müəllim anamı tanıyırdı, bizə uzaq qohumluğu vardı. Dedi, ay Gülzar,  sən nəyə gəlibsən? Anam da qayıtdı ki, anası ölmüş tələsib, dəftərini evdə qoyub gəlib. Qarlı, boranlı havada oğlunun ilk uğuru daşa dönməsin deyə 16-17 kilometr yolu maşının arxasınca payipiyada qaça-qaça gələn bir ana. Düşünün o fədakar və cəfakeş qadın mənim anam idi.


Mən barsız söyüd ağacının meyvəsiyəm...
 
Anam atamdan əvvəl iki dəfə ərdə olub. İkisində də uşağı olmayıb. Qayınanası, qayınatası oğullarına “bu barsız söyüd ağacıdır, bunun nəyini saxlayırsan” deyib.  Anam da şələ-küləsini yığıb dədəsi evinə qayıdıb.
Mənim gələcək atam da namus üstdə kəndin ortasında adam öldürüb həbsxanada yatıbmış. Cəza evindən çıxandan sonra Xatın bibim vasitəsiylə gələcək anama məktub yollayıb. Anam məktubu götürmək istəməyib. Bibim də deyib ki, aç oxu, qaynım göndərib, bəxtin açılıb. Anam da qayıdıb ki, baxtım qara daşa dönsün. Əgər bəxtim olsaydı, iki dəfədən birində uşağım olardı. 
Üstündən bir az keçib, ot biçimi vaxtıymış. Anam bulaqda əllərini yuyurmuş. Atam anamın qabağını kəsib, deyib, a rustamlı qızı, niyə məktubuma cavab vermirsən? Anam da deyib ay qardaş, sən hara, mən hara?!  Mən barsız söyüd ağacıyam. Məndən sənə nə xeyir? Atam deyib ki, Allah istəsə, meyvəsiz söyüd ağacı da  verər. Sonra əmim babam Qafar kişinin yanına gedib. O rəhmətlik çox mübarək adam idi. Babam anama deyib ki, ay günün ağ olmasın, bu adam sənin qismətindir. Yox demə, Mürşüd dəlinin biridir. Qardaşı Şəmşad kişiylə də haqq-sayımız var, o mənim qapıma gəlib. Ona “yox” deyə bilmərəm!

Nə isə... Atamla anam evləniblər, 9 aydan sonra dünyaya bir oğlan gəlib, o da Məmməd İsmayıl olub. Beləcə, mən, barsız söyüd ağacının meyvəsi oldum.
 
- Bütün ömrünüz, yaradıcılığınız boyu hiss olunan mübarizliyiniz, ötkəmliyiniz, barışmazlığınız da atanızdan keçib, deyəsən? 

- Əsl şair, əsl yazıçı dünyada ən özgür adamdır. Nizami Gəncəvi 12-ci əsrdə yaşayıb. “Xəmsə”dəki 4 əsərini məliklərin, padşahların sifarişi ilə yazıb. Yalnız “İskəndərnamə” sifarişsiz yazılıb. Sonra padşahlar görüblər ki, şairlərin hörməti onlardan üstündür. Düşünüblər ki, qoy, elə biz özümüz də şair olaq, həm sözümüz olsun, həm də padşah olaq. O zaman nolub?! Şah İsmayıl Xətai gəlib, Özbəkistanda Hüseyn Baykara, Əlişir Nəvai yetişib. İstanbulda isə Sultan Yavuz Səlim doğulub. Bu o deməkdir ki, şair hər halı ilə hakimiyyətdəkilərdən daha böyük adamdır. Yenə də deyirəm, əgər o həqiqi yazıçı, həqiq şairdirsə. Çünki Allah başqalarına vermədiyi payı ona verir. Əlbəttə, deyə bilərsiniz ki,tanrı  padşahlara da, məsələn, İlham Əliyevə də pay verdi, o da gedib Şuşanı aldı. Təbii, bu, çox böyük paydır. Məhəmməd Peyğəmbər deyir ki, İstanbul enində-sonunda fəth olunacaqdı. O şəhəri fəth edən komutan nə mübarək komutan, o şəhəri fəth edən ordu nə mübarək ordudur! 
Bu mənada Şuşanın alınması həqiqətən də böyük hadisədir. Yəni bu anlamda mənə pay verən Allah da  məni bu təbiətdə yaradıb. Bu, qəhrəmanlıq-filan deyil. Şair, yazıçı bir Allaha müxalif olmamalıdır. Yerdə qalan hər kəsə müxalif ola bilər.
 
Qızım İntizar sevdiyim şairlərdən birindən müsahibə alıb, o da deyib ki, biz hamımız dəyişdik, bircə sənin atan dəyişmədi. Olduğu kimi qaldı. Blokun bir sözü var, “U poeta net karyerı, u poeta est sudba”. Yəni əsl şairin karyerası yox, qədəri var.  
 
Kim açıb, açılan bu nә bazardı,
Kim qaldı, kim aldı, satdı, nә bilim?
Hamının canına düşәn azardı,
Addı, mükafatdı, zaddı, nә bilim?
Mәn şair deyilәm, atam-qardaşım.
 
Yəni bu, qəhrəmanlıq-filan deyil. Niyə Nizami Gəncəvini 50 yerdən dəvət elədilər, o şah sarayına, bu şah sarayına. Gəncədəki o daxmasında qaldı, yaşadı, dünyaca ün qazandı. 
 
Xəyallarımın şəhəri - Şuşa...
 
- Şuşadan söz düşmüşkən, bu səfərinizdə ora getməyi düşünürsüzmü? 

- Bir sözüm var, demişəm ki, 

Yurdun sinəsində Şuşa ürəkdir. 
Yaşaya bilərmi ürəksiz ölkə...
 
Şuşa mənim xəyallarımın şəhəridir. Orda dəfələrlə olmuşam. Siz onda həyatda yox idiniz. O zaman “Odlar diyarı” adlı bir veriliş vardı. Hayıf ki, o zamankı lentləri saxlamaq mümkün olmayıb. O veriliş ilk milli proqram idi. Minlərlə məktub gəlirdi.
 
Yeri gəlmişkən, Azərbaycan televiziyası tarixində ilk “Qızıl qələm” mükafatını mən almışam, həmin o verilişə görə. İndi o mükafatı satırlar...
 
O zaman Şuşa, Daşaltı, İsa bulağı haqda bir veriliş hazırlamışdıq. Sonralar da ora gedib-gəlmişəm. Əlbəttə, Şuşaya getmək istəyirəm. Həm də necə istəyirəm, necə arzulayıram...
Mən Şuşa hadisələrində iki ay əvvəl verdiyim müsahibənin  sonunda yazmışdım ki, mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəm.
Çox şükür, qismətimdə bu günü görmək də varmış. Qarabağın, Şuşanın azad olunduğunu görmək nəsibim oldu.

Rəna CUMAQIZI
Foto: Fərid Şabanov