Qloballaşan dünyada hər bir xalqın qloballaşmaya verdiyi töhfə və aldığı dəyər həmin xalqın inkişaf tendensiyasına uyğun olaraq özünün elm, təhsil və milli-mənəvi dəyərlər göstəriciləri ilə ölçülür. İnkişaf etmiş cəmiyyətlərdə elm, təhsil və din dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Yəni dünyəvi baxışlarda dini dünyagörüş olduğu kimi, dini düşüncələrdə də elmi dünyagörüş çox vacibdir. Çünki dünyəviliyin rüşeymləri ilk dəfə bəsit, kortəbii dini düşüncələrin daxilində yaranaraq inkişaf etmişdir. Belə ki, nitq qabiliyyəti olmayan ilk ibtidai insanların meydana gəldiyi zamandan qeyri-adi qüvvələr, gözəgörünməz varlıqlar həmişə onlar üçün real həyat görüntülərindən daha maraqlı , eyni zamanda qorxulu olmuşdur. Lakin qorxu və maraq, reallıqla gözəgörünməzlik sərhədində formalaşan qəbilələr tayfa kimi, tayfalar isə xalq kimi formalaşaraq, bəşərriyətə öz milli-mənəvi dəyərlərini əks etmişdilər. Ən güclü tayfaların totem inanclarından doğan simvollar ilahiləşdirilmiş və sonucda kütlənin inancına çevrilmişdir. İlahi inanclardan formalaşmış mədəni dəyərlər isə qısa zaman içində din formasında sərhədlər keçərək zor və ya xoşluqla yayılmağa başlamışdır. Yeni din qəbul edən xalq öz keçmiş inanclarının üstündən tamlıqla xətt çəkməmişdir. Əski inancları mümkün qədər yeni inanclarla uyğunlaşdırmağa, kəsişdirməyə çalışsalarda, uyğunsuzluqlar da olmuşdur. Tarixən mövcud olmuş dövlət və imperiyaların ideologiyasında din faktoru önəmli yer tutduğundan, həmin qüdrətli dövlətlərin inkişafında və zəifləməsində din amilinin xüsusi yeri olmuşdur.
Müxtəlif dinli eyni xalqların və eyni dinli müxtəlif xalqların bir ərazidə, eyni dövlət tərkibində yaşaması üçün yüksək tolerantlıq, dini və milli dözümlülük şəraiti mütləqdir. Milli və dini tolerantlığın mövcud olmadığı cəmiyyətlərdə daim ekstremizmlər və seperatçılıqlar baş qaldırır. Ekstremizmin milli formasından daha qorxulusu və təhlükəlisi dini ekstremizmdir. Çünki milli ekstremizm görünən sərhədlər daxilində olduğu halda, dini ekstremizm keçici təsirlərə yuvarlana bildiyindən sonsuza qədər gedə bilər. Cəmiyyətdə belə meyillərin yaranmaması üçün dövlət dini, milli və irqi müstəvidə özünün tolerantlıq qarantını nümayış etdirməlidir. Tolerantlığın yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi üçün eyni dövlətdə yaşayan xalqların və onların ibadət etdikləri dinlərin, məzhəblərin kəsişən, üzləşən adət-ənənələri önə çəkərək, bu əlaqələr dözümlülük prinsipləri əsasında bir-birinə inteqrasiya etməlidir. Dövlətin sosial bazası olan xalq, həm də hakimiyyətin sağlam seçici elektratı olduğundan milli və dini kontekstdə tolerantlıq mövcud olmasa nəticədə narazı təbəqə kortəbii formada ölkədən kənar qüvvələrin təsirinə düşərək açıq və ya gizli formada öz ölkəsinə qarşı təşkilatlanacaq.
Bucür bəlalı vəziyyətdən xalqı dəmir iradəli, güclü siyasətə və yüksək vətən sevgisinə malik milli və siyasi lider qurtara bilər. Çox təəssüflər olsun ki, belə bir olaylar 1993-cü ildə Azərbaycan Respublikasında yaşanmışdır. Məhz xalqı bu bəladan Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev xilas etmişdir.
Müstəqillik illərində milli-dini dəyərlər
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilərkən Azərbaycan xalqı dövrün ən çətin və təhlükəli dönəmini yaşayırdı. 1960-70-ci illərdə yetişmiş, özləri də bilmədən dövrün siyasi repressiyalarından Heydər Əliyev qüdrəti ilə himayə edilmiş, həbs düşərgələrində belə qorunmuş insanlar xalq hərəkatının önünə keçdilər. Xalqın 70 illik istiladan doğan aqressiv coşqusunu xalq hərakatına rəhbərlik edən liderlər nizamlaya bilmədi. Dissidentçilik düşüncələrinin təsiri altında, milli ideologiyanı yad təsirlərdən qoruya bilməyən hərakatçılar qızışmış kütləni idarə etməkdə aciz idilər.
Ölkədə sənayenin və ümumi iqtisadiyyatın zəifləməsi ilə sosial ziddiyyətlər gücləndiyindən, dini müstəvidə kifayət qədər boşluqlar yaranmışdır. İmperiya əsarətindən çıxmış xalqın dini dünyagörüş səviyyəsi yetərincə olmadığından milli-mənəvi, milli dini dəyərlər fonunda qeyri-ənənəvi din və təriqətləri təbliğ edən missioner təşkilatlar çox asan formada fəaliyyətlərini şaxələndirmişdilər. Xüsusən yeniyetmə və gəncləri asanlıqla ağuşuna ala biləcək neqativ dini ideologiyalar daha güclü təsirə malik idi. Belə ki, müharibənin gətirdiyi fəlakətlər nəticəsində valideyn nəzarətindən kənarda qalan 16-20 yaşlı gənclər əsasən prinsipləri zorakılıq və qəddarlıq olan belə ideologiyaların qurbanına çevrilirdilər. Böyük problemlər məngənəsində sıxılan siyasi hakimiyyət milli-mənəvi dəyərləri yad təsirlərdən qoruya bilmirdi. Ölkədə milli və dini dözümsüzlüyün, tolerantlığın inkişaf etmədiyi milli təhlükəsizlik problemlərinin fonunda daha qabarıq görsənirdi. Hakimiyyət boşluğundan istifadə edən separatçı qruplaşma aqressivcəsinə dövlət əleyhinə fəaliyyət göstərirdilər. Terror və cəmiyyətin sabiyliyini pozan digər təhlükələr milli və dini qarşıdurma elementlərini daha da dərinləşdirmişdi.
Xalqın israrlı tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xalqı düşdüyü bəladan qurtarmaq üçün iki prioritet istiqamət müəyyən etdi: nədən başlamaq və necə başlamaq? Bu istiqamətlərin konturları bəlli olsa da siyasi, milli-dini baxımdan qarşı-qarşıya dayanmış xalqın aqressivliyi və əlinə silah keçmiş hərbixuntaların təhlükəli davranışı proseslərin həllini çətinləşdirmişdi. 1992-1993-cü illər siyasi hakimiyyətində mövcud olan gərgin daxili və xarici vəziyyət Azərbaycandakı milli-mənəvi dəyərləri də təhlükə altına salmışdı. Cənubdan və şimaldan keçə biləcək yad dini cərəyanların milli-mənəvi və mili-dini dəyərlərə təsirinin qarşısını almaq qeyri-mümkün idi.
Ulu Öndər Heydər Əliyevin balanslı daxili və xarici siyasəti nəticəsində Azərbaycanda uğurlu dövlət və din münasibətləri quruldu. Məscidlərin, kilsələrin, sinaqoqların və başqa ibadət yerlərinin tikilməsi, bərpası, din və dövlət arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkədə müxtəlif dinlər və məzhəblər arasında həqiqi tolerantlıq münasiblətlərinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və s.məsələlər baxımından dövlətin yeni nəzarət və inkişaf qurumunun yaradılması zərurəti meydana gəldi. Beləliklə, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarxixli 512 saylı fərmanı ilə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahatlar həyata keçirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Bu gün Ulu Öndərin memarı olduğu müasir Azərbaycan möhkəm təməllər üzərində qurulduğundan, heç bir yad ideoloji təsirlərə əyilməyərək, cənab Prezident İlham Əliyevin dinamik inkişaf strategiyası ilə daha uğurlu gələcəyə doğru getməkdədir.
Qeyd: Məqalə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında “Heydər Əliyev irsi: Azərbaycanda Dövlət-Din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.
Babayev Şahid Fərhad oğlu,
Lənkəran rayonu Daşdatük kənd məscidi dini icmasının sədri
© 2020 - Created by İLK XEBER.