“Yastıq, yorğan, döşəklər, yataq dəstləri rahatlığı ilə bərabər orqanik məhsullardan hazırlanmalıdır"
Müsahibimiz Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü, “Vefam Dizayn” şirkətinin təsisçisi Vəfa Əkbərova ixtisasca ingilis dili müəlliməsi olsa da, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Uzun illərdir orqanik tekstil məhsullarının istehsalını və satışını həyata keçirir. Həmsöhbətimiz deyir ki, “Vefam Dizayn” fəaliyyətə 2003-cü ildən başlasa da, özü şirkətin sıralarına sonradan qoşulub. Şirkətin yaranma tarixi isə anasının adı ilə bağlıdır. Ətraflı müsahibəni izləyin...
- Necə oldu ki, “Vefam Dizayn”la sahibkarlıq fəaliyyətinə başlamağa qərar verdiniz?
- 18 ildir ki, “Vefam Dizayn” şirkəti fəaliyyət göstərir. Şirkət tekstil sahəsində ixtisaslaşıb. Əsasən yorğan, döşək, yastıq və bu qəbildən olan olan məhsulların həm istehsal, həm də satışını həyata keçiririk. Şirkəti ərsəyə gətirən anam olub. Yenicə yarandığı dövrdə şirkət sintetik, yun, tük və s. məhsulları istehsal etsə də, mənim rəhbərliyə gəlişimdən sonra yalnız orqanik məhsullar istehsal etməyə başladıq. Bu qərara gəlməyimə səbəb apardığım araşdırmalar oldu. Məlum olanda ki, sintetik məhsullar sağlamlığa əhəmiyyətlə dərəcədə ziyan vurur, müəyyən mənada bazar itirilməyim hesabına olsa da, bundan imtina etdim. O dövrdə bu qərarı vermək asan deyildi. Lakin mən cəsarətli addım atdım və “Vefam Dizayn”ın sevilməsində, seçilməsində, çoxsaylı müştərilərin etimadını qazanmasında mənim o zamankı qərarım mühüm rol oynadı. Biz şüurlu şəkildə müştərilərin sağlamlığını seçdik. Qoyun yunu, dəvə yunu, qu tükü və s. orqanik məhsullardan yorğanlar, döşəklər, yastıqlar istehsal edirik. İstehsal etdiyimiz məhsulların üzərində milli ornamentlərin əksini tapmasına da xüsusi önəm veririk. Buna qədər biz əsasən qida məhsullarının istehsalında təbiətdən gələn məhsul devizinə rast gəlirdiksə, artıq tekstil sənayesində də bu termini gətirməyi bacardıq. Bilirsiniz ki, yun günəş enerjisi ilə qidalanır və canlı məhsuldur. Eyni zamanda bunu qu tükünə də şamil etmək olar. Hazırda paytaxtda iki filialımız fəaliyyət göstərir. Bölgələrdən də orqanik yataq vasitələrinə tələbat, maraq çoxdur.
- Vəfa xanım, istərdik bir qədər ətraflı məlumat verəsiniz. Sintetik məhsullarla təbii məhsulların xüsusi fərqi nədir və bu barədə araşdırmalarınız sizə nə deyir?
- Sintetik məhsullar kimyəvi maddələrdən hazırlanır. Bilirsiniz ki, kimyəvi məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu artıq təsdiqlənib, mübahisə predmeti deyil. Mövcud şəraitdə hər şey maqnit, elektronika, radiasiya ilə əhatə olunub. Yun materialllarda isə bu radiasiyanı əmmə, yoxa çıxarma qabiliyyəti var. Müşahidə aparsanız görərsiniz ki, süni, yəni sintetik məhsullardan hazırlanan yataqlarda elektrikləşmə gedir. Yunda isə qətiyyən belə bir problem yoxdur. Biz yun yataqda yatarkən səhər büsbütün təmizlənmiş şəkildə oyanırıq. Bu bizim gün ərzində enerji balansımızı qorumaqla yanaşı, həm də fiziki və ruhi sağlamlığımızı təmin edir. Eyni zamanda yuxu zamanı bədənin rahat nəfəs almasını təmin edir. Qışda isti və yayda sərin etməklə insanı mövsümi xəstəliklərdən də qoruyur. Sintetik məhsulda isə bu olmadığına görə, insan tərləyir və mütəmadi soyuqlama halları meydana çıxır. Qədim dövrlərdə məhz sağlamlıq məqsədilə yataqların yun məhsullarından hazırlanmasına üstünlük verilirdi. Yun həm də ağrını götürmək xüsusiyyətinə malikdir.
- Milli ornamentlərdən danışdınız. “Made in Azerbaijan” brendi altında məhsullarınızı xarici bazara çıxarmağı planlaşdırırsınızmı?
- Təvüzökarlıqdan uzaq olsa da deməliyəm ki, bazarda aparıcı şirkətlərdən biriyik. Çünki bizim üçün keyfiyyət və müştəri məmnuniyyəti hər şeydən öndə gəlir. Bizim stilimiz orqanik məhsul istehsalı ilə bərabər həm də rahat və modern üslub yaratmaqdır. Məhz bu zəruri keyfiyyətlər bizi fərqləndirir. Bütün bunları nəzərə alsaq, “Vefam Dizayn” şikətinin böyük ixrac potensialı var. Beynəlxalq bazarda XXI əsrin qızıl standartı – Avropa protokolları əsas götürülür. Bütün məsuliyyətimlə deyirəm ki, Azərbaycanda sözügedən sahədə bu meyarlara cavab verən azsaylı şirkətlərdən biri məhz "Vefam Dizayn"dır. Misal üçün yun yorğanların istehsalı da fərqlidir. Əvvəllər yun yorğanlar daha ağır idisə və daşınması çətin olurdusa, biz yüngül və rahat daşına bilən məhsullar istehsal edirik.
- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Maraqlıdır, sahibkar qadınların eyni platformada fəaliyyəti nə vəd edir?
- Mütləq ki, belə bir platforma sahibkar xanımların həyatında müsbət izlər buraxacaq. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bizlərə bir qatqısı, faydası var. Bir sahibkar təklikdə öz işinin sahibidir. Amma Assosiasiya fəaliyyəti bir komanda fəaliyyətidir və xanımlar, xüsusilə gənc sahibkarlar kollektivçiliyi və komanda şəklində işləməyi burda öyrənirlər. İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis edilən Assosiasiya bu vaxtadək müxtəlif uğurlu layihələr həyata keçirib. Bu danılmazdır. Qarşılıqlı mübadilə, birgə təşəbbüslər, sahibkarlığın inkişafı, qadınların stimullaşdırılması, peşə vərdişlərinin artırılması istiqamətində həyata keçirilən təlimlər, ictimai aktivliyi artırmaq baxımından AQSİA-nın yetərincə xidməti var. Bu xidmətlərdən yararlanmaq, eləcə də Assosiasiyaya töhfə vermək əlbəttə, bütövlükdə qadın inkişafına təkan verən faktor rolunda çıxış edir. Bir ildən artıqdır AQSİA ilə təmaslarım olsa da, son dövrlər Assosiasiyaya üzvlüyümü rəsmiləşdirdim. AQSİA gənc sahibkarların fəaliyyətində ciddi əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan xanımının inkişafına öz töhfəsini verir. Təbii ki, bütün bunlar mənim üçün cəlbedici oldu və quruma qoşulmaq qərarına gəldim. İnanıram ki, mən və mənim kimi AQSİA-ya qoşulan sahibkar xanımlar daim AQSİA-nın dəstəyini öz üzərimdə hiss edəcəyik.
- Azərbaycanda qadınların rolu artır. Müxtəlif sahələrdə qadınların sürətli inkişafına şahidlik edirik. Sizcə, bunun səbəbi nədir?
- Hesab edirəm ki, burada müxtəlif amillər yer alır. Artıq dünya dəyişir və biz XXI əsrdə yaşayırıq. Streotiplər qırılmağa başlayır və bu xüsusda qadınların cəmiyyətdə rolunun artması təbii və gözləniləndir. Digər yandan Azərbaycanda son dövrlər qadın hərəkatının genişlənməsi, xanımlara xüsusi diqqət və qayğının göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınların inkişafı, tərəqqisi, öz yerini tapması üçün böyük dəstək göstərir. Ümumilikdə isə ölkəmiz sürətlə inkişaf edir və biz bunun təzahürlərini təkcə qadın hərəkatında deyil, eləcə də bütün sahələrdə hiss edirik.
- Son dövrlər Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir. Bir sahibkar xanım olaraq öz fəaliyyətinizdə bunu hiss edirsinizmi?
- Həm öz fəaliyyətimdə, həm də sahibkarlıqla məşğul olan rəfiqələrimin fəaliyyətində bunu aydın şəkildə hiss edirəm. Əvvəlki dövrlərdə sahibkarlar, o cümlədən mən də süni əngəllərlə qarşılaşırdıq. Müxtəlif satınalmalar və razılaşmalar zamanı bizdən tələb olunan məhsulun keyfiyyəti yox, qarşı tərəfi “maraqlandırmaq” tələb olurdu. Bu isə sözsüz bizi məyus edirdi. Son illər bu tendensiya artıq yoxdur və bu bizim ürəyimizcədir. Heç bir problem yoxdur. Əksinə, dövlət özü maraqlıdır ki, insanlar sahibkarlıqla məşğul olsun, sərmayə yatırsın. Eyni zamanda gənclərə xüsusi diqqət ayrılır. İstər dövlət, istərsə də özəl sektorda gənc kadrlar önə çəkilir, onlara şərait yaradılır, yüksək vəzifələrə gətirilirlər. Hesab edirəm ki, müasir trendlərin yayılması, şəffaf idarəçiliyin təmini baxımından bu olduqca vacibdir.
- Uğur qazanan bir xanım olaraq gənclərə tövsiyyəniz nədir? Uğur qazanmaq üçün nələri etmək lazımdır?
- Hər şeydən vacib istək və bacarıqdır. İnsan əmin olsa ki, istədiyi işi bacaracaq, ona heç nə, heç bir kənar təsir mane ola bilməz. Sözsüz ki, yol asan və rəvan olmayacaq. Hər bir prosesin özündə gediləsi böyük yol var. Bu yolda təslim olmaq olmaz. Təslimçlik məğlubiyyətin birinci şərtidir. Digər şərt təcrübəli insanların əhatəsində olmaq, onlardan öyrənməkdir. Nə qədər təcrübəli, savadlı olsaq da yenə də öyrənmək və çalışmaq lazımdır. Və nəhayət, xüsusilə günümüzdə vaxt qızıldır. Onu boşa xərcləmək olmaz.
Bakı-Baku.az
© 2020 - Created by İLK XEBER.